BolgeXeber.Com » Siyasət » Mina xəritəsi başlarına dəysin!

Mina xəritəsi başlarına dəysin!

5-06-2021, 10:36
Oxunub: 2 736 Səhəri acı xəbərlə açdıq. Erməni terrorçuların Kəlbəcərdə basdırdığı mina iki jurnalist həmkarımızın, daha bir nəfər vətəndaşımızın həlak olmasına səbəb oldu. Müharibənin bitmədiyi bir daha təsdiqləndi. Bizi təkcə informasiya və diplomatiya savaşında deyil, elə döyüş meydanında da gərgin mübarizə gözləyir.
Neçə müddətdir ki, Azərbaycan Ermənistanın Qarabağ torpaqlarını başdan-ayağa minalaması nəticəsində onlarla vətəndaşımızın həlak olduğunu, yüzdən artıq mülki vətəndaşımızın yaralandığını bəyan edərək, beynəlxalq aləmdən tədbir görülməsini istəyir. Amma nə fayda?!
Bütün bu müraciətlərin cavabında Azərbaycana göndərilən məktublarda, açılan telefon zənglərində erməni terrorçuların, diversantların dərhal, qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər. Təsəvvür edin, bir dövlət, bir millət terrorla üz-üzədir, səsinə səs verilməsini istəyir, amma özlərini ədalət carçıları adlandıran dairələr mina basdıranları, dinc insanları qətlə yetirənləri “dərhal” azadlığa buraxılmasını tələb edir. Həyasızlıqdır! Alçaqlıqdır! Cinayətə, terrora ortaq olmaqdır!   
Bu günlərdə terrorçu ölkənin baş nazir əvəzi ilə görüşdən başı açılandan sonra Emanuel Makron Azərbaycan Prezidentinə Respublika günü münasibətilə təbrik məktubu yollamışdı. Təsəvvür edin, o boyda ölkənin prezidentinin təbrik məktubuna da erməni diversantlara olan sevdası sirayət etmişdi. Avropa Parlamenti, Avropa Şurası, Avropa İttifaqı, Minsk Qrupu, Dövlət Departamenti, daha haralar, bir-birilə bəhsə giribmişlər kimi Azərbaycana çağırış edirlər erməni terrorçularının azadlığa buraxılması ilə bağlı. Soruşmaq lazımdır: siz sizi öldürənləri, terrorçuları sərbəst buraxarsınızmı?! 
Budur, Azərbaycanın 3 vətəndaşı - ikisi jurnalist olmaqla şəhid olub, yaralılarımız var, amma dünya susur, lal olub ermənilərə illərdir pərəstiş edənlər! Azərbaycan əsgəri Kəlbəcər və Laçın istiqamətində sərhədlərin dəqiqləşdirilməsi prosesini icra edir, Qərb paytaxtları haray salırlar ki, etməyin, gözləyin, biz gələk sərhədlərin dəqiqləşdirilməsi işində iştirak edək! Sənin nə ölümün var Ermənistan-Azərbaycan sərhədində?! Əgər ədalət tərəfdarısansa, Ermənistana de ki, rədd etsin əsgərini Azərbaycan ərazisindən! Deməli, bunlara sakitlik lazım deyil, gərginlik yaradıb, başlarını bölgəyə soxmaq istəyirlər.
Azərbaycan  növbəti dəfə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib - Ermənistanın mina xəritələrini verməkdən imtina etməsilə bağlı. Birinci müraciətə lal oldular, hansı ki, ermənidən şikayət gedən kimi, dərhal dilləri açılır, şivən qoparırlar. Ermənilər mina xəritələrini versə belə, onlara etibar etmək olmaz! Minaların təmizlənməsini istəyən ölkə müharibədən aylar sonra, may ayında diversantlarını Azərbaycan ərazisinə göndərməzdi. O zaman yolları minalaya bilmədilər, ələ keçdilər. Amma son hadisə göstərdi ki, düşmən geri çəkilmək istəmir...
Millət vəkili Fazil Mustafanın fikirləri ilə tamam razıyam. Sitat: “Artıq yetərli deyilmi? Biz bu cür mina partlayışı xəbərlərini ermənilərin yaşadığı hər köşədən almalıyıq. Bizim ərazilərimizdə basdırılmış minaların on qatını Ermənistan ərazisində, on qatını da erməni separatçılarının yaşadığı Azərbaycan ərazisində basdırmalıyıq. Bu vəhşilər durub sizə xəritə verəcəklər? Mina terroruna mina terroru ilə də cavab verilməlidir. Bunu bacaran oğullarımız, mütəxəssislərimiz var. Bu millət cavab görməyincə durmayacaq. Terroruna terrorla, minasına mina, yumruğuna yumruqla cavab verilməlidir”.
Haqlıdır. Düşmən haqq etdiyi cəzasını almalıdır!
Dünən oxudum ki, baş terrorçu Araik Arutyunyan rusların kölgəsinə sığınıb, Qarabağda qoz ağacları əkir. Digər terrorçular da mina əkir torpaqlarımızda. Biz Ermənistandan 30 il ərzində basdırdığı minaların xəritələrini istəyirik. Amma erməni günü bu gün diversiya qruplarını Kəlbəcərə göndərib, minalar basdırır! Belə olan təqdirdə köhnə mina xəritələri nəyimizə lazımdır? Çırpsınlar başlarına! Özü də təkcə ermənilər yox, elə onlardan maşa kimi istifadə edən dünya dövlətləri və təşkilatları da!
Ermənistan son alçaqlığı ilə növbəti dəfə “qırmızı xətti” keçdi! Bu, Azərbaycana savaş açmaqdır. Bunun cavabı sərt şəkildə verilməli, erməni peşiman edilməlidir!
Bu yol işlək yol olub, minadan təmizlənmiş yol olub. Deməli, minanı erməni yenicə basdırıb, Azərbaycana qarşı terrorun növbəti dalğası başlayıb. Azərbaycan antiterror əməliyyatına başlaması üçün tam əsas yarandı. Türkiyə ordusu Suriyada, Şimali İraqda antiterror əməliyyatı aparır, kim nə edə bilir ki? Azərbaycan da həm Qarabağda, həm də Ermənistan ərazisində antitteror əməliyyatına başlamalıdır, buna tam əsası var!..
 Elşad PAŞASOY