BolgeXeber.Com » Siyasət » Davamlı inkişafın və uğurların təməlində duran siyasi peşəkarlıq

Davamlı inkişafın və uğurların təməlində duran siyasi peşəkarlıq

14-10-2021, 12:08
Oxunub: 2 872
2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
Ulu Öndər Heydər Əliyevin siyasi varisi İlham Əliyev 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə  76 faizdən çox səs toplayaraq Azərbaycan Respublikasının   Prezidenti seçilmişdir. Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə əvvəlcə Heydər Əliyevin siyasi kursuna səs verdi və Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
Prezidentliyin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atılmışdır. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı.
Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun  inkişafı ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələr həyata keçirildi.Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi.Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına,  minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.
Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Neft strategiyasının inkişafı sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini bibaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.
  Müasir dövrün yeni lideri Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirmişdir. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 18 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunmuş, insanların rifah halı daha da yaxşılaşmışdır. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilmiş, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilmiş  və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilmişdir. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
 İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli,məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi.Möhtərəm Prezidentimiz öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.
Prezident İlham Əliyev demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik cəmiyyət formalaşdıra bildi.
 Prezident İlham Əliyev beynəlxalq münasibətləri  dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi.
 Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Qeyd edə bilərik ki, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunmuşdur. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, çoxpartiyalı sistemin inkişafı ölkədə davamlı demokratik cəmiyyətin inkişafınin göstəricisidir. 
 2003-cü ildən etibarən Prezident İlham Əliyevin apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət  təsirini göstərir.
Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağıdır. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Respublikamız dünyada tolerantlıq məkanı kimi tanındı.
Möhtərəm  Prezidentimizin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur və ola bilməz. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019 - 2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.
  2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində də mühüm işlər həyata keçirildi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir.
İlham Əliyevin siyasi portretini formalaşdıran ən mühüm cizgilərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Məhz Regionların sosial-iqtisadi inkişafı proqramının həyata keçirilməsi sayəsində rayonlarda  tikinti, quruculuq işləri vüsət almış,sənaye və istirahət parkları açılmışdır.
           Bu gün məsələn,öz rayonumuzu misal göstərə bilərəm ki, Bərdədə tikilən məktəb binaları, Olimpiya Kompleksi,Diaqnostika mərkəzi,ASAN Xidmət və başqa resuslarla tikilən binalar Avropa standartlarına cavab verir, rayonumuzu gözəlləşdirir və əhaliyə xidmət edir. 3 oktyabr 2021- ci il tarixdə möhtərəm Prezidentimiz İlham Əliyev Bərdə rayonuna səfəri zamanı belə gözəl binalardan birinin- Bərdə Peşə liseyinin açılşını etdi. Dövlətimizin başçısına məlumat verildi ki, liseyin 5 bloklu tədris korpusunda sinif otaqları, laboratoriyalar, silah kabineti, idman və akt zalları, yeməkxana, emalatxana, iclas zalı və digər zəruri otaqlar vardır. Burada şagirdlərin mükəmməl peşə biliklərinə yiyələnməsi üçün hər cür şərait yaradılmışd.
Qeyd etmək istəyirəm ki, Ulu Öndər Heydər Əliyev  Bərdə rayonuna 14 dəfə səfər etmişdir  və səfərlərinin birində belə demişdir: ”Qarabağın bütün güşələri, o cümlədən Bərdə, mənim üçün daha doğma, daha əzizdir”.Bərdəlilər də hər zaman Ulu Öndərə dərin məhəbbət və inam bəsləmişdir. Bu gün də bütün Azərbaycan xalqı kimi, Bərdə əhalisi də Ulu Öndərin Siyasi Kurrsunun layiqli davamçısı İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti bəyənir və alqışlayır.
 Möhtərəm Prezidentimiin yürütdüyü  düzgün siyasət nəticəsində İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşmüş, Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradılmışdır. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin yaranmışdır.
 Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaratmışdır. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. 
Siyasi partiyalarla qurulan əməkdaşlıq, iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində müzakirələr vasitəsilə inkişaf etdirilməsi ölkədaxili siyasi mühitdə növbəti mərhələnin başlanğıcını göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Prezident Administrasiyasının nümayəndələri tərəfindən 2020-ci il fevral ayından etibarən üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə görüşlərin keçirilməsi təmin olunmuşdur. Bu vaxta kimi 680-dək belə görüş keçirilmişdir. İndiyədək qərargahı olmayan 22 siyasi partiya üçün müvafiq yerlər ayrılması, habelə vaxtı ötürülmüş qurultaylarının keçirilməsi istiqamətində tədbirlər görülmüşdür. Ötən müddət ərzində 25 siyasi partiya qurultaylarını keçirmiş və nəticələri dövlət qeydiyyatına alınmaqla bu partiyaların fəaliyyətində legitimlik təmin edilmişdir. Həmçinin uzun fasilədən sonra 7 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması təmin edilmişdir və hazırda daha 2 yeni siyasi partiyanın qeydiyyata alınmasına baxılmaqdadır.
 Aparılan islahatlar sayəsində və demokratik dəyərlərə sadiqliyin nəticəsində Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın deyil, regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir. Böyük potensiala malik olan YAP Prezident İlham Əliyevin həmfikirləri və silahdaşlarını öz ətrafında birləşdirərək ölkədə peşəkar vətənpərvər kadrların yetişdirilməsində əsas siyasi birliyə çevrilmişdir.
Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Bu bizim Zəfər ,Şərəf ,Qeyrət taiximizdir. İllər, əsrlər keçsə də bu Zəfər tariximiz  yeni gələn nəsillər tərəfindən qürurla öyrəniləcək və təbliğ olunacaqdır. Azərbaycan Silahlı Qüvvələrin  Ali Baş Komandanı İlham Əliyev həm Komandan kimi, həm də siyasi lider kimi mətanət, iradə nümayiş etdirərək, Prezident kimi 18 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, və qalib  xalq kimi tanıtdı.
 Möhtərəm, cənab Prezident! Biz, Sizi çox sevir və sizinlə qürur duyuruq. Sizi,  18 illik Prezidentlik fəaliyyətinizin  Zəfər tariximizlə çələngləndiyi ildönümü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, ailə xoşbəxtliyi və Azərbaycanın çiçəklənməsi naminə işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.
Arifət Əhmədova: Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru.