BolgeXeber.Com » Siyasət » Malik Həsənov:"Azərbaycan Ordusu 30 ilin işğalına son qoydu, ədaləti bərpa etdi"

Malik Həsənov:"Azərbaycan Ordusu 30 ilin işğalına son qoydu, ədaləti bərpa etdi"

13-04-2021, 18:18
Oxunub: 3 312 “Azərbaycan xalqı 44 günlük İkinci Qarabağ müharibəsində Zəfər tarixini yazaraq bir daha məğrur, yenilməz xalq olduğunu təsdiqlədi.  Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Bakıda Hərbi Qənimətlər Parkının açılışında böyük qürurla qeyd etdiyi kimi, biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, həmçinin   dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq.
Döyüş bacarığı, hazırlığı, mübarizliyi ilə dünyanın hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusu 30 ilin işğalına son qoydu, ədaləti bərpa etdi. Hər bir vədini konkret əməli işi ilə təsdiqləyən  ölkə Prezidentinin təkmil islahatlara, yeniliyə, müasirliyə  əsaslanan siyasəti nəticəsində son 17 ildə Azərbaycan bütün sahələrdə ilklərə imza atıb. Təbii ki, hər bir ölkənin inkişafında iqtisadi müstəqillik əsas rol oynayır. İqtisadi müstəqilliyin siyasi müstəqillik üçün əsas olduğunu  nəzərə alsaq,  dünyaya  nümunə olan inkişaf modeli ilə dayanıqlı inkişafını təmin edən Azərbaycanın beynəlxalq münasibətlər sistemində  möhkəmlənən  yeri və rolunu daha aydın görərik. Dövlətimizin müstəqil siyasəti bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında münasibət qurmasını şərtləndirən əsas amillərdəndir.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
“Hər bir çıxışında  Azərbaycan Ordusunun gücünə, qüdrətinə böyük əminlik nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da  edirdi ki, Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır» söyləyən millət vəkli vurğulayıb ki,  rəşadətli ordumuz ona olan inamı cənab  İlham Əliyevin rəhbərliyi ilə  30 ilə yaxın müddətdə  Ermənistanın işğalı altında qalan torpaqlarımızı azad etməklə təsdiq etdi,  sahibini gözləyən bu ərazilərimizdə üçrəngli bayrağımızı dalğalandırdı: “Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan intensiv atəşə tutması nəticəsində başlanan  Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. 44 gün davam edən Vətən müharibəsində  Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə  bölgədə yeni geopolitik mənzərənin  yaradılması  möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir.”
 M.Həsənov qeyd edib ki, Vətən müharibəsindən sonra dövlətimizin başçısı İlham Əliyevin inzaladığı Fərman və Sərəncamların böyük əksəriyyəti  əldə olunun tarixi Qələbənin qəhrəmanlarının təbliginə həsr olunub: “Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş əməliyyatları  beynəlxaıq mütəxəssislər tərəfindən yüksək dəyərləndirilir. Döyüş əməliyyatlarında Ordumuzun ən müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması, yüksəkdəqiqlikli silahlardan istifadə, mövcud nizam-intizam  Qələbənin başlıca amilləri olmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən, amma 28 il idi ki  icra mexanizmi «unudulan» qətnamələrin yerinə yetirilməsini reallaşdırdı.”
 İkinci Qarabağ müharibəsinin getdiyi vaxtlarda Azərbaycana təzyiqlərin  göstərildiyini, sanksiyalar tətbiq edilməyə cəhdlər edildiyini önə çəkən M.Həsənov qeyd edib ki,  onların qarşısı yenə də  Azərbaycanın gücü, beynəlxalq hüquqa əsaslanan mövqeyi sayəsində  alındı: “Dövlətimizin başçısı İlham Əliyev bir addım da belə  qətiyyətli  mövqeyindən geri çəkilmədi.  Müzəffər Ali Baş Komandanın  məlum nitqində yer alan “Bizə qarşı sanksiyalar tətbiq etmək ədalətsizlikdir, vicdansızlıqdır. Kim idi bunları təşkil edən? Minsk qrupuna həmsədrlik edən ölkələr. Kim bunun qarşısını aldı? Bizə dost olan ölkələr, Qoşulmama Hərəkatına üzv olan ölkələr” fikirləri bugünədək beynəlxalq hüququ maraqlarının arxasında gizlədən, sanki belə bir məfhumun mövcudluğunu şübhə altına alan aparıcı dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara  ciddi mesajdır.  Cənab İlham Əliyev  44 günlük müharibə dövründə həm döyüş meydanında, həm də informasiya cəbhəsində  Azərbaycanın Qələbəsini təmin etdi. Ermənistana və ona havadarlıq edənlərə sübut edildi ki, “Qarabağ Azərbaycandır!”
Millət vəkili  belə bir ümumi mənzərəni diqqətə çatdırıb ki,  Milli Ordumuzun hərbi əməliyyatlar nəticəsində qazandığı uğurlar faşist xislətli Ermənistanın son iki əsrdə azərbaycanlılara qarşı apardığı soyqırımılara, siyasi, hərbi, ekoloji terrorlara cavabdır: “Düşmən üzərində tam Qələbəmizin müjdəsi olan Şuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun yenilməzliyini bütün dünyaya bəyan etdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa əməliyyatı ayrıca bir dastandır, o haqda hələ çox danışılacaq. Ancaq Şuşaya gedən hər bir adam o sıldırım qayaları görərkən təsəvvür edə bilmir ki, o alınmaz qala necə alındı. Peşəkarlıq, rəşadət, qəhrəmanlıq və milli ruh hesabına  Şuşa azad edildi və düşmən diz çökdü,  ağ bayraq qaldırdı, öz məğlubiyyətini etiraf etdi, noyabrın 10-da kapitulyasiya aktına imza atdı.”
 M.Həsənov  qeyd edib ki, Bakıda Hərbi Qənimətlər Parkı İkinci Qarabağ müharibəsi həqiqətlərinin  təbliğinə,  Azərbaycanın qalib,   Ermənistanın   məğlub  ölkə kimi dünyada tanınmasına  geniş imkanlar açacaq: “44 günlük  Vətən müharibəsinin hər anını özündə əks etdirən  eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri  təkrar-təkrar göz önünə gətirəcək,  Ordumuzun gücünü, gənclərimizin vətənpərvərliyini, torpaq sevgisini   bir daha açıqlayacaq. Tariximizin hər bir səhifəsi əziz olmaqla yanaşı, gələcəyimiz  üçün zəngin mənbədir.”