BolgeXeber.Com » Siyasət » Paşinyan da “Qarabağ Azərbaycandır” dedi

Paşinyan da “Qarabağ Azərbaycandır” dedi

28-12-2021, 11:57
Oxunub: 3 264 Ermənistan baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında yaxın gələcəkdə Azərbaycanla razılaşdırılacaq bir xeyli məqamları ictimailəşdirib. Ermənistan hökumətinin başçısı xatırladıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb. Paşinyan deyib ki, Qarabağda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məsələ mübahisəli olmayıb və olmayacaq. Sitat: “Mən bu barədə dəfələrlə ictimaiyyət qarşısında çıxış etmişəm. Ən azı bu hissədə əvvəllər danışıqlarda iştirak etmiş dairələrin nümayəndələri təsdiqlədilər ki, Dağlıq Qarabağ Muxtar Vilayəti danışıqlar prosesində heç vaxt sırf erməni birliyi kimi nəzərə alınmayıb”.
“Dağlıq Qarabağ Muxtar Vilayəti heç vaxt sırf erməni birliyi hesab edilməyib. Bu, ən azı əhali baxımından erməni-Azərbaycan birliyi kimi qəbul edilib, müşahidə edilib, qeydə alınıb”, - Paşinyan xatırladıb.
Ermənistanın baş naziri həmçinin bəyan edib ki, o, əvvəlki hakimiyyətin “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq və yalnız erməni olmalıdır” ifadəsi ilə heç vaxt razılaşmayıb.
“Mən bu ifadə ilə razı deyiləm, çünki Qarabağ tamamilə erməni ola bilməzdi. Əhalinin demoqrafik tərkibini nəzərə alsaq, heç bir halda. Danışıqların məzmunundan aydın görünürdü ki, Dağlıq Qarabağ Muxtar Vilayətində erməni və azərbaycanlı əhali yaşayır. Aydındır ki, Qarabağdakı hakimiyyət də tam erməni ola bilməz”, - deyə o, məxfi məlumatları açıqlamalı olduğuna işarə edib.
N.Paşinyanın bu sensasion açıqlaması nədən, hansı proseslərdən xəbər verir? Böyük Sülh sazişi imzalanmaq ərəfəsindədirmi? Paşinyan açıqca Qarabağ məsələsindən - Azərbaycana qarşı ərazi iddialarından, Azərbaycan torpaqları hesabına ikinci erməni dövləti yaradılması ideyasından rəsmi İrəvanın əl çəkdiyinimi dolayısı ilə deyib?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, son günlər Ermənistanda və Qarabağda erməni rəsmilərinin səsləndirdikləri bəyanatlar Soçi görüşündə Nikol Paşinyanın narahat və narazı davranışına aydınlıq gətirdi: “Dəfələrlə demişdik ki, ABŞ və Fransadan fərqli olaraq Rusiya Qarabağın gələcəyinə münasibətdə Azərbaycanın mövqeyinə daha yaxındır və bu məsələ Ermənistan rəhbərliyini çıxılmaz vəziyyətə salır.
Abutalıb Səmədov:Populist vədlərlə hakimiyyətə gələn N.Paşinyan və  komandası son dərəcə ağır durumdadı - Yeni Zaman Mobil versiya
Abutalıb Səmədov: “Hər şey bizim maraqlarımıza uyğun cərəyan etsə də arxayınlaşmamalı, sayıqlığımızı itirməməli və birliyimizi  qorumağa, daha da möhkəmləndirməyə çalışmalıyıq”
“Artsax” müstəqil dövlət olmalıdır" kimi sərsəm bəyanatların reallaşmasının mümkünsüz olduğunu, Rusiyanın - deməli, həm də Türkiyənin - vasitəçiliyi ilə imzalanacaq sülh sazişinin ermənilərin gözləntilərinə qətiyyən cavab verməyəcəyini anlayan Paşinyan günahı özündən əvvəlki hakimiyyətin üzərinə yıxmaqdan başqa çıxış yolu görmür və son razılaşmaların müəyyən detallarını açır. Bəyan edir ki, işğal olunmuş ərazilər qaytarıldıqdan sonra aralıq statusunu ATƏT-in Minsk Qrupu (Konfransı) deyil, BMT Təhlükəsizlik Şurası  müəyyənləşdirməli idi. Bu isə şəksiz, Azərbaycanın ərazi bütövlüyünün gözlənəcəyi deməkdir. Digər tərəfdən, Paşinyan  razılaşmada azərbaycanlılar geri qaytarıldıqdan təqribən 100 il sonra keçirilməsi nəzərdə tutulan referendumda demoqrafik faktoru nəzərə alaraq nəticənin ermənilərin xeyrinə olmayacağını söyləmək məcburiyyətində qalır.
