BolgeXeber.Com » Siyasət » YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya: “Şuşa Bəyannaməsi tarixə yazılmış qardaşlıq nümunəsidir!”

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya: “Şuşa Bəyannaməsi tarixə yazılmış qardaşlıq nümunəsidir!”

7-07-2021, 10:37
Oxunub: 2 248 Bütün dostluqlar dar gündə tanınır. Əslində Azərbaycan Türkiyə dostluğu, qardaşlığının möhkəmliyi Vətən müharibəsində, Azərbaycanın ən çətin günündə, əsl sınaq, savaş, hərb meydanında həm hər kəsə, bütün dünya dövlətlərinə, həm də zamanın, əsrlərin özünə nümunə oldu! Bu nümunəni yaratmaq və yaşamaq hər rəhbərin işi deyil! Buna rəhbərlərin güc, qüvvət, qüdrət qədər, onlardan yüzqat, min qat çox, nəhəng, möhtəşəm, ən sadə vətəndaşından tutmuş ali rəhbərinədək - bütün xalqın ürəkdən sevgisi, məhəbbəti, hörmət və dəyəri, zamanın gücünün çatmayacağı vəhdəti gərəkdir! Bunlar isə bütün dünyanın gördüyü kimi yalnızca Azərbaycan və Türkiyə qardaşlığının timsalındadır! Heç bir Bəyannaməyə ehtiyac olmadan! Amma ... sənədlərin dili ən kəskin sübutdur və gələcəyin qarantıdır! Məhz buna görə də DOSTLAR beynəlxalq təşkilatlar müstəvisində, BMT, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində aktual xarakter kəsb edən qarşılıqlı həmrəylik və dəstəyi nümayiş etdirərək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyəti, ikitərəfli əməkdaşlığı necə möhkəmləndirəcəklərini, dərinləşdirəcəklərini və bir-birinə qarşılıqlı dəstək olacaqlarını sənədlə, Azərbaycanın qədim şəhəri Şuşada imzaladıqları Bəyannamə ilə ortaya qoydular! Şuşa Bəyannaməsinin imzalanmasınadək isə... İyunun 14-də NATO Sammiti çərçivəsində Türkiyə Prezidenti ABŞ Prezidenti ilə görüşdü. Görüşdən sonra Bayden “əminəm ki, Türkiyə və Birləşmiş Ştatlar münasibətlərdə əsl tərəqqiyə nail olacaqlar” bəyanatını verdi. Ərdoğan görüşü “məhsuldar və səmimi” kimi xarakterizə etdi. O, əlavə etdi ki, “münasibətlərdə həll oluna bilməyəcək mövzular yoxdur və əməkdaşlıq sahələri problemlərdən daha böyük və zəngindir”. Baydenlə görüşdən dərhal sonra Ərdoğanın Şuşaya gəlişi və tarixi Bəyannamənin imzalanması, buradan verilən mesajlar qlobal çağırışlarla dolu bir zamanda təkcə iki ölkə üçün deyil, bütöv region üçün böyük əhəmiyyətə malikdir. Həm də ona görə ki, bu mesajlarda təhdid yoxdur, yalnız və yalnız hər kəsi, hətta mənfur Ermənistanı sülhə, tərəqqiyə, inkişafa çağırış var. Bütün Qafqazın, regionun inkişafını təmin edən əməkdaşlıqdır bu.
Bu Bəyannamədəki dostluq böyük bir keçmişə və tarixə söykənir, qardaşlıq münasibətlərini və strateji tərəfdaşlığı rəsmiləşdirən tarixi sənədlərə əsaslanır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, Şuşa Bəyannaməsi 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinə iki dost və qardaş ölkənin sadiqliyinin təcəssümüdür. Şuşa Bəyannaməsi 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamıdır. Məhz buna görədir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kim Şuşa Bəyannaməsi həm keçmiş tariximizə verilən qiymət, həm də gələcək nəsillərə ötürdüyümüz çox böyük mirasdır.

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya