BolgeXeber.Com » Siyasət » Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılacaqdı

Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılacaqdı

19-11-2021, 12:56
Oxunub: 2 568 Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Sentyabrın 27-dən başlayan Vətən uğrunda müharibədə əldə etdiyimiz qələbələr silsiləsi hazırda da çox böyük uğurla davam etməkdədir. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ağdam rayonu Ermənistan ordusu tərəfindən tam boşaldılıb və Azərbaycan ordu hissələri əraziyə daxil olmuşdur. Cari ilin noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz müraciətində Ağdam rayonunun tamamilə işğaldan azad olunduğunu elan etdi və xalqımıza bu Qələbə münasibətilə təbriklərini çatdırdı. Bu tarixi hadisə xalqımız tərəfindən böyük sevinc hissi ilə qeyd edildi. Ağdam işğal edilmiş rayonlar arasında əhalinin sayına görə ən böyük rayondur. İşğaldan əvvəl Ağdamda 143 min insan yaşayırdı, hazırda isə rayon əhalisinin sayı 204 min nəfərdir. Ağdamın bir şəhər və 80 kəndi olmaqla ərazisinin 78 faizi ermənilərin əlinə keçmişdi. Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, 30 ilə yaxın müddət ərzində bu ərazilərdəki mülki əhaliyə məxsus evlər, infrastruktur obyektləri ilə yanaşı, tarixi, mədəni və dini abidələrimiz də daşnaklar tərəfindən vəhşicəsinə dağıdılmışdır. Hətta bir sıra hallarda dini abidələrimiz təhqirə məruz qalmış, Ağdamın ağ damlarını xarabalığa çevirilmişdir. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunu işğal etməsi və xarabazara çevirməsi ilə bağlı rəsmi statistika təsdiq olunmuş, Birləşmiş Millətlər Təşkilatından tutmuş digər önəmli beynəlxalq qurumlara ünvanlanmış, dünya ictimaiyyətinin geniş dairələrində yayılmış bəyanat və müraciətlərdə Ağdam faciəsinin qanlı və dağıdıcı nəticələri əksini tapmışdır.
Bu sənədlərdə göstərilir ki, işğal nəticəsində Ağdam ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilmiş, yandırılmış və məhv edilmişdir. Bununla yanaşı, Ağdamda bütün dünyada yeganə olan “Çörək muzeyi” ilə yanaşı, Tarix-Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun xatirə muzeyi, Ağdam Şəkil Qalereyası və şəhərin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılmışdır. Ümumilikdə, 130-dan çox tarixi abidə və maddi-mədəniyyət nümunələri yer üzündən silinmişdir. Bundan əlavə, işğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu fəaliyyət göstərmişdir. Mənfur düşmən nəzarətlərində olan ərazidə bütün əmlak və varidata sahiblənmiş, yer üstündə nə varsa hamısını dağıtmış və qarət etmişlər. Bu vəhşilik, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarını, "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır. Eyni zamanda “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il tarixli protokolu vardır ki, Ermənistan bu protokolu ratifikasiya edib və həmin protokolun tələbinə əməl etməyi öz üzərinə vəzifə olaraq götürüb. Lakin Ermənistan beynəlxalq hüququn digər normaları kimi, bu normaların da tələbini kobud şəkildə pozaraq, öz vandallıq siyasətini davam etdirib. Yuxarıda göstərilənləri nəzərə alaraq, xüsusilə qeyd etmək lazımdır ki,
Ermənistanın işğalçı siyasəti yalnız ərazilərin işğalı ilə yekunlaşmayıb. Onların əsas hədəfləri sırasında işğal edilmiş ərazilərin talan edilməsi, maddi dəyəri olan bütün əmlakların qənimət olaraq ələ keçirilməsi və daşınması, əks-halda məhv edilməsi nəzərdə tutulub. Təbii ki, ermənilərin viran qoyduqları ərazilərimiz artıq işğaldan azad edilib və dövlət başçımızın qeyd etdiyi kimi, burada həyat dirçələcək. Daha gözəl evlər, məscidlər tikiləcək. Şübhəsiz ki, Azərbaycanın Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarması da tarixi qələbələrimizdəndir. Ağdamın siyasi yolla azad olunması böyük hərbi və diplomatik qələbəmizin nəticəsi idi. Əgər Azərbaycan Ordusu Ermənistanı döyüş meydanında məğlub etməsəydi, sözsüz ki, işğalçı öz xoşu ilə işğal olunmuş torpaqlarımızdan çıxmayacaqdı. Cənab Prezidentin bildirdiyi kimi: “Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”. Beləliklə, Azərbaycan dövləti həm döyüş meydanında, həm də siyasi müstəvidə qələbə qazanmış, torpaqlarımızı işğalçılardan azad etmişdir. Sözsüz ki, işğaldan azad edilmiş ərazilər əvvəlkindən də abad olacaqdır.
2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə gəldilər. Prezident İlham Əliyev Ağdam şəhərində Azərbaycan bayrağını qaldırdı. Prezident İlham Əliyev fikri: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır.” 2021-ci mayın 28-də Ağdama səfər çərçivəsində dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak edib.
Ağdamın azad edilməsinə səbəb olan İkinci Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun! Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.