BolgeXeber.Com » Siyasət » Azərbaycana göstərilən önəmli beynəlxalq dəstək

Azərbaycana göstərilən önəmli beynəlxalq dəstək

16-07-2021, 16:36
Oxunub: 2 280 2021-ci ildə Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi qeyd olunur. Ulu Öndər Heydər Əliyev xarici siyasətinin əsasını sülh,başqa ölkələrin ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına hörmət,daxili işlərinə qarışmamaq və qarşılıqlı yardım prinsipləri təşkil etmişdir.Azərbaycan xalqının heç kəsin ərazisində, torpağında gözü yoxdur.Ulu Öndər siyasətini uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyev bütün sahələrdə olduğu kimi xarici siyasət sahəsində də uğurlu addımlar atır. Elə bu addımların bariz nümunəsidir ki,heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama hərəkatına uzv olmuşdur.
Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanmışdır. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilmişdir.
2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil edib. Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsü irəli sürülmüş və 2020-ci il mayın 4-də həmin tədbir təşkil olunmuşdur. Təmas Qrupunun dünyanın müxtəlif regionlarını təmsil edən üzvləri ilə yanaşı, onlayn Zirvə görüşündə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də iştirak etmişdir. Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir.
Zirvə görüşü zamanı Azərbaycan Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif edib. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutub;
Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub;
30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. Bir milyondan çox azərbaycanlı öz torpağında qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan 1992-ci ilin fevralında Xocalı soyqırımını törədib, 106-sı qadın, 63-ü uşaq olmaqla, yüzlərlə dinc insanı qətlə yetirib. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb.30 il ərzində Ermənistan aparıcı beynəlxalq təşkilatların qətnamə və tələblərinə məhəl qoymayıb ötən ilin sentyabrında Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi hücuma keçdi. Bu təcavüzə cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı . Qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Silahlı Qüvvələrin Ali Baş
Komandanı,möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Qüdrətli Azərbaycan Ordusu dədə-baba yurdumuzu düşmən tapdağından azad etdi.
Sülh carçısı olan ana yurdum, doğma Azərbaycanım ! Arzu edirəm ki, səman həmişə təmiz, açıq olsun. Səmanda heç bir vaxt düşmən təyyarəsi, qırıcısı görünməsin. Sülh göyərçinləri və üçrəngli bayrağımızın təsvirini yaradan təyyarələrimiz bayram günləri göy üzərində süzsün. Ölkəmizdə həmişə sülh və əmin- amanlıq olsun !
Arifət Əhmədova: Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru