BolgeXeber.Com » Siyasət » Azərbaycan ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edən bir dövlətdir

Azərbaycan ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edən bir dövlətdir

15-10-2021, 10:30
Oxunub: 2 448 2021-ci il avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantının rəsmi açılış hissəsinə sədrlik edib. Dövlət başçısı tədbirdə videoformatda çıxış edib. Prezident İlham Əliyev əvvəlcə Qoşulmama Hərəkatının əhəmiyyətindən bəhs edərək bildirib ki, 1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynamışdır. "BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır" deyə bildirən Prezident İlham Əliyev onu da qeyd edib ki, əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik.
Eyni zamanda Azərbaycan prezidenti ölkəmizin bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəklədiyini vurğulayıb və Azərbaycanın Qoşulmama Hərəkatına üzv olmasından danışıb. "Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi" deyə vurğulayıb. Ölkə prezidenti Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə Toplantısında vurğulamışdı ki, Azərbaycan prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında quracaq, ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edəcək. Bu məqamı qeyd edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır. Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu üzv olmasını qeyd edib. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul etdilər. Ölkə prezidenti bildirib ki, bu, bilavasitə Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin təzahürüdür.
Azərbaycan prezidenti pandemiya dövründə Azərbaycanın Qoşulmama Hərəkatına məsuliyyətlə sədrlik etdiyini və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərdiyini qeyd edib.
Çıxışı zamanı ən vacib məqamları qeyd edən Prezident İlham Əliyev Ermənistanın 30 il ərzində apardığı işğalçılıq siyasətinə toxundu, bunu BMT və Qoşulmama Hərəkatının Bandunq prinsiplərinə zidd olduğunu qeyd etdi. Eyni zamanda Azərbaycan Prezidenti işğal dövründə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində şəhər və kəndləri qəsdən dağıtdığını, bütün mədəni və dini abidələri məhv etdiyini bütün dünyanın diqqətinə çatdırıb.
“Təəssüflər olsun ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb. Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi” - deyə Azərbaycan Prezidenti çıxışında qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan özü Ermənistanın bu təcavüzkar əməllərinə son qoyub və ötən ilin payızında işğal altında olan əraziləri azad edib, bununla da 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.
Tamam Hüsüzadə Bərdə rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi