BolgeXeber.Com » Siyasət » Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub

Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub

19-12-2020, 12:15
Oxunub: 456 Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə Azərbaycanın 30 ilə yaxın davam edən münaqişəni həll etdiyini, buna güc yolu və siyasi vasitələrlə nail olduğunu vurğulayıb.
Otuz ilə yaxın müddətdir ki, Azərbaycanın ağrılı problemlərindən olan Dağlıq Qarabağ münaqişəsinin həlli Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, cəsarəti, güclü, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində öz həllini tapdı. Təəssüf ki, bir sıra nüfuzlu beynəlxalq qurumlar, o cümlədən münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu da bu müddət ərzində işğalçı dövlətin bu addımlarına qarşı susqunluq nümayiş etdirdilər. Sözsüz ki, hadisələrin gedişi onu göstərdi ki, Minsk qrupu həmsədrlərinin əsas missiyası bu müddət ərzində eyni sözlərdən ibarət olan bəyanatlar vermək, işğalçı ölkənin törətdiyi təxribatları, terror aktlarını, sərhədboyu ərazilərə yaxın yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutmasını, dinc əhalini qətlə yetirməsini izləməkdən ibarət olub. Göründüyü kimi, müxtəlif  bəhanələrlə status-kvonu qoruyub saxlamağa çalışan işğalçı ölkənin dəstəklənməsi onu getdikcə azğınlaşdırdı. Hər dəfə də beynəlxalq təşkilatlar tərəfləri münaqişənin dinc vasitələrlə, danışıqlar yolu ilə nizamlanmasına çağırır, problemin hərbi yola həlli variantı olmadığını deyir, bununla da işğalçı Ermənistana yeni təxribatlar törətməyə rəvac verirdilər.
 Dekabrın 12-də dövlətimizin başçısı cənab İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri Stefan Viskontini, Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən bir daha onların diqqətinə çatdırdı ki,  münaqişənin hərbi yolla nizamlanması mümkün idi və biz bunu etdik. “Hərbi variant yoxdur” deyənlərin əsas məqsədi mövcud vəziyyəti olduğu kimi saxlamaq  idi. Bununla da ölkə başçısı status - kvonu, təmas xəttini  rədd etməklə bu fikrə düşənlərin  bütün planlarını alt – üst etdi. Bir ildən artıq idi ki, regiona səfər etməyən ATƏT-in Minsk qrupu həmsədrləri budəfəki səfərləri zamanı  artıq yeni vəziyyətlə qarşılaşdılar. Bu mənzərə qurumun indiyə qədər dəstəklədiyi Ermənistanın məğlub, Azərbaycanın isə qalib olmas ilə bağlı idi. Prezident İlham Əliyev bu faktı bir daha həmsədrlərin diqqətinə çatdırdı. Ölkə başçısı qeyd etdi ki, hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu: “Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir”. Ölkə başçısı, həmçinin onu da qeyd etdi ki, Azərbaycan bu məsələni özü həll etmişdir: “Biz Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik”.  Göründüyü kimi, 28 ildə vasitəçilik missiyasının nədən ibarət olduğunu işğalçı Ermənistana dəstəyə görə dərk etmək istəməyən ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkəmizə, ardınca isə Ermənistana səfəri bütün reallıqları ortaya qoydu. Onlar bu səfərləri ilə ya mandatlarından imtina etmək, yaxud da tərkibinin dəyişdirilməsi təklifi ilə çıxış edəcəkləri halda, görünür vasitəçilik missiyalarının mahiyyətini və məqsədli şəkildə fəaliyyətsizliklərini hələ də dərk etməyiblər. Beynəlxalq hüququn, ədalətin 28 ildə kobud şəkildə pozulduğunu, haqqın-ədalətin Azərbaycanın tərəfində olduğunu bildikləri halda münaqişənin həlli prosesini uzadıb Ermənistana vaxt qazanmaq üçün köməklik göstərmələri ilə özlərinə inamsızlıq yaradan ATƏT-in Minsk qrupunun həmsədrləri  hazırkı münasibəti dəyişmək imkanında deyillər. Məhz bu baxımdan da necə gəldilərsə, elə də getmək  məcburiyyətində qaldılar. 28 ildir ki, “münaqişənin hərb yolu yoxdur” söyləyən həmsədr dövlətlər 44 gündə bunun mövcudluğunu nəinki gördülər, eyni zamanda, Azərbaycanın təkbaşına BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdiyinin şahidi oldular.  İşğala son qoyuldu, haqq-ədalət bərpa edildi, regionda yeni reallıqlar yarandı və  Azərbaycan dünyaya bu mesajı ünvanladı ki, hər kəs bu reallıqlarla barışmalıdır.