BolgeXeber.Com » Siyasət » “Qarabağda böyük iqtisadi layihələr icra olunacaq”

“Qarabağda böyük iqtisadi layihələr icra olunacaq”

4-03-2021, 16:06
Oxunub: 3 738 Mən hərbi xidmətimi Ağdamın Yusifcanlı və Mərzili kəndlərində keçirmişəm. Bu sarıdan başqa ərazilərimiz kimi Ağdam mənə çox doğmadır. Ağdam rayonunun müxtəlif xarici mənbələrdə “ruhlar şəhəri” kimi qeyd olunması əbəs deyildi. Təkcə bu rayonun foto və videogörüntülərinə yox, həm də Google Mapdan ərazilərinə baxsaq “ruhlar şəhəri” ifadəsinin nə qədər real olduğunun fərqinə varmış oluruq. İndi Kəlbəcər, Laçın, Füzuli, Zəngilan və başqa yurd yerlərimiz kimi Ağdam da bizimdir. Düşmənin başını əzən “Dəmir Yumruq” qədim və əzəli Azərbaycan torpağı olan Qarabağı bizə qaytardı. Əlbəttə, Ali Baş Komandan, cənab İlham Əliyevin cəsarəti, müzəffər ordumuzun rəşadəti sayəsində. Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri ilə keçirilən dörd saatlıq görüşündə də məhz bu mövzuların qabarıq şəkildə aydınlaşması əbəs deyildi. Bu, 10 milyonluq qədim bir xalqın zəfər gücünün dünyaya tanıdılması idi.
Fevral ayının 26-da Möhtərəm Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında çıxışında bildirdiyi kimi “Qarabağda böyük iqtisadi layihələr icra olunacaq” cümləsi əslində həm də xalqının 30 ildir gözlədiyi, həyata keçirmək istədiyi arzularından təkcə biridir. Təbii ki, bu böyük bir zaman tələb edir və cənab prezidentin dediyi kimi Azərbaycanın yarışacağı əsas tərəf müqabili zamandır. Zaman keçəcək, dağıdılmış Ağdam, Laçın, Zəngilan kimi şəhər və kəndlərimiz yenidən qurulacaq, çiçəkləyəcək. Bu yaz Şuşada xarıbülbül fərqli açacaq. Azad Şuşamızda bülbüllər azad nəğməsini oxuyacaq. Qeyd edim ki, işğaldan azad olunmuş ərazilərdə müasir infrastrukturların inşası həm də xarici investorları Azərbaycana cəlb edir. Bu, təsadüfi deyil. Çünki Azərbaycanda mültikultural muhit hökm sürür. Burada əsrlərdir onlarla xalqın nümayəndəsi mehriban şəraitdə yaşayır, çalışır. Bir sözlə, Azərbaycan multikultural siyasətini dövlət siyasəti hesab edən nadir dövlətlərdəndir. Məsələn, Füzuli bir əyalət şəhəridir. Əyalət şəhərində beynəlxalq hava limanının tikilməsi prosesi multikulturalizm siyasətinin tərəflərindən biridir. Təsadüfi deyil ki, bu hava limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə olunacaq. Şuşa isə mədəniyyət paytaxtımızdır. Dünyanın mədəniyyət paytaxtımıza açılan qapısı məhz Füzuli Beynəlxalq Hava Limanından başlayır. Bu, böyük siyasətçinin böyük siyasətinin, məqsədinin nəticəsidir. Cənab prezident İlham Əliyevin məhz bu təşəbbüsü sayəsində mədəniyyət günəşi doğma Azərbaycanımızın Şuşasından dünyaya işıq saçacaq.
Kürçaylı Məmmədov
Salyan rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri