BolgeXeber.Com » Siyasət » Azərbaycan və Türkiyə arasındakı münasibətlər artan tempdə inkişaf edir

Azərbaycan və Türkiyə arasındakı münasibətlər artan tempdə inkişaf edir

8-06-2021, 18:50
Oxunub: 2 744 Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlamışdır. Bu istiqamətdə ilkin olaraq 1 noyabr 1992 tarixində Azərbaycan və Türkiyə arasında Ankarada “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş” imzalanmış, 23 yanvar 1993 tarixindən isə qüvvəyə minmişdir. İkitərəfli iqtisadi münasibətlərin hərtərəfli inkişafı baxımından, 1994-cü ildən sonra həyata keçirilən tədbirlər və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi istiqamətində atılmış addımlar xüsusi mərhələnin əsasını qoymuşdur. Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərin formalaşması, əməkdaşlıq üçün yüksək şəraitin yaradılması təbii ki, yenicə müstəqillik qazanmış ölkəmizin hələ tam müstəqil iqtisadi münasibətlər qurulmasında təcrübəsinin olmağı vaxtlara təsadüf edirdi. Yaxşı ki, Allah təala Azərbaycana qara qızıl bəxş etmişdir. Bu yeraltı sərvətdən səmərəli istifadə edilməklə iqtisadi münasibətlərin daha geniş sahələrdə qurulmasına, iqtisadiyyatın inkişafına nail olundu.
Azərbaycan və Türkiyə arasında , eləcə də hər iki dövlətin birgə səyi ilə neft borularının çəkilişi, Avropa dövlətlərinin bu layihələrə qoşulması, nəqliyyat və infrastruktur üzrə yeni perspektivlərin meydana çıxmasına təkan vermiş oldu.
Neft məhsullarının Türkiyəyə və Türkiyə vasitəsilə Avropa ölkələrinə çatdırılmasına nail olunması maraqlarımıza xidmət edən yeni iqtisadi siyasi vəziyyət yaratmışdır.
Ölkələrimizin birgə iri iqtisadi layihələrin reallaşdırılmasında eyni mövqedən çıxış etmələri Azərbaycan- Türkiyə yeni coğrafi- siyasi gücün ortaya çıxmasına səbəb olmuş, bu da öz növbəsində daha böyük coğrafiyada bu iki dövlət üçün yeni faydalı iqtisadi vəziyyətə zəmin yaratmışdır.
Bu gün qonşu və Avropa ölkələrinin, bölgədə marağı olan dövlətlərin Türkiyə və Azərbaycanla iki tərəfli münasibətdə uyğunlaşdırılmış siyasət yürütmələrinin şahidi oluruq. Bir sıra dövlətlər Azərbaycan və Türkiyəyə yanaşmada bu iki dövlətin hərbi, siyasi, iqtisadi sahədə yaxın , bir çox hallarda isə vahid mövqedən çıxış etmələrinə uyğun mövqe sərgiləmələrini müşahidə edirik.
Xüsusilə, Azərbaycan üçün həyati əhəmiyyətə malik olan 44 günlük Qarabağ savaşında yuxarıda qeyd etdiyim mənzərəni görmək mümkündür.
Cari ilin 29 may tarixində Prezident İlham Əliyev Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi numayəndə heyətini qəbul etdiyi zaman bir daha əməkdaşlığın strateji əhəmiyyət kəsb etdiyini və iqtisadi sahələrin qarşılıqlı şəkildə əlaqələndirilməsinin vacib olduğunu bildirmişdir.
Bu gün Azərbaycan və Türkiyə arasında müxtəlif sahələr üzrə təsis edilmiş bir sıra birgə mexanizmlər fəaliyyət göstərməkdədir. Bunlardan xüsusilə, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə kimi mexanizmləri vurğulamaq olar.
Digər tərəfdən, ölkəmizin regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçirilmiş və hal-hazırda reallaşdırılmaqdadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP) layihələri bu baxımdan ən yaxşı nümunələrdir.
BTC layihəsinin reallaşdırılması istiqamətində mühüm bir addım kimi, 29 oktyabr 1998 tarixində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri arasında "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəmərinin tikintisi ilə bağlı "Ankara Bəyannaməsi" imzalanmış, 18 noyabr 1999 tarixində isə ATƏT-in İstanbul zirvə toplantısında "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə "Bakı-Tbilisi-Ceyhan" Əsas İxrac Boru Kəməri vasitəsilə nəql edilməsinə dair" Sazişə imza atılmışdır. 13 iyul 2006 tarixində Türkiyənin Ceyhan limanında Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin rəsmi açılış mərasimi keçirilmişdir.
BTC kimi Bakı-Tbilisi-Ərzurum qaz kəməri də iki ölkə arasındakı regional xarakterli ən mühüm layihələrdən biridir. 2007-ci ildən etibarən bu xətt ilə Türkiyəyə qaz nəqlinə başlanmışdır. Türkiyə ilə Yunanıstan arasında qaz boru sistemlərinin birləşdirilməsindən sonra isə Azərbaycan üçün bu kəmər vasitəsilə Avropa İttifaqı ölkələrinə qaz ixracı mümkün olmuşdur. BTC əsas ixrac boru kəmərinin fəaliyyətə başlaması, BTƏ qaz boru kəmərinin istismara verilməsi və bununla da, Azərbaycanın dünya bazarına neft və qaz ixrac etmək imkanı əldə etməsi ölkələrimizin imkanlarını daha da genişləndirmişdir.
Nəqliyyat infrastrukturunun diversifikasiyası, beynəlxalq yük və sərnişin daşımalarının ölkələrimizin ərazisindən tranzitinin daha da artırılması, regional əməkdaşlığın inkişaf etdirilməsi baxımından Azərbaycan və Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edən hadisələrdən biri ölkələrimizin rəhbərlərinin təşəbbüsü və iradəsi ilə “Bakı-Tbilisi-Qars yeni dəmiryolu xətti” layihəsinin reallaşdırılması olmuşdur.
İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə - TANAP layihəsi Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyır. TANAP çərçivəsində Türkiyəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılmışdır. Başlanğıcda illik 16 milyard kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 milyard kubmetrə, sonra 31 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur. 1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaqdır. Son illər isə Azərbaycandan Türkiyəyə investisiya qoyuluşlarında mühüm artım müşahidə olunmaqdadır. Belə ki, hazırda Türkiyədə Azərbaycan sərmayəli 2000-ə yaxın şirkət fəaliyyət göstərməkdədir. Yalnız Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki investisiyalarının ümumi həcmi 2016-cı ildə 12,6 milyard dollara çatmışdır. Bununla da, Türkiyədə investisiya qoyan Azərbaycanlı iş adamları həm firma sayı, həm də investisiya həcmi baxımından Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir. Yaşasın Türkiyə Azərbaycan qardaşlığı.