BolgeXeber.Com » Siyasət » Azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir

Azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir

31-05-2021, 14:16
Oxunub: 2 944 28 ildən sonra qalib Ordumuzun və Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə, Qələbə qazanmış bir xalq kimi Respublika Gününü Ağdamda qeyd etmək bizim üçün qürurverici hadisədir. Prezident İlham Əliyev: “Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə. Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq”.
Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olundu..Qeyd olundu ki, burada ilkin islahatlar kənd təsərrüfatı torpaqları ilə bağlıdır. İslahatlara əsasən, təqribən 25 sotdan nəzərdə tutulub. 18 sotdan insanların hər birinə həyətyanı sahə müəyyən edilmişdir. Bunları təmin etdikdən sonra investorların cəlb edilməsi və Ağdamın kənd təsərrüfatının inkişafını təmin etmək üçün 10, 50 hektarlıq 200 müasir fermer təsərrüfatı nəzərdə tutululmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak etdi. Binanın tikintisində ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühandislik” şirkətləri çalışacaqdır. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək. Mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaqdır.
Sonra Ağdam şəhəri üçün çox önəmli və 140 illik tarixi olan 1 saylı məktəbin və Ağdam Sənaye Parkının təməli qoyuldu. Sənaye Parkının fəaliyyətinin təşkili, idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir. Ağdam Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsait hesabına İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək.
Eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanmışdır. Eyni zamanda Böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində 125 hektarlıq böyük bir meşə zolağı olacaq, süni göl yaradılacaq, kanallar, körpülər çəkiləcək. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaqdır.
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub. Bu məscid də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biridir.
Prezident Şahbulaq qalasında olub. Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. Mayın 28-də Prezident bu kompleksdə də olub. Pənahəli xan burada atlarını saxlayırmış. Bu atlar burada nümayiş olunub, satışa çıxarılırmış.. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, tövlə kimi istifadə olunub.
Dövlətimizin başçısı 28 mayda Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində də iştirak etmişdir. Bu layihə möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin tərkib hissəsidir. Yolun uzunluğu 44.5 kilometrdir və 14 kilometrlik hissəsi Bərdə şəhərindən və bir neçə yaşayış məntəqəsindən keçəcək.
Dövlətimizin başçısının tapşırığına əsasən bu avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olacaq. Avtomobil yolu Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, bu rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.
Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılacağı barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məlumat verilib.
Prezident İlham Əliyev bildirdi ki, 44 günlük müharibənin hər bir günü burada əks olunmalıdır. O günün tarixçəsi əks etdirilməlidir.