BolgeXeber.Com » Siyasət » Paşinyanın rəqiblərə qarşı kütləvi həbs planı silahlı toqquşmalar vəd edir

Paşinyanın rəqiblərə qarşı kütləvi həbs planı silahlı toqquşmalar vəd edir

23-12-2020, 18:58
Oxunub: 3 589

Köçəryan-Sarkisyan cütlüyü Rusiyanın razılığını ala bilmədi, bununla da Qarabağ klanı baş nazir Nikol Paşinyanı devirmək şanslarını əldən verdi...

Paşinyan hakimiyyəti hələlik xilas olmuş kimi görünsə də, kütləvi etiraz dalğasının ikinci mərhələsi qaçılmazdır və bu, həlledici xarakter daşıya bilər...

İqtisadiyyatını itirmiş Ermənistanda əlamətləri artıq müşahidə edilən növbəti inqilabi proseslər başlayarsa, bu düşmən ölkənin xaosa bağlı ssenarilərə məkan olacağı da qətiyyən istisna deyil...

Ermənistan çalxalanmaqda davam edir. Yəqin ki, bu ölkə hələ çox çalxalanacaq. Ermənistanda ölkədaxili siyasi proseslər gərginləşməyə doğru inkişafını davam etdirir.
Artıq bu düşmənin dərin siyasi böhrana düçar olduğu qətiyyən şübhə doğurmur. Çıxış yolu isə o qədər də çox görünmür. Siyasi böhranı dərinləşdirə biləcək faktorlar, onun qarşısını alacaq amillərdən daha çoxdur.


Məsələ ondadır ki, hələlik Ermənistanda siyasi böhranı əsasən, biabırçı kapitulyasiyanın yaratdığı ictimai natamamlıq kompleksi stimullaşdırır. Ermənistan cəmiyyəti savaşda ağır və sarsıdıcı məğlubiyyətdən qaynaqlanan qəzəbinə real siyasi hədəf axtarır. Və bu hədəfin doğru-düzgün seçilməsində də kifayət qədər ciddi tərəddüdlər mövcuddur.
Düzdür, müharibə baş nazir Nikol Paşinyanın hakimiyyəti dönəmində baş verib. Üstəlik, baş nazir N.Paşinyan Azərbaycanı savaşa təhrik etmək üçün bir çox provokatıv addımlar atıb. Bununla da, Azərbaycana savaşa başlamaqdan başqa yol buraxmayıb. Nəticəsi isə göz qabağındadır.
Ancaq burada daha həssas məqamlar da mövcuddur. Belə ki, baş nazir N.Paşinyan ölkəsinin son üç ilə yaxın bir müddətdə üzləşdiyi duruma görə məsuliyyət daşıdığını israrla iddia edir. Üstəlik, son üç il ərzində baş verənlərin də məhz özündən əvvəlki hakimiyyət sahiblərinin günahı və cinayətkar fəaliyyətinə bağlı olduğunu qabardır.
Əlbəttə, ilk baxışdan bu, baş nazir N.Paşinyanın bütün günahı özündən əvvəlki hakimiyyətlərin üzərinə ataraq, siyasi və tarixi məsuliyyətdən yayınmaq cəhdi təsiri bağışlaya bilər. Onun savaşın baş verməsinə səbəb olan provokativ davranışlarını – Minsk Qrupu çərçivəsində sülh danışıqlarını sabotaj etməsini, Azərbaycana münasibətdə hərbi-siyasi təhdidlərini, Cıdır düzündə yallı getməsini və s. - nəzərə alanda, məsuliyyətdən yayınmaq cəhdi qətiyyən istisna deyil.

