BolgeXeber.Com » Siyasət » Çingiz Qənizadə: Türkiyə Prezidentinin ölkəmizə növbəti səfəri dünyaya ünvanlanan birlik və həmrəylik mesajıdır

Çingiz Qənizadə: Türkiyə Prezidentinin ölkəmizə növbəti səfəri dünyaya ünvanlanan birlik və həmrəylik mesajıdır

27-10-2021, 15:30
Oxunub: 7 184 Oktyabrın 26-da dünyanın diqqəti yenidən Azərbaycana yönəlmişdi. Beynəlxalq ictimaiyyət növbəti tarixi hadisələrə şahidlik etdi. Həmin gün Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi və tarixi hadisədə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. Bu əlamətdar hadisə günün önəmini və tarixi əhəmiyyətini daha da artırdı. Qardaş ölkənin Prezidenti dövlət başçımızla birlikdə İkinci Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Füzuli rayonunda qısa müddət ərzində inşa olunan beynəlxalq hava limanının açılışında, həmçinin bölgədə yeni avtomobil yolunun və “Dost Aqroparkı”nın təməlqoyma mərasimlərində iştirak etdilər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə səsləndirib.
Hüquq müdafiəçisi bildirib ki, işğalçı Ermənistan üzərində qazanılan qələbəyədək daim Azərbaycanın yanında olan qardaş ölkənin lideri məhz belə bir əlamətdar gündə də Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışına qatılmaqla, həm də Qarabağa birbaşa uçuş həyata keçirən ilk xarici ölkə Prezidenti olaraq tarixə düşdü. Azərbaycanın cəmi 8 ay müddətində müasir standartlara cavab verən beynəlxalq hava limanı inşa etməsi ölkə xaricində də hər kəsi heyrətləndirib. Ermənilərin 30 ilə yaxın müddətdə ancaq xaraba qoyduqları bu ərazilərdə Azərbaycanın qısa müddətdə xariqələr yaratması dost və qardaş ölkələri məmnun, düşmənlərimizi isə pərt etdi.
Füzuli Beynəlxalq Hava Limanının türk və azərbaycanlı mühəndislərin ortaq fəaliyyətləri sayəsində inşa olunduğunu diqqətə çatdıran Ç.Qənizdə bu il yanvarın 14-də təməli qoyulan hava limanında 3 min metr uzunluğuna və 60 metr enində uçuş-enmə zolağının inşa edildiyini vurğulayıb. Deyib ki, bu hava limanı vasitəsilə Bakı ilə Füzuli rayonu arasında sərnişin və yük daşımaları yarım saat ərzində həyata keçiriləcək.
Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun regionun inkişafında xüsusi əhəmiyyət kəsb edəcəyini söyləyən Ç.Qənizadə qeyd edib ki, kommunikasiyaların açılması, bölgədə yeni əməkdaşlıq formatının formalaşması regionda davamlı sülhün və tərəqqinin təmin olunmasına xidmət edəcək.
Hüquq müdafiəçisi qardaş ölkə Prezidentinin işğaldan sonra Qarabağa, Şuşaya səfərinin də tarixi hadisə olduğunu xatırladaraq deyib: “Rəcəb Tayyib Ərdoğanın birinci səfəri zamanı tarixi Şuşa Bəyannaməsi imzalanmışdı. Şuşa Bəyannaməsi düşmənlərimizə və onların xarici havadarlarına çox ciddi mesaj oldu. Bu sənəd həmdə ölkələrimizin qardaşlığının daha bir nümunəsidir. Hesab edirəm ki, Türkiyə Prezidentinin ölkəmizə növbəti səfəri, verilən bəyanatlar dünyaya ünvanlanan birlik və həmrəylik mesajıdır.