BolgeXeber.Com » Siyasət » Ermənistanın qondarma "soyqırımı" iddiası saxtalaşdırılmış hər bir tarix kimi iflasa məhkumdu

Ermənistanın qondarma "soyqırımı" iddiası saxtalaşdırılmış hər bir tarix kimi iflasa məhkumdu

28-04-2021, 18:22
Oxunub: 2 640 Məlum olduğu kimi ermənilər qədim dövrlərdən dövlət qurmaq məqsədi ilə başqa xalqların sahib olduqları əraziləri mənimsəməyə çalışmış, yaşadıqları yerlərdə özlərini həmin torpağın "sahibi" kimi göstərmişdir. Onlar bu ərazi iddialarından heç bir zaman əl çəkməmişdir və tədricən ermənilərin Cənubi Qafqaza miqrasiyası başlamışdır. Elə həmin dövrdən başlayaraq onlar öz xülyaları uğrunda ən amansız vasitələrdən çəkinməmişdir. Erməni millətçiləri və onların havadarları iki əsrdən artıq bir müddətdə öz məqsədlərinə çatmaq üçün azərbaycanlılara qarşı soyqırımı, etnik təmizləmə, deportasiya kimi vasitələrdən istifadə etmişdir. Bununla onlar azərbaycanlıları öz doğma yurdlarından qovmaq və bu ərazilərdə öz dövlətlərini qurmaq niyyətində olmuşlar. Ermənilər 1905, 1915 və 1918-ci illərdə istər Azərbaycanda, istərsə də Türkiyədə dəhşətli soyqırımı aktları törədiblər. Bakıda, Şamaxıda, Qubada, İsmayıllıda və başqa yerlərdə qadına, uşağa, qocaya məhəl qoymadan dinc əhalini kütləvi şəkildə qətlə yetiriblər. Bakının küçələrində qan su yerinə axıb. Ermənilər öldürdükləri insanları quyulara doldurub üstünü torpaqlayıblar. 1992-ci ildə Xocalıda ağlasığmaz qəddarlıqla həyata keçirdikləri soyqırımı isə tarixin ən dəhşətli hadisələrindən biridir. Ancaq mənfur düşmən bu əməllərin üstünü örtmək üçün hər cür vasitəyə əl atıb. Hətta bütün bu soyqırımı hadisələrinin dünyaya türklər tərəfindən törədildiyini göstərməyə çalışıb.
Ermənilər 1915-ci ildə özlərinin dinc türk əhalisinə qarşı törətdikləri soyqırımını türklərin üzərinə yıxmaq istəyir və buna dünyanı inandırmaq üçün bütün tarixi faktları kökündən saxtalaşdırmağa çalışırlar. Bununla da onlar soyqırımı törətdiklərini gizlətmək, soyqırımı törədən tərəfin Türkiyə olduğunu göstərmək və "Böyük Ermənistan" xəyallarının gerçəkləşməsi üçün daha çox ərazi zəbt etmək niyyətindədirlər. Son dövrlərdə isə erməni millətçiləri və onların havadarları özlərinin qondarma "erməni soyqırımı" iddialarını genişləndirir və bütün dünya tərəfindən tanınmasına can atır.
Ancaq məsələyə tarixi qiymət verilməli və faktlar obyektiv şəkildə araşdırılmalıdır. Bu baxımdan Türkiyə də öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bildirib və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb. Lakin Ermənistan Türkiyənin bu təklifinə hələ də cavab verməyib. Qondarma "erməni soyqırımı"nın siyasiləşdirilməsi və siyasi maraqlar naminə tanınması istiqamətində atılan hər bir addım tarixin təhrif edilməsi və tarixi ədalətsizlikdir. ABŞ Prezidenti C.Baydenin qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı 24 aprel tarixli bəyanatı isə beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartların bir nümunəsidir.
Azərbaycan ABŞ Prezidentinin bu bəyanatı ilə bağlı Türkiyə ilə eyni mövqedən çıxış edib. Bu bəyanatı tarixi səhv adlandıran Prezident İlham Əliyev Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib. Həmçinin 24 aprel tarixində Azərbaycanın 48 siyasi partiyası Türkiyəyə dəstək naminə birləşərək məsələ ilə bağlı birgə bəyanat imzalayıb. Bu birgə bəyanat iki qardaş ölkənin vahid mövqeyini nümayiş etdirir. Siyasi maraqlar naminə qondarma "erməni soyqırımı"nı tanıyan qüvvələr yaxın keçmişdə baş verən Xocalı həqiqətlərini hələ də görmək istəmir. ABŞ Prezidentinin tarixi həqiqətlərə göz yumaraq bu addımı atmasının tarixi həqiqətlər qarşısında iflas edəcəyinə əminik. Ümumiyyətlə qondarma "erməni soyqırımı"nın tanıdılması ilə bağlı atılan hər bir addım iflasa məhkumdur.
Bərdə rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi - Tamam Hüsüzadə