Bununla belə, biabırçı hərbi məğlubiyyətin əsas səbəbləri sırasında Köçəryan-Sarkisyan çütlüyünün 20 illik hökmranlığı dövründə törədilən dövləti cinayətlərin birbaşa rolu olmamış deyil. Çünki bu cütlüyün hakimiyyəti dönəmində Ermənistanda rüşvət və korrupsiya “çiçəklənmişdi”, Ermənistan ordusu başıpozuq, hərbi nizam-intizamdan uzaq silahlı birləşmələrə çevrilmişdi.
İndi baş nazir N.Paşinyan da məhz bu amilləri qabardaraq, Köçəryan-Sarkisyan cütlüyünü Ermənistanın tarixi və biabırçı kapitulyasiyasına ortaq etməyə çalışır. Paşinyan tərəfdarlarının bu istiqamətdə qurduqları siyasi təbluğat tezislərinin nəticəsiz qaldığını iddia etmək isə bir qədər çətindir. Hər halda, bu təbliğat tezislərinin erməni cəmiyyətinin müəyyən təbəqələrində qarşılıq gördüyü inkaredilməz reallıqdır.
Ona görə də, baş nazir N.Paşinyanın istefa tələblərinə Ermənistan cəmiyyətinin yekdil şəkildə təşkilatlanaraq, dəstək verməsinə nail olmaq çətinlik törədir. Üstəlik, istefa tərəfdarlarının əsasən, Köçəryan-Sarkisyan cütlüyünə bağlı Qarabağ klanını təmsil etməsi də etiraz dalqası qarşısında bloklayıcı faktor rolunu oynamaqdadır.
Məsələ ondadır ki, Ermənistanın yerli əhalisi arasında ölkəni 20 il ərzində istismar etmiş, bütün maliyyə-iqtisadi resursları öz əlində cəmləşdirmiş Qarabağ klanına qarşı açıq bir nifrətin olduğu sezilir. Ermənilər yenidən Qarabağ klanının hakimiyyəti altında yaşamaq perspektivinə qıcıqla yanaşdıqlarını qətiyyən gizlətmirlər.

Təbii ki, bu, baş nazir N.Paşinyan üçün olduqca önəmli istinad faktoru rolunu oynayır. O, bu faktordan hazırda xüsusi hiyləgərliklə istifadə etməyə çalışır. Ölkədə real qüvvələr nisbətini müəyyənləşdirmək üçün bəzi riskli addımlat atmaqdan belə, çəkinmir.
Məsələ ondadır ki, N.Paşinyan bölgələrə son səfəri və matəm yürüşündə şəxsən istirak etməsi erməni baş nazirin qüvvələr nisbətini test etmək cəhdi kimi də dəyərləndirilə bilər. Düzdür, yürüş zamanı ona hücum etmək cəhdlərindən yayınmaq mümkün olmadı. Halbuki hücum edənlərin sıraları seyrək və zəif olduğundan qarşısını almaq çətinlik törətmədi.
Məlum oldu ki, N.Paşinyanın tərəfdarları əleyhdarlarından heç də zəif deyillər. Əksinə, erməni baş nazirin hakimiyyətinin qorunmasına nail ola biləcək qədər gücə malikdirlər.
Maraqlıdır ki, əksər yerli müşahidəçilər də situasiyanın N.Paşinyanın siyasi mənafelərinə uyğun istiqamətə yönəlməyə başladığını etiraf edirlər. Onların fikrincə, baş nazirin əleyhdarları onun devrilmə məqamını artıq əldən veriblər. Bundan sonra ciddi siyasi səhvlərə yol verməzsə, hakimiyyətini ən azından bir qədər də uzada bilər.

Onu da qeyd edək ki, baş nazir N.Paşinyanın kütlə içərisində peyda olması keçmiş prezident Robert Köçəryanın Moskvaya qeyri-rəsmi səfərindən sonraya təsadüf etdi. Böyük ehtimalla erməni baş nazir də həmin səfərin nəticələri barədə məlumatlıdır. Və yürüşə qatılmaqla, həm əsas siyasi rəqiblərinə, həm də onlara himayədarlıq edə biləcək Rusiyaya meydan oxumaq məqsədi güdürdü.
Bəzi yerli mənbələrin iddialarına görə, R.Köçəryan Moskvadan əliboş dönmək məcburiyyətində qalıb. Onun səhnəarxası liderlərindən olduğu Qarabağ klanının hakimiyyətə gəlmək şanslarına tərəddüdlü yanaşıblar. Bu səbəbdən də Ermənistanda daxili xaosa yol aça biləcək siyasi addımların atılmasına həvəs göstərməyiblər. Çünki Ermənistanda daxili xaos Rusiyanın sülhməramlı missiyasını da təhlükəyə ata bilər.
Göründüyü kimi, N.Paşinyanın siyasi rəqibləri də “siyasi dalana” dirənmiş vəziyyətdədirlər. Onların güc nümayişi isə hələlik umduqları nəticələrdən çox uzaqdır. Çünki Qarabağ klanının avanqardlığı ilə keçirilən kütləvi etiraz aksiyaları heç də kütləviliyi ilə seçilmir. Əksinə, etiraz aksiyalarına 4-5 mindən artıq nümayişçi toplaya bilmirlər. Və bu say zaman keçdikcə daha da azalmaqda davam edir.
Bu səbəbdən də, Qarabağ klanının son etiraz aksiyalarının fiaskoya uğraması qətiyyən təəccüblü deyil. Ölkə üzrə tətillərin elan edilməsi nəticə vermədi, itaətsiz çağırışları da geniş kütlələrin reaksiyasına möhtac qaldı.

