BolgeXeber.Com » Siyasət » Suqovuşanın azad olunması Vətən müharibəsində Böyük Qələbəni təmin etmiş önəmli uğurlardandır

Suqovuşanın azad olunması Vətən müharibəsində Böyük Qələbəni təmin etmiş önəmli uğurlardandır

7-10-2021, 14:00
Oxunub: 2 600 2020-ci il 3 oktyabr tarixində Suqovuşan qəsəbəsi işğaldan azad edilmişdir. Qəsəbənin azad olunması çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda vacib idi. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurdur və əsgərlərimizin döyüş ruhunun yüksəlməsinin səbəb olmuşdu. Bu ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər və məhdudiyyət yaradıldı. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi. Suqovuşan qəsəbəsinin əhəmiyyəti, eyni zamanda, ondadır ki, burada Suqovuşan su anbarı yerləşir. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara - Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi.
Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi xalqımıza əlavə güc verdi.
Suqovuşan qəsəbəsi uğrunda döyüşlərdən sonra Ermənistan ordusu dərin mənəvi-psixoloji sarsıntı keçirirdi. Onların gözü qorxmuşdu və bundan sonrakı dövrdə - oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. Təsadüfi deyil ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Mənasız əməliyyatlar səbəbindən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilirdi. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi.
İşğal zamanı Ermənistan Suqovuşan su anbarından istifadə edərək Azərbaycana qarşı ekoloji terror törədirdi. Hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və nəticədə xüsusi qətnamə qəbul edilmişdi. Ermənistan dövləti ittiham edilmişdi və bu, Azərbaycanın böyük uğuru olmuşdur. İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri gedir. Bizim azad edilmiş torpaqlarda – Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir;
“Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər görülməyə başlanmış və artıq bu stansiyalar işlək vəziyyətdədir. Bölgəni elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var. Vaxtilə sovet dövründə su anbarının yanında Ulu Öndər Heydər Əliyev tərəfindən iki su elektrik stansiyası inşa edilmişdi. Müharibə zamanı düşmən bu stansiyaları da
dağıtmışdır. Ermənistanın rəhbərliyi münaqişənin bütün dövrlərində öz cinayət əməlləri ilə seçilmişdirlər. Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanın adı erməni fərarilərin içində çəkilir. Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Hərbi cinayətlərə görə erməni rəhbərliyi mütləq olaraq məsuliyyət daşımalıdır.
Revanşizm yolverilməzdir və bu cür cəhdlərin qarşısı sərt alınacaqdır. Ermənistanda revanşist hisslərlə yaşayanlar bilməlidir ki, onların bütün niyyətləri boşa çıxacaq və Azərbaycanın dəmir yumruğu ilə rastlaşacaqlar. Əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan adekvat cavablar veriləcəkdir.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru: Şəmsiyyə Abbaszadə