BolgeXeber.Com » Siyasət » Azərbaycan Cənubi Qafqaz regionunda güclü iqtisadi potensiala və əlaqələrə malikdir

Azərbaycan Cənubi Qafqaz regionunda güclü iqtisadi potensiala və əlaqələrə malikdir

7-06-2021, 13:58
Oxunub: 2 416 Azərbaycan iqtisadiyyatının yüksək artımı, ilk növbədə, onun quruluşunun çoxşaxəli genişlənmə mərhələsinə keçməsi ilə şərtlənir. Xüsusən, son zamanlar sahibkarlığın məqsədyönlü inkişafına dövlət tərəfindən daha yüksək dəstək verilməsi, onun istehsalyönümlü fəaliyyətinin təşviqi, istər yerli, istərsə də xarici iş adamları üçün münbit şəraitin yaradılması yerli imkanlar əsasında iqtisadiyyatın çoxşaxəli inkişaf istiqamətinin təşəkkülünə səbəb olmuşdur. Ümummilli Liderimizin strateji inkişaf kursunun yeni mərhələdə Prezident cənab İlham Əliyev tərəfindən qətiyyət və uğurla davam etdirilməsi ölkəmizin milli inkişaf modelini formalaşdırmış, bu modelin yeni qlobal çağırışlara uyğunlaşdırılmaqla tətbiqi bütün sahələrdə əsaslı müsbət dəyişikliklərə, böyük nailiyyətlərə yol açmış, gələcək tərəqqi üçün möhkəm təməl yaratmışdır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Gündən-günə yenilənən və inkişafda olan iqtisadiyyat valyuta sistemində də islahatların aparılmasını tələb edir. Bunun bir nümunəsi kimi tədavülə buraxılan 1, 5 və 50 manatlıq pul nişanlarını göstərmək olar. Ölkə rəhbərliyi tərəfindən hələ 2020-ci ilin oktyabrında, ölkədə fəaliyyət göstərən kommersiya bankları və bank olmayan kredit təşkilatları, həmçinin nağd pul ilə işləyən ödəmə sistemlərini idarə edən şirkətlər, yeni pul nişanlarının tədavülə buraxılması barədə məlumatlandırılmışdır. Hazırda bu sistemlərin pul nişanlarına uyğunlaşması prosesi demək olarki, yekunlaşmaq üzrədir. Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ulu öndər Heydər Əliyevin vurğuladığı “bir millət, iki dövlət” devizinə və tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Türkiyə Respublikası ilə iqtisadi əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin qazanılmasından sonrakı dövrə təsadüf edir. Türkiyə ilə iqtisadi münasibətlər müxtəlif sahələri əhatə edir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Türkiyə Azərbaycanın əhəmiyyətli ticarət tərəfdaşı olmaqla ölkəmizin xarici ticarət dövriyyəsində və ixracında 2015-ci ildən, idxal əməliyyatlarında isə 2013-cü ildən etibarən 2-ci yerdədir. Türkiyədən Azərbaycana investisiya qoyuluşlarında əsas sahələr qeyri-neft sektorudur. Türk şirkətlərinin Azərbaycanda əsas fəaliyyət sahələri inşaat, informasiya-rabitə, maliyyə və sığorta, qida istehsalı, nəqliyyat, tekstil sektorlarıdır. Azərbaycan-Türkiyə arasındakı investisiya qoyuluşlarının həcmini artırmaq üçün geniş potensial mövcuddur. Bu amillərdən biri Naxçıvanla quru yollarının açılmasıdır. Belə ki, Naxçıvanla nəqliyyat dəhlizinin, tarixi “Ələt-Culfa” dəmir yolu xəttinin bərpası və bu dəmir yolunun Azərbaycan və Türkiyə arasında imzalanan memorandumda nəzərdə tutulan “Qars-İğdır-Culfa” dəmir yolu xəttinə inteqrasiyası ilə gələcəkdə vahid nəqliyyat-logistika şəbəkəsi qurula bilər. Bu nəhəng layihə ilə Azərbaycan və Türkiyə Avropa ilə Asiya arasında fasiləsiz daşımaların həyata keçirilməsinin əsas tərəfdaşları olacaq ki, bu da hər iki ölkəyə investisiya qoyuluşlarını artıra bilər. Bu layihələrin reallaşmasına mənfi təsir göstərən “Dağlıq Qarabağ” probleminin ölkəmizin xeyrinə həll olunması və yaxın zamanlarda açılması gözlənilən Zəngəzur dəhlizi, “Türk Dünyası”-nın nəqliyyat və ticarət infrastrukturunun birləşməsinə əsaslı zəmin yaradır. Ölkə başçısı Cənab İlham Əliyevin iqtisadiyyatın inkişafı sahəsində atdığı addımların sırasında yaxın günlərdə açılışı edilmiş İqtisadiyyat Nazirliyinin yeni binasını da göstərmək olar ki, bu da iqtisadi sahədə yenidənqurma və təkamülün, müasir texnika və texnologiyalar ilə təchiz olunmuş, yüksək sturuktura və idarəetmə potensialına malik vahid mərkəzdən idarə edilməsinə şərait yaradır ki, bu da ölkəmizin dünya standartlarına cavab verən iqtisadi potensialının göstəricisidir.