BolgeXeber.Com » Siyasət » Malik Həsənov: 44 gündə bir addım da olsun belə geri çəkilmədik

Malik Həsənov: 44 gündə bir addım da olsun belə geri çəkilmədik

11-10-2021, 12:34
Oxunub: 1 104 “27 sentyabr 2020-ci il tarixdən başlanan və 44 gün davam edən  Zəfər yürüşünün hər günü tariximizi qələbə səhifələri ilə zənginləşdirdi.  Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 9-da Xocavənd rayonunun Hadrud qəsəbəsinin işğaldan azad edilməsinin  birinci ildönümünü Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə qeyd etmək üçün Hadrut  qəsəbəsinə və Tuğ kəndinə səfəri bir daha hər birimizi bir il bundan öncə yaşadığımız sevincli anlara  qaytardı. Ötən ilin  9 oktyabr tarixində  ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa  bu müjdəni çatdırmışdır: Hadrut qəsəbəsi və 8 yaşayış məntəqəsi işğaldan azad edildi.  Dövlətimizin qətiyyəti sayəsində Azərbaycan Ordusu strateji  yüksəklikləri işğaldan azad edərək hədəfə doğru inamla irəlilədi.  Bu baxımdan  Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin  strateji və hərbi nöqteyi-nəzərdən əhəmiyyəti  sonrakı Zəfərlərimizdə özünün aydın ifadəsini tapdı.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov bildirib ki, dövlət başçısının tarixi Zəfərimizdən sonra  bu ərazilərimizə hər səfəri soydaşlarımızın Böyük Qayıdışını daha da yaxınlaşdırır: “ Cənab İlham Əliyev   Hadrut qəsəbəsində yeni məscidin, yeni “Hadrut” Qovşaq yarımstansiyasının təməlini qoydu, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə  tanış oldu. Hadrut qəsəbəsinin timsalında dünya  bir daha görür ki, ermənilər 30 ilə yaxın dövrdə işğal etdikləri torpaqlarımızda yalnız  dağıntı işləri aparıblar. Azərbaycan bu gün  işğal illərində daşı daş üstündə qalmayan ərazilərini bərpa edir. Bunun üçün, təbii ki,  zamana ehtiyac var. Bu dağıntılar, eyni zamanda,  ermənilərin  bu torpaqlarda müvəqqəti olduqlarını dərk etdiklərini də təsdiqləyir. Baxmayaraq ki, onlar tarixi saxtalaşdırmaqla, özlərinə saxta tarix yazmaqla artıq tarixə qovuşmuş Dağlıq Qarabağın  onlara məxsus olduğunu bildirirdilər.  44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz   Ermənistanın  təbliğatının  istər işğal, istər müharibə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulduğunu bir daha  30 ildə həqiqətləri eşitmək və görmək istəməyən dövlətlərə çatdırdı. Real olan budur ki, ermənilərin  tarixi də, keçmişi də, dövlətçiliyi də, mifologiyası da saxtadır.”
“Müharibə haqqında hələ çoxlu kitablar, məqalələr yazılacaq, Azərbaycanın hərb tarixi öyrəniləcək” söyləyən M.Həsənov vurğulayıb ki, şəhidlərimiz qanları, qazilərimiz qəhrəmanlıqları, şücaətləri ilə  tarix yazaraq  xalqımızın böyüklüyünü, məğrurluğunu və yenilməzliyini dünyaya nümayiş etdirdilər: “Ölkə  Prezidenti xalqın həmrəyliyinin təsdiqi kimi  minlərlə gəncin könüllü olaraq cəbhəyə getmək istəyini, yaralıların sağalmadan döyüşə getdiklərini diqqətə çatdırır.  44 gündə bir addım da olsun belə geri çəkilmədik. Azərbaycan əsgəri, zabiti ilk  gündən bu amalla   müharibəyə başladılar ki, qalib olacaqlar, torpaqlarımız işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü  bərpa olunacaq.  Qələbənin səbəbi məhz bu idi- Vətən, torpaq sevgisi. Dünya mətbuatında da bu reallıq öz əksini tapır ki, Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsi  xalqımızın Vətən sevgisinin  nümunəsidir.”
Millət vəkili diqqəti postmünaqişə dövrünün mühüm reallıqlarına yönəldərək bildirib ki, Vətən müharibəsində tarixi Qələbə, ərazi bütövlüyümüzün  bərpası,  Azərbaycanın dünyada  layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri edir: “Bu baxımdan 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü adlandırılması ilə bağlı Milli Məclisə təqdim olunan  Qanun layihəsi ölkə ictimaiyyəti tərəfindən böyük  rəğbətlə qarşılanır. Azərbaycanın müstəqillik tarixi  1918-ci ildən başlanır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi  Azərbaycanın müstəqillik tarixində keçdiyi enişli-yoxuşlu yolun sonunda parlayan Azərbaycan üçün möhkəm təməlin yaranmasını  ətraflı şəkildə bugünkü və gələcək nəsillərə çatdırdı. 103 illik tarixi vərəqlənən   Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Qalib,  müstəqil Azərbaycan hər bir azərbaycanlı  üçün qürur mənbəyidir.”