BolgeXeber.Com » Siyasət » Malik Həsənov: Xalqımız postmünaqişə dövrünün də zəfərlə başa çatacağına əmindir

Malik Həsənov: Xalqımız postmünaqişə dövrünün də zəfərlə başa çatacağına əmindir

5-10-2021, 12:20
Oxunub: 1 312 “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri mühüm hadisələrlə yadda qalır. Bu gün qürurla qeyd edirik ki, artıq torpaqlarımızın işğal deyil, işğaldan azad olunduqları günləri qeyd edir, Azərbaycan Ordusunun  qəhrəmanlığından qürurla bəhs edirik. Möhtərəm Prezidentimiz Bərdə və Tərtər rayonlarına səfəri çərçivəsində Suqovuşan qəsəbəsində və Talış kəndində Azərbaycan bayrağını qaldırdı,  bir daha 30 illik işğal dövründə ermənilərin havadarlarının dəstəyi ilə  sülh danışıqlarına imitasiya naminə qatılmalarından, yeni ərazilər uğrunda müharibə planlarından,  hər iki yaşayış məntəqəsinin  işğaldan azad olunmasının strateji əhəmiyyətindən bəhs etdi. Cəbrayıl rayonuna səfərində isə  ictimaiyyət nümayəndələri ilə görüşündə Azərbaycanın müstəqil siyasətinin uğurlarını əsaslı şəkildə diqqətə çatdıraraq bir daha vurğuladı ki, Azərbaycan heç bir dövlətin daxili işinə qarışmır, öz daxili işinə müdaxiləyə  hec zaman imkan vermir və verməyəcək.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev  müharibəni zəfərlə başa vurduğumuzu önə çəkərək  sülh dövrünü də zəfərlə başladığımızı  və zəfərlə də  başa vuracağımıza əminliyini ifadə edib: “44 günlük İkinci Qarabağ müharibəsinin ilk günlərindən Prezident İlham Əliyevin ətrafında sıx birləşən  Azərbaycan xalqı  bu birliyin qarşısıalınmaz gücünü göstərdi. Azərbaycanın nümayiş etdirdiyi “Dəmir yumruq” əməliyyatı gücümüzlə bərabər birliyimizin, həmrəyliyimizin də təqdimatı oldu. Məhz bu birliyə, Azərbaycan Ordusunun 44 gündə yazdığı tarixi Zəfərə söykənərək cənab İlham Əliyev bütün çıxışlarında, müraciətlərində Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələrə xəbərdarlığını çatdırır: Dəmir yumruq yerindədir.”
Millət vəkili  bildirib ki, artıq «Dağlıq Qarabağ termini», «status» sözü arxada qaldı, Ermənistanın qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması ilə  bağlı sərsəm   iddialarına son qoyuldu:  “Daşnakların faşizmə xidmət edən millətçi ideologiyasını tarixin səhifəsindən silən Milli Ordumuzun 2016, 2018-ci illərdəki zərbələrindən dərs almayan Ermənistan faşistləri 2020-ci ili heç vaxt unutmayacaqlar. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə   ordumuz  tariximizə   qələbələr salnaməsi yazdı. Ay yarım davam edən əks-hücum əməliyyatları ilə  Ermənistana,  30 il işğalçının faşist mahiyyətini dəstəkləyənlərə bildirildi ki, torpaqlarımızın işğal altında qalmasına, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaranmasına yol verilməyəcək. Möhtərəm Prezidentimiz İlham Əliyevin postmünaqişə dövrünün reallıqlarını özündə əks etdirən  xarici mətbuata son müsahibələrində də münaqişənin bitmədiyini iddia edərək vəziyyəti gərginləşdirmək istəyən dövlətlərə ciddi mesajlar ünvanlanır.”
    “Dünyada baş verən müharibələrin təcrübəsi göstərir ki, qüdrətli ordunun mövcudluğu, xalqla birliyi, dövlətin siyasi, iqtisadi qüdrəti,  insanların həmrəyliyi və mübarizlik əhval-ruhiyyəsi istənilən qələbənin  qazanılması üçün baslıca şərtdir. 30 ilə yaxın dövrdə  işğal altında qalan Füzulini, Cəbrayılı, Zəngilanı, Ağdamı,  Qubadlını,   Kəlbəcəri, Laçını, Şuşanı, Hadrutu… düşməndən xilas edən Azərbaycan Ordusunun hər bir zabiti, əsgəri    xalqımızın iftixar, qürur mənbəyinə çevrildi. Butun dünya dəmir  iradəyə malik Azərbaycan xalqının gücünü, birliyini, iradəsini, qələbə əzmini  gördü. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq işlərinin miqyasının genişliyi də bu birliyin aydın mənzərəsini yaradır.  Soydaşlarımızın Böyük Qayıdışının təmin olunması üçün bütün addımlar atılır. Cənab İlham Əliyevin  son səfərləri çərçivəsində Tərtər rayonunun Suqovuşan qəsəbəsində və Talış kəndində, həmçinin Cəbrayıl rayonunda açılışı  və təməlqoyma  mərasimi keçirilən sosial obyektlərin  say tərkibinə diqqət yetirmək kifayətdir. Ən əsası yol infrastrukturu tamamilə  yenilənir.  Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Cəbrayıla nə gözəl, geniş yol çəkilir. Vaxtilə Ermənistan rəhbərliyi buraya yol çəkmək istəyirdi. O da onların bütün arzuları kimi yarımçıq qaldı.  Bu yoldan Zəngəzur dəhlizində də istifadə olunacaq”,-deyə Malik Həsənov bildirib.
  Millət vəkili vurğulayıb ki, tarixi Zəfərimiz bu gün  bütün hədəflərimizə stimul verir, yeni əməkdaşlıq formatlarının gerçəkləşməsində əsas rol oynayır, regionun  sülh, sabitlik məkanına  çevriləcəyinə əminliyi artırır.