BolgeXeber.Com » Siyasət » İki məmur küçənin ortasinda yumruqlaşdi

İki məmur küçənin ortasinda yumruqlaşdi

21-08-2010, 12:15
Oxunub: 5 448
Ölkəmizin analoqsuz olaylarından...

Rayon icra başçısının köməkçisi ilə yaşadığı qadının mübahisəsi icra nümayəndəsinin döyülməsi ilə nəticələnib; onlarla şahidin gördüyü mənzərəni isə hər iki tərəf inkar edir

Tərtər rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayevin köməkçisi Rasim Məhərrəm oğlu Kərimov haqqında redaksiyamıza dəfələrlə ilginc məlumatlar daxil olub, hazırda da yetərincə məlumatlar var. Ancaq bu məlumatların əksəriyyətinin sübutu mümkün olmadığı üçün onları dərc etməmişik. Budəfəki hadisə isə ictimai yerdə baş verdiyi və onlarla şahidi olduğu üçün nəzərinizə çatdırırıq.

"Bolgexeber.com" "Yeni Musavat" qəzetinə istinadən xəbər verir ki, hadisə ötən həftə, avqustun 14-də Tərtər rayon Hərbi Komissarlığının qarşısında baş verib. Adı və ünvanı bizə dəqiq məlum olan, lakin məlum səbəblərdən ismini qeyd etmədiyimiz bir gənc xanım, şəhərin mərkəzində R. Kərimovun qarşısını kəsərək onu niyə aldatdığını, ərindən ona görə boşandığını qışqıra-qışqıra üzünə deyib və hamilə olduğu üçün təcili ailəsindən ayrılıb, onunla ailə qurmasını tələb edib. Hay-küyə gələn Tərtər Rayon İcra Hakimiyyəti başçısının Sarov kəndi üzrə nümayəndəsi Telman Paşayev xanımın əsəblərini sakitləşdirmək məqsədi ilə onlara yaxınlaşıb və Rasimin bir səhv etdiyini deyərək, gərginliyi azaltmaq istəyib. Bu zaman Rasim Kərimov iddiaçı xanımdan aralanaraq, bütün heyfini icra nümayəndəsindən çıxıb və onu halsız vəziyyətə düşənədək döyüb. İcra nümayəndəsini başçının köməkçisinin əlindən zorla alıblar. Ətrafda hüquq mühafizə orqanlarının əməkdaşları olmasına baxmayaraq, heç biri köməkçiyə “gözünün üstündə qaşın var”, deməyib.

Qeyd edək ki, bu cür cinayət əməlinə yol vermiş İHB köməkçisi hazırda vəzifəsini icra edir; rayon rəhbərliyi isə olayı ört-basdır etmək üçün rayon icra hakimiyyəti başçısının Sarov kəndi üzrə nümayəndəsi Telman Paşayevə ciddi təzyiq göstərir.

Dünən T.Paşayevin özü ilə əlaqə saxladıq. Hadisə ilə bağlı onun fikirlərini də öyrənmək istədiyimizi bildirəndən sonra Telman Paşayev əsəbi şəkildə “Mən heç yana müraciət etməmişəm. Nə polisə, nə prokurorluğa. A kişi sənin nə işinə qalıb mən kiminlə mübahisə etmişəm, etməmişəm. Mən deyirəm ki, belə şey olmayıb”, - söylədi. Rasim Kərimov isə Telman Paşayevlə kirvə olduqlarını önə çəkməklə aralarında hər hansı bir insidentin olmadığını dedi: “Bu gün də gediş-gəlişimiz var, özümüz də kirvəyik, onun oğlu mənim qucağımda sünnət olunub”.

Xatırladaq ki, bir neçə il əvvəl rayonda icra hakimiyyətinin məsul işçilərindən biri məşuqəsini qətlə yetirdiyi üçün həbs olunub, digəri isə “iş başında” olarkən adı çəkilən köməkçi tərəfindən otaqda yaxalanmış, bir müddət işə gəlməsə də, hazırda məsul vəzifəsini icra edir və haqqında tədbir görülməmişdir.

Məlumatı, daha doğrusu davanın olmasını bir neçə mənbədən dəqiqləşdirdiyimiz üçün onun dərcinə qərar verdik. Tamamilə mümkündür ki, olayla bağlı ortalıqlarda hansısa həvəskarın telefon çəkilişi də var...