BolgeXeber.Com » Siyasət » Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq

Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq

29-10-2021, 17:02
Oxunub: 2 304 Bu gün - 29 oktyabr Zəngilan rayonunun Ermənistan Silahı Qüvvələri tərəfindən işğal olunduğu gündür. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. 2020-ci il sentyabrın 27-dən başlanan 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan ordusu digər rayonlarımızla yanaşı Zəngilan rayonunu da işğaldan azad etdi. Beləliklə, Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edildi. Artıq rayon ərazisində quruculuq və bərpa işləri aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunan Zəngilan rayonuna səfərlər edib və rayon ərazisindəki quruculuq işləri ilə tanış olmuşdur.2021-ci il 26 oktyabr tarixində isə Prezident İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Zəngilan rayonuna səfəri baş tutub.
Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyeb çıxışı zamanı 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi haqqında danışıb və bu tarixi sənədin Türkiyə və Azərbaycan arasında əlaqələri müttəfiqlik səviyyəsinə qaldırdığını qeyd edib. Füzuli Beynəlxalq Hava Limanının açılışında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə iştirak edən Prezident İlham Əliyev bildirib ki, bu gün bu açılışda iki ölkə başçısınin birgə iştirakı bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Ölkə başçısı həmçinin qeyd edib ki, səkkiz ay davam edən hava limanının tikintisində Azərbaycan və Türkiyə şirkətləri iştirak ediblər. O cümlədən, işğaldan azad olunan torpaqlarda bərpa və quruculuq işlərində iki ölkə çiyin-çiyinə fəaliyyət göstərir. Daha sonra ölkə başçısı həm Şuşada, həm də Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi və iki ölkənin birgə addımlarının tarixdə əbədi qalacağını vurğulayıb. Prezident İlham Əliyev "Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik" deyə bildirib. Ölkə prezidenti Vətən muharibəsi dövründə Türkiyənin Azərbaycanın yanında olduğunu və bunun bizə çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdiyini əlavə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətində bildirib: "Əziz qardaşım, bu gün Azərbaycan xalqı haqqlı olaraq sizə öz təşəkkürünü bildirir. Bilirsiniz ki, Azərbaycanda hər kəs sizi sevir, Sizə böyük hörmətlə yanaşır. Siz bizim Zəfərimiz üçün çox böyük işlər görmüsünüz və bu gün artıq quruculuq dövründə, bərpa dövründə yenə də bizimlə bərabərsiniz".
Ölkə başçısı bildirib ki, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri dünyaya mesajdır. Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir. Prezident İlham Əliyev daha sonra Türk Şurasının təsirli beynəlxalq təsisat olduğunu qeyd edib və əlavə edib ki, gələn ay Azərbaycan Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcək. Türk dövlətləri arasındakı
əməkdaşlıq və qardaşlıq əlaqələri daha da güclənəcək və bütün Türk dünyası üçün yeni imkanlar açılacaq. Ölkə prezidenti Zəngəzur dəhlizinin əhəmiyyətindən də danışıb. O bildirib ki, Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Prezident İlham Əliyev Türkiyə ilə Azərbaycanın birgə gücünün daha da təsirli olacağını vurğulayıb və qeyd edib ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək.
Bərdə rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Tamam Hüsüzadə