Demək lazımdır ki, bu, Paşinyanın özündən əvvəlki hakimiyyətlərin tənqidinə yönəlmiş, sayı bəlkə yüzü çoxdan keçmiş çıxışlarından biridir. Elə isə bundan əvvəlki tənqidi çıxışlara heç bir reaksiya verməyən “Qarabağ rəhbərliyi”nin indi bu cür kəskin münasibət bildirməsi nə ilə əlaqədardır? Məsələ ondadır ki, həm Araik Arutyunyan, həm də digər ermənilər anlayırlar ki, əslində baş nazirin bu söylədikləri Qarabağın gələcək taleyinin onların düşündükləri kimi olmayacağını, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmayacağını və İrəvanın buna inamının qalmadığını göstərir. Bununla yanaşı, “sanballı status” almağın qeyri-mümkün olduğunu da anlamağa imkan verir. Araikin təcili bəyanat  verməsi, eyni təşvişlə “parlamentin” iclasının çağırılması da məhz bu amillə bağlıdır".
A.Səmədov hesab edir ki, Paşinyanın məlum açıqlaması Qarabağdan ermənilərin növbəti “köç dalğasını” tətikləyəcək: “Hər şey bizim maraqlarımıza uyğun cərəyan etsə də arxayınlaşmamalı, sayıqlığımızı itirməməli və birliyimizi  qorumağa,daha da möhkəmləndirməyə çalışmalıyıq”.
Akif Nağı — Vikipediya
Akif Nağı: “Ermənistan özünü kənara çəkib məsələni ”Azərbaycan-Dağlıq Qarabağ" müstəvisinə endirməyə çalışa bilər"
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, Böyük Sülh sazişinin imzalanacağını demək çətindir. Hələ Ermənistanın bu prosesə tam hazır olduğu görünmür. Paşinyanın onlayn mətbuat konfransında açıqlamaları ciddi maraq doğurur. Orada bir sıra vacib məqamlara toxunulur. Bu məqamlardan ikisini xüsusi olaraq qeyd etməliyik: “Birincisi, Paşinyan Dağlıq Qarabağın Azərbaycana aid olduğunu etiraf edir. Erməni cəmiyyətinə mesaj göndərir ki, BMT Təhlükəsiszlik Şurası bunu təsdiq edirsə, başqalarının, o cümlədən ermənilərin başqa mövqe sərgiləməsinə yer yoxdur. İkincisi, o, Dağlıq Qarabağda yaşamış və işğalçı Ermənistan tərəfindən köçkün vəziyyətinə salınmış azərbaycanlıların haqqını tanıyır. Paşinyana bu məsələ ilə bağlı xatırlatmaq istəyirik ki, azərbaycanlılar həmin ərazilərin şərikli deyil, tam və yeganə sahibləridir. Paşinyanın bu açıqlamasını hələ ki Azərbaycana qarşı ərazi iddialarından tam əl çəkmələri kimi dəyərləndirmək tezdir. Bilirsiniz ki, Rusiya sülhməramlıları tərəfindən nəzarət edilən Azərbaycan ərazilərində hələ də mövcudluğunu qoruyub saxlayan, özünü ”prezident" adlandıran Arutyunyan və onun ətrafındakılar Paşinyana sərt etiraz etdilər. Ona görə də Paşinyanın açıqlamalarına ehtiyatla yanaşmalıyıq, sabah Ermənistan rəhbərliyi deyə bilər ki, onların qondarma rejimə təsir imkanları yoxdur".
A.Nağının fikrincə, belə bir şübhə də var ki, Ermənistan çoxdan cəhd etdiyi ssenarini həyata keçirmək istəyə bilər: “Onlar həmişə deyirdilər ki, münaqişə Azərbaycanla ”Dağlıq Qarabağ" arasındadır. Ermənistan özünü kənara çəkib məsələni “Azərbaycan-Dağlıq Qarabağ” müstəvisinə endirməyə çalışa bilərlər. Təsadüfi deyil ki, Paşinyana etiraz edənlər “Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlədirlər. Aydındır ki, oradakı Araikin dəstəsi Azərbaycana qarşı dayana bilməz. Onda belə çıxır ki, onların arxasında kimsə dayanır. Bu, Qərb, Rusiya ola bilər, ya da Ermənistan özü gizli şəkildə özü dəstəkçi rolunda qala bilər. Bütövlükdə, proses müsbət dəyərləndirilməlidir, amma ehtiyatı da əldən vermək olmaz. “İt və dəyənək” məsəlini yadda saxlamalıyıq".
Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"
Elxan Şahinoğlu: “Ermənistanın hazırkı hökuməti Bakı və Ankara ilə dialoqa hazırdır”
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, baş nazir Nikol Paşinyan Qarabağın Azərbaycana aid olduğunu deməklə qarşısında müxtəlif gücləri gördü və görəcək. Bu sıraya Ermənistandakı radikal müxalifəti, o cümlədən “Qarabağ klanını”, Qarabağdakı separatçıları və müxtəlif ölkələrdəki erməni lobbisini aid etmək olar. Bu güclər Paşinyana qarşı birləşəcək: “Belə olan Paşinyanı və ona dəstək verənləri nə xilas edə bilər? Paşinyan ümid edir ki, Azərbaycan və Türkiyə ilə kommunikasiya xətlərini açmaqla, iki dövlətlə münasibətləri normallaşdıracaq. Sazişlər imzalamaqla Ermənistanı indiki ağır siyasi, iqtisadi və sosial vəziyyətdən çıxaracaq. Başqa sözlə, Paşinyanın ümidi Bakı ilə Ankarayadır. Demək, iplər bizim əlimizdədir. Əgər Paşinyan sözdə və əməldə eyni siyasəti yürüdəcəksə, o cümlədən ”Qarabağ Azərbaycana aiddir" deməkdə davam edəcəksə, onun radikallardan qorunması ilə bağlı müvafiq addımlar atmaq məcburiyyətində qalacağıq.
ABŞ-da konfransda iştirak edən Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da hazırda Cənubi Qafqazda fərqli vəziyyət yarandığını bu sözlərlə izah edib. Sitat: “Erməni lobbisinin bütün gücünü sərf etdiyi cəhdlər boşa çıxdı. Yəni Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq sona çatır”. İbrahim Kalın qeyd edib ki, Türkiyə və Ermənistan əlaqələrini normallaşdırmaq üçün qarşılıqlı addımlar atırlar. Türkiyə rəsmisi normallaşmanın ən çox Ermənistanın xeyrinə olacağını vurğulayıb. O söyləyib ki, dənizə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın təsiri altında olan Ermənistanın Türkiyə ilə əlaqələri normallaşdırmasının həm siyasi, həm də iqtisadi faydaları olacaq.
Ankara Bakı ilə birgə səylərlə Ermənistanın təxribatçı siyasətinə son qoymasına çalışır. Ermənistanın hazırkı hökuməti Bakı və Ankara ilə dialoqa hazırdır. Bu dialoqdan istifadə edərək Ermənistanı Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımağa məcbur etmək lazımdır. Bu, reallaşarsa, o biri problemləri də həll etmək mümkün olacaq".