İndi meydanda çadırların qurulması və gecə-gündüz aksiya keçirtmək variantı sınaqdan keçirilir. Ukraynada vaxtilə böyük uğur qazanmış “Maydan hərəkatı”nı təkrarlamağa çalışırlar. Halbuki ilkin müşahidələr “çadırlar”ın da istefa ilə nəticələnəcəyinə şübhə ilə yanaşmağa imkan verir.
Ancaq baş nazir N.Paşinyanın da uzun müddət hakimiyyətini qoruya biləcəyi bir qədər şübhə doğurur. Çünki hazırda ona qarşı sadəcə, siyasi məzmunlu etiraz aksiyaları keçirilir. Və yaxın gələcəkdə bu proseslər sosial-iqtisadi tələblərdən qaynaqlanın etiraz dalğası ilə də əvəzlənə bilər.
Ona görə də, baş nazir N.Paşinyanın həm indiki, həm də gələcəkdə ola biləcək etiraz dalğasını vaxtında qabaqlamaq üçün hazırda siyasi rəqiblərinin həbsinə, kütləvi repressiyalara hazırlaşdığı barədə də müəyyən məlumatlar var. O, hakimiyyətini qorumaq üçün bütün siyasi rəqiblərini qurban vermək, həbsxanalara doldurmaq niyyətindədir. Və etiraz dalğasının kütləvi həbslərlə “boğmaq” cəhdləri isə ölkədaxili silahlı toqquşmalara yol aça bilər.
Məsələ ondadır ki, Ermənistan son savaşda yalnız ordusunu deyil, həm də iqtisadiyyatını da demək olar, itirib. Maliyyə-iqtisadi resurslar milli defisitə çevrilib. Hazırda erməni baş nazirin istefası onsuz da tələb edildiyindən, sosial-iqtisadi narazılıq nisbətən arxa planda qalmış kimi görünür.

Əgər, baş nazir N.Paşinyan siyasi rəqiblərinin istefa tələbli təzyiqlərindən xilas ola bilərsə, Ermənistanda etiraz dalğasının növbəti mərhələsi də başlaya bilər. Belə ki, onun hakimiyyətdə qaldığı qətiləşdikdən sonra Ermənistan əhalisi hər ötən gün daha da ağırlaşmaqda olan sosial-iqtisadi problemlərini qabardacaq.
Çünki bu problemin həllinin tələb edilməli olan başqa ünvan olmamış olacaq. Və baş nazir N.Paşinyan ölkənin rəhbəri olduğundan əhalinin narazılığına səbəb olacaq sosial-iqtisadi fəlakətdən çıxış yolları axtarmaq məcburiyyətində qalacaq.
Beləliklə, Ermənistanda siyasi böhranın yaxın gələcəkdə sosial-iqtisadi xaosla əvəzlənə biləcəyi qətiyyən istisna deyil. İndiki situasiyada Ermənistanın hakimiyyəti də, iqtisadiyyatı da əhalinin “qarnını doydurmaq” imkanında deyil. Bu isə Ermənistana növbəti inqilabi proseslər vəd edir. Və bu baş verərsə, Ermənistanın xaosa bağlı ssenarilərə səhnə ola biləcəyi də qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ

“Yeni Müsavat”