BolgeXeber.Com » Siyasət » Müxalifətin tarixə dönən mitinq taktikası - yenə ola bilərmi?

Müxalifətin tarixə dönən mitinq taktikası - yenə ola bilərmi?

10-06-2021, 10:36
Oxunub: 2 760

Aydın Mirzəzadə: “Bu gün açıq, heç bir məhdudiyyət qoyulmayan sosial şəbəkələrdən geniş istifadə olunur”

Son illərdə ölkə müxalifəti mitinqlərə ara verib. Doğrudur, buna əsas kimi bir ildən artıqdır ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da davam edən koronovirusla əlaqədar tətbiq edilən məhdudiyyətlər göstərilir.
Amma ötən ilin martından etibarən ölkəmizdə pandemiya ilə bağlı sərt qərarlar veriləndən öncə də müxalifətin aksiyaları yox idi.
İndi isə 44 günlük II Qarabağ savaşından qalib çıxan bir iqtidar var. Bu faktoru nəzərə alaraq, əksəriyyət hazırda mitinqlərə pandemiya olmasa belə ehtiyac görmürlər. Lakin fərqli düşünənlər də az deyil.
Hazırda əsas suallardan biri bu mərhələdə hökumətin mitinqlərə icazə verib-verməyəcəyi yönündədir.
YAP-çı deputat Aydın Mirzəzadə yaranan suallara belə aydınlıq gətirdi: “Hakimiyyət yönümündən asılı olmayaraq, istənilən siyasi partiyanın hüquqlarının qorunmasında maraqlıdır. Partiyaların qeydiyyata alınması, onların mənzil-qərargahla təmin olunmaları, parlamentdə təmsil olunan partiyalara dövlət tərəfindən maliyyə ayrılması çoxlu sualların cavabıdır. O cümlədən onların kütləvi aksiyalar keçirmək hüquqları da var. Ancaq bir məsələ var ki, pandemiya ilə əlaqədar müəyyən məhdudiyyətlər mövcuddur. Əgər onların müraciətləri həmin məhdudiyyətlər sırasında olanlarla ziddiyyət təşkil etməyəcəksə, icazə veriləcək. Əksi olarsa, onlar gözləməli olacaqlar. Yəqin ki, bugünlərdə yeni açılan restoranların birində xaricdən gələn bir müğənninin konsertinə çoxlu sayda insanların toplanmasına dövlətin reaksiyası hamıya məlumdur. Orada da insanlar toplum şəklində oldular və bu da koronovirusun yayılması üçün bir mənbə olurdu. Həmin o müəssisə cərimələndi və digər ictimai-iaşə obyektlərinə də xəbərdarlıq edildi. Düzdür, siyasi partiya tamam ayrı bir təşkilatdır. Ancaq bununla bərabər onlar da mitinq keçirsələr, heç şübhəsiz ki, ora çoxlu sayda insanlar toplanacaq. Bu da koronavirusun yayılmasına səbəb ola bilər. Yəni onların müraciəti ilk növbədə, koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərə nə dərəcədə uyğun gəlib-gəlməməsi ilə ölçüləcək”.
Aydın Mirzəzadə: Ermənistan növbəti dəfə özünün Azərbaycan tərəfindən çox  sərt siyasi zərbəsini aldı
Aydın Mirzəzadə
Deputat həmçinin mitinqlər üçün bir əsas görmür: “Siyasi partiya olaraq Yeni Azərbaycan Partiyası mitinqlərə bir ehtiyac görmür. Prinsip etibarı ilə bu gün işlək, demokratik, müxtəlif fikirlərin toqquşduğu bir parlament var. Fikirlər orada səslənir. Bu gün açıq, heç bir məhdudiyyət qoyulmayan sosial şəbəkələrdən geniş istifadə olunur. Hər kəs orada sərbəst şəkildə fikirlərini ifadə edə bilir. İnternet, teleqram kanalları fəaliyyət göstərir. Bir sözlə, fikirlər ifadə edilir. Bu gün dövlət, cəmiyyət qarşısında elə bir ağır problem yoxdur. Bir problemimiz var idi, o da Dağlıq Qarabağ problemi idi. Bunu da həll edə bildik. Digər məsələlər isə inkişafdan irəli gələn məsələlərdir. Onların da həllinə dövlət çalışır. Amma müxalif qüvvələr var ki, daim qərəzli mövqedən çıxış edir, iqtidarla razılaşmadığı məqamları ən böyük problemlər kimi qələmə verməyə çalışırlar. Düşünürəm ki, bunu çatdırmaqla yanaşı öz təkliflərini də ortaya qoymalıdırlar. Çox təəssüflər olsun ki, Azərbaycanda müxalifətin müəyyən bir hissəsi, daha konkret desək, radikal hissəsi tənqid edir, amma təklifləri yoxdur. Qaldırdıqları məsələnin hansı yolla həll edilməsi barədə danışmırlar, bəlkə də heç bunu bilmirlər. Bu baxımdan onların söylədikləri populizmdən o tərəfə keçmir”.
Cavanşir ABBASLI,