BolgeXeber.Com » Siyasət » Rus general Muradov terrorçu Araik Arutyunyanı niyə qucaqlayır?

Rus general Muradov terrorçu Araik Arutyunyanı niyə qucaqlayır?

18-12-2020, 00:32
Oxunub: 4 833 Son günlər Rusiya sülhməramlılarının fəaliyyəti xeyli sayda suallar yaradır: Hadrut yaxınlığındakı meşələrdə gizlənən erməni terrorçuları zərərsizləşdirmək üçün sülhməramlılar hansı addımlar atır? Özbaşına “sərhədlər” müəyyənləşdirib xəritələr üzərində manipulyasiya etmək nəyə lazım idi? Bu oyun artıq bitib və öz səhvlərini düzəltdilər. Və indi... Rusiya sülhməramlılarının komandanı, general Rüstəm Muradov əsirlərin qaytarılması zamanı erməni terror qruplaşmalarının rəhbəri Araik Arutyunyanla niyə qucaqlaşıb öpüşür? Harda? İrəvandakı hava limanında! Hər kəsi düşündürən məqamar var.
Ancaq baxıram ki, bəziləri bundan narahat deyil, öz yazı-pozularında rus ordusunun tarixi gücündən, bu günkü mövqeyindən bəhs edərək, belə bir sual da ünvanlayırlar: “General Muradov bizim hərbçilərlə görüşəndə süfrəsinə oturmalı, ermənilərlə görüşəndə yan qaçmalıdır?”. Bəsit yanaşmadır!
Birincisi, Azərbaycan özünü qondarma rejimin rəhbəri adlandıran A.Arutyunyanla bağlı oktyabr ayında 15 maddə üzrə cinayət işi açıb. Azərbaycan bu adamı terrorçu, cinayətkar kimi tanıyır. Yəni, məsələyə bizim baxış prizmamızdan yanaşsaq, deməli, R.Muradov baş terrorçu ilə qucaqlaşıb öpüşür. Yoxsa belə deyil? Bəs görəsən, bu məsələyə “təbii” proses kimi baxanlar hansı prizmadan yanaşırlar? Bu, soyuqqanlı yanaşmadırmı? Xeyr! Amma ortada bir həqiqət var: bizim terrorçu kimi qəbul etdiyimiz şəxsi Rusiya belə qəbul etmir.
İkincisi, R.Muradov nə vaxta qədər Ermənistanın Müdafiə naziri ilə yox, baş terrorçu Araiklə görüşəcək? Bu Araikin Ermənistanda vəzifəsi varmı? Biz Ermənistanı məğlub etməmişikmi? 10 noyabr bəyanatı Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmayıbmı? R.Muradovun Araiki qucaqlamasına "təbii proses" kimi baxanlar bunlar barədə düşünürmü? Heç sual etmirsinzimi ki, bu Araik kimdir? Muradov bölgədəki durumu niyə bu adamla müzakirə edir?
Üçüncüsü, Rusiya prezidenti Putinin “Qarabağ Azərbaycanın tərkib hissəsidir” fikrinə istinad etsək, əslində rus sülhməramlıları  A.Arutyunyanı saxlayıb Azərbaycana təhvil verməli idilər. Çünki Rusiya prezidentinin də etiraf etdiyi kimi, o torpaqlar bizimdir və A.Arutyunyan həm də orada terror siyasəti həyata keçirib, olduğu ərazilərdən, həm də onun əmri ilə Azərbaycanın şəhər və rayonları raket atəşinə tutularaq onlarla mülki insanlarımız öldürülüb.
Dördüncüsü, biz nə danışıqlar masasında, nə də 44 günük müharibədə qondarma rejimi tərəf kimi qəbul etməmişik. Danışıqlar masasında Ermənistanla oturmuşduq, müharibəni də Ermənistanla aparıb məğlub elədik. Bu müharibədə həm də qondarma rejimin bütün dayaqlarını darmadağın etmiş olduq. Amma R.Muradov bütün bunları öncədən düşünməli idi, özü də lap çıxdan. Qondara rejiminin bayrağının altında şəkil çəkdirmədən öncə! Nədir, bəlkə Muradov qondarma rejimi tərəf kimi görür!?
R.Muradovun bizim hərbçilərlə də səmimi fotolar var: eyni süfrədə oturur, qucaqlaşır, deyir-gülür, söhbət edir. Unutmayın, bizim torpaqlarda, bizim süfrəmizdə!
A.Harutyunyanla bu tip görüşlər onun qondarma rejimin rəhbəri kimi “statusu”nun möhkəmlənməsinə xidmət edir.
Və heç şübhəsiz, R.Muradov A.Arutyunyanla özbaşına görüşmür. Rəsmi dairələrdən aldığı təlimat nədirsə, onu da edir.
Daha bir yanaşmaya diqqət edək: “Əgər Muradov Araiklə görüşməsə, tərəf kimi çıxış etmiş olur...”. Amma bircə suala cavab vermək lazımdır: Araik tərəfdirmi? O torpaqlar bizimdirsə və orada bizim qanunlar keçəcəksə, deməli, Araiklə görüş qanunlarımıza hörmətsizlidkir!
Biz sülhməramlıların fəaliyyətinə kölgə salmırıq. Regionda davamlı sülhüm mövcudluğu bizim əsas məqsədimizdir. Və Rusiya ilə münasibətlərin məhvərindən çıxmasının da əleyhinəyik. 
Amma... Bu öpüşüb qucaqlaşmanın Rusiya tərəfindən verilən çox ciddi mesajları da var... Bəs onlar nədir?
Ardı var...
P.S. Yazırlar ki, ermənilər öz xislətlərinə uyğun olaraq, rus sühlməramlılarını “bişirir”, onlar üçün tort kəsirlər, rəqs edirlər, erməni uşaqlar rus əsgərlərini qucaqlayırlar. Guya rus əsgərlərini öz tərəflərinə çəkmək istəyirlər. Rus əsgər erməni məktəblisinə silah tutmağı öyrədir, bizimkilər də yazırlar ki, fotodan da göründüyü kimi, “uşaq o silahı elə sülhməramlıların özünə tuşlayır”. Bu nə romantik baxış tərzidir, bu nə yanaşmadır axı!? İlahi, bu nə zehniyyətdir? Yaxşı olar ki, gedib aşığınızı atasınız! Biz narahatıq və narahat olmağa səbəblər də var. İnsanların başının altında yastıq qoymağa cəhd edən qarazehin yazı-pozucular ayıq olsalar, yaxşı olar...
Samir