BolgeXeber.Com » Siyasət » Eldar Həsənovdan rəqiblərinə ağır zərbə

Eldar Həsənovdan rəqiblərinə ağır zərbə

21-08-2013, 09:45
Oxunub: 4 081 Dövlət çevrilişində ittiham olunan səfirin “at” gedişi; Sabiq baş prokuror ölkə rəhbərliyinə ona qarşı kampaniya aparıldığını və bunun nə məqsədlə edildiyini, arxasında kimlərin dayandığını açıqlayıb; ortada konkret adlar var
Sabiq baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov son vaxtlar onunla bağlı bir sıra mətbuat orqanlarında yazılanları əvvəlcədən hazırlanmış kampaniyanın tərkib hissəsi sayır. Səfir bu kampaniyanın arxasında hakimiyyətdəki bir qrupun dayandığını hesab edir və buna görə bərk qəzəblənib.
E.Həsənovla bağlı gündəmə gətirilən son məlumatlarda həm də onun Rusiyada böyük biznesinin olduğu, gününü bu ölkədə keçirdiyi, “Milyarderlər ittifaqı” layihəsinə cəlb edilən, hələlik kölgədə saxlanılan ehtiyat oyunçulardan biri olduğu bildirilir.
Qeyd etdiyimiz kimi, barəsində yazılanlar səfiri qəzəbləndirməklə yanaşı, onun ortaya mövqe qoymasını da zəruri edib. Bu barədə “Yeni Müsavat”a daxil olan məlumatda bildirilir ki, onun Azərbaycanda dövlət çevrilişi həyata keçirməyə cəhd göstərən qrupla əlaqələndirilməsi, Rusiyanın Azərbaycan hakimiyyətinə qarşı planlarında yer alması haqda məlumatların gündəmə gətirilməsi və ünvanına bir sıra ittihamlar səsləndirilməsi səfirin ölkə rəhbərliyinə izahat verməsinə səbəb olub. E.Həsənov ölkə rəhbərliyi ilə təmasa keçə bilib və təkcə barəsində yazılanların doğru olmadığını izah etməklə kifayətlənməyib. Həm də ona qarşı kampaniyanın arxasında hakimiyyət daxilində kimlərin dayandığını deyib, konkret adlar açıqlayıb. Səfir həmçinin bu kampaniyanın nə məqsədlə aparıldığını da deyib. Məlumata görə, E.Həsənov mövqeyini ifadə edərkən ona qarşı kampaniya aparanlar haqda diplomatik üslubda yox, kifayət qədər açıq danışıb, konkret ünvanlar göstərib. Bu ünvanlar arasında Prezident Administrasiyasında yüksək vəzifə tutan şəxs də daxil, bir neçə ciddi sahəyə rəhbərlik edən məmurların adları olub.
Səfir ona qarşı aparılan kampaniyanın bütövlükdə hakimiyyətə zərbə olduğunu, prezident seçkiləri ərəfəsində iqtidara müsbət xallar gətirmədiyini də fikirlərinə əlavə edib.
E.Həsənov həmçinin bildirib ki, Azərbaycanı üç ölkədə səfir kimi təmsil etdiyindən onun üzərinə böyük məsuliyyət düşür. Heç bir normal ölkə isə onun ölkəsində səfir olan bir şəxsin Rusiya kimi böyük bir dövlətin rəsmi qurumları ilə gizli əlaqələrə malik olmasını, dövlət çevrilişi kimi planlarda yer almasını məqbul saymaz və həmin diplomata etimad göstərməz. Səfir qeyd edib ki, ona qarşı aparılan kampaniya, Azərbaycan, xüsusən də Dağlıq Qarabağ məsələsi ilə bağlı diplomat kimi fəaliyyət göstərdiyi işlərə də kölgə salır. E.Həsənov konkret fikirlərlə barəsində yazılanların tam yalan olduğunu, dövlətçiliyə, təmsil olunduğu hakim komandaya və prezidentə bağlı olduğunu, İ.Əliyevin siyasətini hər zaman dəstəklədiyini çatdırıb.
Bu barədə məlumat aldığımız dairələr E.Həsənovun bununla ona qarşı hücumun növbəti raundundan da zərərsiz çıxmağı bacardığını iddia edirlər.