BolgeXeber.Com » Siyasət » Tarixi torpaqlarımıza qayıdış

Tarixi torpaqlarımıza qayıdış

20-08-2021, 17:27
Oxunub: 2 568 Prezident İlham Əliyev: “Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpaqlarımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq.” Qələbəmiz,doğma torpaqlarımıza qayıdışımız əbədi olsun.
Prezident İlham Əliyev işgaldan azad edilmiş doğma torpaqlarımıza 10 dəfədən artıq səfər edib. Növbəti səfər avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına olub.
Möhtərəm prezidentimiz İlham Əliyev işğaldan azad olunmuş yurd yerlərimizin Azərbaycanın ümumi enerji sisteminə qoşulması və fasiləsiz enerji ilə təmin olunması məsələsinə xüsusi diqqət və tələbkarlıqla yanaşır. Çünki, yol mədəniyyətdir, işıq, su həyatdır. Prezident İlham Əliyevin sərəncamına əsasən uzunluğu 72,8 kilometr olacaq Kəlbəcər - Laçın avtomobil yolunun üzərində ümumi uzunluğu 9450 metr olan 3 tunel də tikiləcək.
Laçın rayonunun Qorçu kəndi ərazisində tikiləcək hava limanı bölgənin sosial-iqtisadi inkişafına və turizm potensialının artmasına mühüm təsir göstərəcək. Hər növ təyyarələrin, o cümlədən yük təyyarələrinin də eniş edə biləcəyi bu hava limanı Şərqi Zəngəzurun və Qarabağın bərpasına töhvə verəcək. Laçın şəhərinə 30 kilometr, Kəlbəcər şəhərinə 60 kilometr, Şuşa şəhərinə isə 70 kilometr məsafədə yerləşən hava limanı həmçinin, doğma torpaqlarından didərğin düşmüş soydaşlarımızın bu zonalara qaytarılmasına da xidmət edəcək.
Bu günü bütün Azərbaycan xalqı səbirsizliklə gözləyir. Əzəli torpaqlarımızda sayrışan işıqlar altında şənlik, çal-çağır, toy-büsat səslərinin ucalacağı günü səbirsizliklə gözləyir.
Prezident İlham Əliyev səfər zamanı İsti su sanatoriyasında gedən işlərlə maraqlandı və “İsti su”yun öz əvvəlki şöhrətinin qaytarılmasının mühüm vəzifə olduğunu bildirdi.
Mən Kəlbəcər işğaldan azad olunan gün əslən Kəlbəcərdən olan bir ziyalı xanımı təbrik etdim. Biz sevincimizi bölüşdük və o, mənə belə bir sual verdi.
-Siz Kəlbəcərdə olmusuzmu?
Mən təəssüf hissi ilə “Yox” - deyə bildirdim.
O isə cavabında: - Demək indiyədək siz heç bir gözəllik görməmisiniz. Çünki, Kəlbəcər dünyanın ən gözəl, ən səfalı yeridir. Arzu edirəm ki, biz Kəlbəcərə qayıdaq və siz bizə qonaq gələsiz. O torpaqların gözəlliyini sizinlə birgə görək.
Amin - dedim.
Möhtərəm Prezidentimiz! Sizin Və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş torpaqlarımıza səfərləriniz bizdə böyük ruh yüksəkliyi yaradır, yaşamaq üçün stimul verir. Sanki, o əraziləri biz də sizinlə gəzir, erməni vəhşiliyinin izlərini görəndə sizinlə birgə biz də hiddətlənir və kövrəlirik. Doğma yurd yerlərimizin gözəlliyindən sizinlə birgə bizdə zövq alırıq. Biz hər zaman – çətin gündə də, xoş gündə də Sizinləyik, əziz Prezidentimiz. Bunu 2-ci Qarabağ müharibəsində azərbaycanlılar bir yumruq kimi birləşərək, düşməni torpaqlarımızdan “iti qovan kimi” qovaraq Qarabağın gözü olan Şuşanı bıçaq və tapança ilə, əlbəyaxa döyüşlə azad edərək, Azərbaycanın Zəfər tarixini yazdı. İşğaldan azad olunmuş ərazilərdə həyat canlandıqca, sayrışan işıqların sayı çoxaldıqca bu əraziləri canı-qanı bahasına azad etmiş şəhidlərin ruhu şad olacaq. Torpaqlarımızın bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərə allahdan rəhmət, qazilərə can sağlığı arzulayıram.
Arifət Əhmədova: Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru.