BolgeXeber.Com » Siyasət » Sülh naminə danışıqların aparılması labüddür

Sülh naminə danışıqların aparılması labüddür

2-10-2021, 11:30
Oxunub: 2 296 Azərbaycan artıq bir neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Müharibə bitib, münaqişə öz həllini tapıb. Biz regionu daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaradacaqdır.
Azərbaycan danışıqlara və istənilən yüksək səviyyəli təmaslara hər zaman hazır olduğunu bildirib. Hər yeni təmas açıq qalmış sualların cavablandırılması üçün fürsətdir. Aparılan hər bir yeni danışıq regionun inkişafı üçün yeni başlanğıc nöqtəsi ola bilər. Azərbaycanın mövqeyi çox aydındır. Gələcək və sülh haqqında, regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında fəal danışıqlar aparılmalıdır;
Adətən iki ölkə rəhbəri arasında təmaslar ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunurdu. Onlar gündəliyi təklif edirdi və görüşləri təşkil edirdi. Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, Azərbaycan buna qarşı çıxmaz;
Regionda sülhün bərqərar olunması istəyi Azərbaycanın rəsmi mövqeyini əks etdirir. Sülh müqaviləsi mütləq olmalıdır. Sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işlər aparılmalıdır. Ermənistanla sülh sazişinin üzərində danışıqlara hazırlıq başlanmalıdır. Ancaq, bunların heç birinə Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməyib. Qeyd olunan hal Ermənistandakı siyasi isteblişmentin bəzi dairələrində revanşizm tendensiyalarının mövcudluğu ilə izah oluna bilər. İstənilən halda, Azərbaycan öz xəbərdarlığını edib.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları absurddur. Onlar hələ də iddia edirlər ki, “Dağlıq Qarabağ” Azərbaycana məxsus deyil. Onlar hələ də iddia edirlər ki, o, ya Ermənistana məxsusdur, ya da ki, “müstəqil” bir qurumdur. Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan, ilk növbədə, Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır;
Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Onlara muxtariyyətin verilməsi artıq müzakirə mövzusu deyil;
Azərbaycan heç vaxt öz qonşularına qarşı ərazi iddiaları ilə çıxış etməyib. 1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib. Azərbaycan yalnız tarixi faktlara istinad edib. Vəziyyət normallaşandan sonra sülh müqaviləsinə nail olunacaqsa, azərbaycanlılar legitim şəkildə Zəngəzura qayıda bilər və bu, bizim hüququmuzdur.
Öz həllini tapmış münaqişə ilə bağlı siyasi manipulyasiya yolverilməzdir. Fransa hər zaman Azərbaycanda dost ölkə hesab olunub. Biz bir çox iqtisadiyyat,
ticarət və infrastruktur layihələrini həyata keçirmişik. Münasibətlər uğurla inkişaf edirdi və biz ümid edirik ki, Minsk qrupunun həmsədri və dürüst vasitəçi kimi Fransa bu vəzifəyə sadiq olacaq. Fransa Minsk qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı;
Müharibə zamanı Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Fransa tərəf seçdi - Ermənistanın tərəfini. Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Münaqişə boyunca Fransa özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu. Fransa vasitəçi ölkə kimi ATƏT-in mandatına sahibdirsə, bitərəf olmalıdır; Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik. Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır. Biz də bunu istəyirik. Odur ki, bir il əvvəl baş verənlərə qayıtmalı deyilik;
Azərbaycan tərəfi erməni hərbi əsirlərin saxlanılması ilə bağlı “Human Rights Watch”un ittihamlarını rədd edir. Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb. Ermənistan hökuməti də bunu təsdiq edə bilər. Biz onları, hətta onlar bizim hərbi əsirləri qaytarmazdan əvvəl qaytardıq.
Münaqişə artıq həll olunub, keçmişə qayıdış olmamalıdır və revanşizm yolverilməzdir.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin direktoru-Şəmsiyyə Abbaszadə