BolgeXeber.Com » Siyasət » Azərbaycan haqlı tərəf olduğundan Avropa İnsan Haqları Məhkəməsində də qalib gələcəyinə şübhə ola bilməz

Azərbaycan haqlı tərəf olduğundan Avropa İnsan Haqları Məhkəməsində də qalib gələcəyinə şübhə ola bilməz

21-01-2021, 19:20
Oxunub: 688 Azərbaycan dövləti tərəfindən Avropa İnsan Haqları Məhkəməsində Ermənistan dövlətinə qarşı qaldırılmış iddia artıq yanvarın 15-də təqdim edilib. Xatırladım ki, Avropa İnsan Haqları Məhkəməsində bu cür iddialara baxılması bəzi hallarda on il çəkir. Ona görə də bu, ilkin iddia kimi qəbul olunmalıdır. Bu iddia ona görə operativ şəkildə qaldırılıb ki, vaxt Azərbaycanın xeyrinə işləsin. Artıq Avropa İnsan Haqları Məhkəməsi qaldırdığımız iddianı tam icraata götürdükdən sonra həm cavabdeh tərəf olan Ermənistan dövləti, həm də iddiaçı tərəf Azərbaycan dövləti bu iddiaya yeni faktlar, tələblər, yeni qiymətləndirmələr əlavə etmək hüququna malikdir. Əgər biz gözləsəydik ki, ərazilər minalardan təmizlənsin, qiymətləndirmə prosesi bir neçə ilə başa çatsın və ondan sonra iddia qaldıraq, bu, uzun zaman tələb edəcəkdi. Təbii ki, bu da bizi qane edə bilməzdi.
AZƏRTAC xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Çingiz Qənizadə deyib ki, Azərbaycan dövləti Ermənistan tərəfini konkret dörd istiqamətdə günahlandırır. Birincisi, qeyd olunur ki, 30 ilə yaxın müddətdə Ermənistan tərəfi Azərbaycan dövlətinin Qarabağ hissəsini və 7 ətraf rayonu işğal etməklə Azərbaycan vətəndaşlarının beynəlxalq hüquq və eyni zamanda, Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan hüquqları pozulub. Bu hüquqlar hansılardır? Birincisi insanların yaşamaq hüququdur. İkincisi insanların işgəncə və qeyri-insani rəftarlara məruz qalmasıdır. Dini–etiqad azadlığının, şəxsi və ailə hüququnun, sərbəst hərəkət etmək, mülkiyyət hüquqlarının pozulmasıdır. Bu iddialar artıq beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilib. Çünki 30 ilə yaxındır ki, bu bölgədən olan soydaşlarımız bütün hüquqlardan məhrum edilib. İddiada, eyni zamanda, qeyd olunur ki, Azərbaycan vətəndaşlarının itkin düşmüş 3890 nəfərin taleyi bu gün də məlum deyil və Ermənistan tərəfi onların taleyinin araşdırılması üçün hər hansı addım atmır. Mən oxuculara məlum olsun deyə qeyd edirəm ki, bu 3890 nəfər itkin düşənlər 44 günlük Vətən müharibəsi zamanı deyil, Birinci Qarabağ savaşı dönəmindən bu günədək itkin düşənlərdir.
Məlum olduğu kimi, təcavüzkar Ermənistan havadarlarının dəstəyi ilə Azərbaycanın rayonlarını və yaşayış məntəqələrini işğal etdikcə, soydaşlarımızı əsir və girov götürüblər. Mən 15 ildən artıq idi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü olmuşam. Biz hətta o dövrlərdə də 3-cü dövlət, Qırmızı Xaç Təşkilatı və digər təşkilatlar vasitəsilə Ermənistana sorğu göndərir, itkin düşmüş insanların taleyi ilə bağlı məlumatlar verilməsini, girovların qaytarılmasını tələb edirdik. İtkin düşənlərin çox cüzi hissəsi tapılıb qaytarıldı, ancaq 3890 nəfər haqqında indiyədək heç bir məlumat verilməyib. Ona görə də həmin şəxslər bizim tərəfimizdən itkin düşmüş hesab olunurlar. Bu da iddiada öz əksini tapıb.
İddianın ikinci istiqaməti üzrə Azərbaycan tərəfi haqlı olaraq 2020-ci ilin İyul hadisələri ilə bağlı Ermənistan tərəfindən Tovuz istiqamətində baş vermiş təxribatda yenə də vətəndaşlarımızın Avropanın İnsan Hüquqları Konvensiyasının tələbləri ilə hüquqlarının pozulması məsələsini qoyub.
Üçüncüsü 44 günlük Vətən müharibəsinə aid olan məsələlərdir. Bu arada, qeyd olunur ki, 44 günlük müharibə Azərbaycanın Qələbəsi ilə başa çatsa da, müharibə dövründə Ermənistan tərəfi qeyri-insani rəftar, eyni zamanda, ən böyük humanitar hüquq olan Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq döyüş bölgələrindən kənarda olan ərazilərimizi, yaşayış məntəqələrimizi ağır artilleriyadan, uzaq ballistik raketlərdən atəşə tutub, həm fosforlu bombalardan, həm də digər qadağan olunmuş silahlardan istifadə edib. Bunun nəticəsində 93 mülki şəxsimiz həlak olub. Onlardan 12-si uşaq, 28-i qadın olmaqla, 423 nəfər isə yaralıdır. Onların da yenə 104–ü qadın, 5-i uşaqdır. Bunlar da iddiada öz əksini tapıb. Ümumilikdə, vurulan bütün zərər Ermənistandan tələb olunur. Təbii ki, gələcəkdə digər faktlar və məlumatlar iddiaya əlavə ediləcək.
Dördüncü də yenə Ermənistan tərəfindən işğal nəticəsində ərazilərin minalanması və dağıdılmış şəhərlərin, kəndlərin olması və ötən il 10 noyabr Bəyanatından sonra Ermənistan ərazisindən silahlı birləşmələrin Dağlıq Qarabağa göndərilməsi ilə bağlı Azərbaycan vətəndaşlarının haqlı olaraq bu ərazilərə geri qaytarılmasının, məskunlaşmasının çətinləşməsidir. Ermənistan dövlətindən həmin iddiaların təmin olunması ilə bağlı addımlar atılması tələb edilir. Bir daha qeyd edim ki, bu, ilkin iddiadır və bunu vaxt itirməmək məqsədilə təqdim etmişik. Gələcəkdə daha tutarlı, qiymətləndirilmiş və faktlara, hüquqa söykənən məlumatlar bu iddiaya əlavə olunacaq.
Təcrübəli hüquqşünas kimi düşünmürəm ki, Avropa İnsan Haqları Məhkəməsi bu iddianı təmin etməsin. Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanın əleyhinə qərar çıxarması qeyri-mümkündür. Çünki artıq Avropa Məhkəməsində presedent hüququ var və bu, təkcə bizim respublikamızla yox, bir neçə ölkə ilə bağlıdır. Xatırlayırsınızsa, 2005-ci il aprelin 6–da respublikamızın bir qrup vətəndaşı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişdi. Məhkəmənin 2011-ci il 14 dekabr qərarı ilə ərizəçilərin şikayətləri qəbuledilən elan olunmuşdur. Avropa İnsan Haqları Məhkəməsi Çıraqov və başqaları Ermənistana qarşı və ya Çıraqov və digərləri Ermənistana qarşı iddiası üzrə 2015-ci il iyunun 16-da qərar qəbul etmişdir. Qərarda Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında qərar qəbul etmiş və beləliklə, Azərbaycan vətəndaşlarının iddiası təmin olunmuşdur. Azərbaycan Hökuməti bu işdə üçüncü tərəf qismində çıxış etmişdir. Göründüyü kimi, məhkəməyə iddia ərizəsi təqdim edildikdən 10 il sonra işə baxılmış və ərizəçilərin iddiaları təmin olunmuşdur. Bunu misal çəkməkdə məqsəd odur ki, yanvarın 15-də Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməkdə məqsədimizin vaxt udmaq olduğunu diqqətə çatdırmaq istərdim.
