BolgeXeber.Com » Siyasət » “Ölkəmiz qlobal problemlərin həllində dünya birliyinin və həmrəyliyinin ən böyük təşəbbüskarıdır.”

“Ölkəmiz qlobal problemlərin həllində dünya birliyinin və həmrəyliyinin ən böyük təşəbbüskarıdır.”

4-06-2021, 15:56
Oxunub: 2 520 COVİD pandemiyası bütün dünyaya, bəşəriyyətə ən böyük bəla olaraq müharibələrdən də ağır zərbələr endirdi. Bu zərbələr bütün dunya ölkələrini və xalqlarını vahid amal uğrunda –pandemiyaya qarşı qlobal mübarizə ətrafında düşünməyi və birləşməyi gündəmin zərurətinə çevirdi. Ölkəmizin hər zaman, eləcə də pandemiya dövründə ümumbəşəri dəyərlərə sadiq qalan və yeni humanitar təşəbbüslərlə bu zərurəti reallığa çevirəcək addımları bütün dünya ölkələri tərəfindən diqqətlə izlənildi və təcrübəsindən istifadə olunmağa başlandı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin pandemiyaya qalib gəlmək üçün qlobal həmrəyliyin, birliyin möhkəmliyinə töhfə kimi qiymətləndirilən yeni modeli onun strateji əhəmiyyətinin böyüklüyünü digər ölkələrin təsdiqinə, daha dəqiq desək, etirafına səbəb oldu. Əvvəla ona görə ki, Azərbaycan bu mübarizədə qlobal çağırışlarla çıxış edən nadir ölkələrdəndir. Problemin ümumi həlli yolunda Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısının və 2020-ci ilin dekabr ayında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi sessiyasının keçirilməsinin əhəmiyyəti bu kontekstdə ayrıca qeyd olunmalıdır. Ölkəmizin Qoşulmama Hərəkatı adından BMT-nin İnsan hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürməsi, həmin qətnamənin bu ilin mart ayında yekdilliklə qəbul olunması və ölkəmizin inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə az inkişaf etmiş ölkələrə dəstək verməyə çağrışı həm də dövlətimizin hər zaman olduğu kimi burada da ədalətlilik prinsipinə səadaqətini dünyanın gözü önünə sərdi.
Bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında tarixi çıxışı həm ölkə daxili, həm vahid evimiz olan bütün dünya üçün həm görülmüş, həm də bundan sonra görülməsi vacib olan sistemili tədbirlərə, məqsədlərə aydınlıq gətirməsi ilə yenidən bütün dünya ölkələrinin diqqətini özünə çəkdi. COVİD-in mənfi təsirinə məruz qalmış öz ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketinin tətbiqi, peyvənd kompaniyasının başladılmasi ilə 2 milyon doza peyvəndin vurulması və həmçinin vəziyyətin nəzarətdə saxlanılması üçün qısa müddət ərzində 13 modul tipli və 1 daimi xəstəxananın inşa
edilərək istifadəyə verilməsi, xəstələrin müalicəsi üçün müəyyən edilmiş xəstəxanalarda çarpayıların toplam sayı 10 mini keçməsi faktları insan amilinə və onun sağlamlığına Azərbaycanın nə qədər diqqətlə yanaşdığının ən bariz göstəricisidir. Məhz buna görədir ki, ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır.
Dövlətimiz Ümumdünya Səhiyyə Təşkilatı ilə olduqca səmərəli əməkdaşlıq edir. Koronavirusla mübarizə ilə əlaqədar Azərbaycan ÜST-na könüllü olaraq 10 milyon ABŞ dolları həcmində maliyyə vəsaiti töhfə etmiş, həmçinin 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.
Əlbəttə, bütün bunlar onu göstərir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz dünya ölkələrinin ümumi təhdidlər qarsında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini daim davam etdirəcəkdir. Bütün Azərbaycan xalqı qürur hissi keçirir və fəxr edir ki, onun dövlət başçısı yalnız öz xalqının deyil, bütün bəşəriyyətin sağlamlığını düşünür və bu fonda qlobal problemlərin həllində dünya birliyinin və həmrəyliyinin ən böyük təşəbbüskarıdır.

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya