BolgeXeber.Com » Siyasət » Azərbaycanın Zəfər missiyası Füzuli rayonundan başlamışdır

Azərbaycanın Zəfər missiyası Füzuli rayonundan başlamışdır

23-10-2021, 13:00
Oxunub: 2 160 2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan Vətən müharibəsinin ilk günü məhz Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi.
Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğal dövründə Füzuli rayonunun azad olan ərazilərində 12 dəfə olmuş Prezident İlham Əliyev bütün bərpa-quruculuq işlərinə şəxsən nəzarət edirdi. Rayonun inkişafı ilə bağlı çox böyük işlər görülmüşdür. Horadiz qəsəbəsinə şəhər statusu verildi və Horadiz Füzuli rayonunun qeyri-rəsmi mərkəzi müəyyən edildi. Böyük sosial infrastruktur layihələri icra edildi - 24 məktəb, 2 xəstəxana, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi tikildi. Fərdi evlərin bərpası işləri görüldü.
17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq. Çünki oktyabrın 17-də böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir. Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti bərpa etdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi olan Füzuli işğalçılardan azad edildi. Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi.
Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda, şəhərin strateji yerləşməsi olduqca böyük idi. Füzuli Ordumuzun nəzarətinə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra Laçın dəhlizi və beləliklə, müharibənin taleyi həll olundu.
Həm 30 illik işğal dövründə, həm 44 günlük müharibə dövründə bütün təzyiqlərə, bütün bəyanatlara baxmayaraq, Azərbaycanı heç bir qüvvə dayandıra bilmədi. Ermənistan ordusu darmadağın oldu, erməni mifologiyasına son qoyuldu, “yenilməz Ermənistan ordusu” məğlub oldu. Şanlı Qələbə çoxəsrlik Azərbaycan tarixində əbədi yaşayacaqdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın sarsılmaz birliyi və Müzəffər Ordumuzun peşəkarlığı sayəsində bu tarixi Qələbə əldə olunaraq ölkəmizin ərazi bütövlüyü təmin olundu.
İkinci Qarabağ müharibəsinin Vətən müharibəsi adlandırılması təsadüfi deyil. Azərbaycan xalqı yorulmadan Qələbəyə doğru addımlayırdı. Hər kəs öz yerində Qələbəmizə öz töhfəsini vermişdir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə Qələbəni yaxınlaşdırırdı. Xalqın əzmkarlığı və həmrəyliyi gücümüzün mənbəyidir. Qarabağı görməyən cavanlarımız bu torpaqlar uğrunda
ölümə gedirdilər. Xalqımız həmişə Qələbə arzusu ilə yaşayıb. Əgər xalqımız buna inanmasaydı və dəstək göstərməsəydi müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı.
Ötən bir il ərzində şəhər və kəndlərimizin bərpası ilə bağlı böyük işlər görülüb. Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb. Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır.
İcra olunan layihələr ölkəmizin potensialının göstəricisidir. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib. Bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Füzulidən Şuşaya elektrik xətləri çəkilib. Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli qoyulmuşdur. Yollar qısa müddət ərzində çəkilib. Füzuli-Şuşa magistral yolunun çəkilişi davam edir. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu. Ağdama gedən qonaqlar, vətəndaşlar Füzuli Beynəlxalq Hava Limanından istifadə edə bilərlər. Füzuli Beynəlxalq Hava Limanı Qarabağın hava qapısıdır.
Dövlətyarlı kəndində “Ağıllı kənd” konsepsiyası əsasında böyük yaşayış məntəqəsi salınacaq. Görülən bütün işlərin bir məqsədi məhz keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına qaytarılmasıdır. Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. Beş kəndi birləşdirən bu layihə gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək. Birinci mərhələdə 450 evin tikintisi nəzərdə tutulur. Ondan sonra əlavə 300 evin tikintisi nəzərdə tutulur və bu, Füzuli rayonunda yaradılacaq birinci yaşayış mərkəzi olacaqdır.
Füzuliyə həyat qayıdır. Füzuli şəhərinin baş planının layihəsi hazırlanıb. Zəfər muzeyinin, İşğal muzeyinin təməli qoyulub. Maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Azad edilmiş ərazilərdə ən müasir texnologiyalar tətbiq edilir. Bütün görülən işlər heç kimdən asılı olmayaraq, dövlətin vəsaiti hesabına reallaşdırılır.
Elmir Məmmədov – YAP Bərdə rayon təşkilatının məsləhətçisi