Avropa İnsan Haqları Məhkəməsinin Çıraqov və başqaları Ermənistana qarşı və ya Çıraqov və digərləri Ermənistana qarşı iddiası üzrə qəbul etdiyi qərar da bir neçə məqam Ermənistanın işğalçı, Azərbaycan ərazisinin bir qisminin təcavüzkar ölkənin nəzarətində olduğunu bir daha təsdiqləyirdi. Hətta həmin qərarda qeyd olunur ki, təxminən 150 minlik əhalisi olan “Dağlıq Qarabağ respublikası” – tanınmayan respublika (təbii ki, bu, Ermənistan tərəfindən şişirdilmiş rəqəmdir - Ç.Q.) 7 milyon əhalisi olan Azərbaycana qarşı savaş açmaq iqtidarında deyil və bu, işğal Ermənistan silahlı birləşmələri tərəfindən həyata keçirilib. Yəni, artıq Avropa Məhkəməsinin belə bir təcrübəsi və qərarı var. Qanunda, xüsusilə beynəlxalq hüquqda, əsasən, presedentə istinad olunur.
Artıq son vaxtlar xeyli beynəlxalq təşkilatların, o cümlədən ölkəmizdəki diplomatik korpusların nümayəndələri işğaldan azad edilmiş ərazilərə gedir, orada ermənilərin törətdikləri vəhşiliklərin, barbarlığın şahidi olur, isti ocaqlarından didərgin salınmış soydaşlarımızla görüşürlər. Artıq beynəlxalq ictimaiyyət də doğma yurdlarından didərgin salınmış soydaşlarımızın sayını bilir. Belə olan halda, təbii ki, Ermənistan dövləti uduzan tərəf olacaq və ölkəmizə vurduğu maddi və mənəvi zərərə görə təzminat ödəmək məcburiyyətində qalacaq. Təzminatın məbləğinə gəlincə, bunu hələ dəqiq demək mümkün deyil. Cənab Prezident də dəfələrlə qeyd edib ki, beynəlxalq qiymətləndirici təşkilatların nümayəndələri də daxil edilməklə həmin ərazilərdə qiymətləndirilmə işləri aparılacaq. Hələlik qarşıda duran əsas vəzifələrdən biri ərazilərin minalardan təmizlənməsidir. İddia ərazisində də bu fakt öz əksini tapıb.
Təbii ki, qiymətləndirmə tam başa çatdıqdan sonra bu da iddia ərizəsində öz əksini tapacaq. Bu işlərdə beynəlxalq ekspertlərdən istifadə etməyimiz gələcəkdə bizim həmin təşkilatlar qarşısında bu məsələlərin müzakirəsi zamanı üstünlük əldə etməmizə əlverişli şərait yaradacaq. Qiymətləndirmədə beynəlxalq təşkilatların nümayəndələrinin olması çox vacibdir. Bu yaxınlarda “Amnesty International” təşkilatı Ermənistanın barbarlıq, vəhşi hərəkətini tənqid edən bir hesabat yaydı. Bu cür təşkilatların belə açıqlamaları və hesabatları bizə əsas verir ki, gələcəkdə bu sənədləri də ortaya qoymaqla üstünlük qazanmış olarıq. Çünki bu hesabat beynəlxalq təşkilat tərəfindən yayılıb. Məhz buna görə də möhtərəm Prezidentimiz haqlı olaraq deyir ki, bu cür işlərə beynəlxalq təşkilatların nümayəndələrinin dəvət olunması mütləq lazımdır. Həmişə haqlı tərəf qalib olur. Azərbaycan haqlıdır və Avropa İnsan Haqları Məhkəməsində də qalib gələcəyimizə şübhə ola bilməz.