BolgeXeber.Com » Siyasət » Müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir

Müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir

24-01-2022, 15:32
Oxunub: 2 336 XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar, mesenat Hacı Zeynalabdin Tağıyev Bakıda, İçəri şəhərdə, başmaqçı Məhəmmədtağı Tağıyev və onun arvadı Umxanımın ailəsində dünyaya göz açmışdır. Bir ehtimala əsasən o, 1823-cü, digərinə, daha etibarlısına görə isə, 1838-ci ildə anadan olmuşdur. Hələ uşaq ikən Zeynalabdin anasını itirmiş və atasının himayəsində yaşamışdır. İkinci nikahdan atasının daha beş övladı dünyaya gəlir. Ailəsinə kömək məqsədilə balaca Zeynalabdin tikintidə çalışır, gündə 5-6 qəpik pul qazanırdı. Artıq 15 yaşına çatdıqda, o, bənnaçı sənətini mənimsəyir.
XIX əsrin 50-ci illərinin sonu-60-cı illərin əvvəllərində müəyyən kapital toplaya bilmiş H.Z.Tağıyev manufaktura ticarəti ilə məşğul olmağa başladı. Bununla yanaşı o, 1870-ci ildə çox da böyük olmayan ağ neft zavodunu satın alır. 1872-ci ildə neft sənayesində iltizam sisteminin ləğvindən sonra H.Z.Tağıyev «Соучастники» (“Şəriklər”) birliyinin təsisçilərindən biri kimi 1872-ci ildə Bakıda keçirilmiş ilk müzayiqələrdə iştirak etmişdi. Bir sıra başqa şirkətlər kimi bu birlik də müzayiqə qalibi oldu. 1873-cü ildə getdikcə artan ajiotaj şəraitində H.Z.Tağıyev müstəqil olaraq neft işində bəxtini sınamaq qərarına gəlir. O, şəriki ilə birlikdə Bibiheybətdə 9 min rubla torpaq sahəsi alaraq quyu qazdırmağa başlayır.
1873-cü ildə “H.Z.Tağıyev neft sənayesi firması” yaradılır. Uzun müddət qazma işləri aparılmasına baxmayaraq neft görünmür. Lakin H.Z.Tağıyev ruhdan düşmür və qəribə bir inamla axtarışı davam etdirir, hətta qazma işlərində şəxsən iştirak edir. 1878-ci ilin əvvəlində H.Z.Tağıyevin buruğunda çoxdan gözlənilən neft fəvvarə vurur. Hacı Bakının ən varlı adamlarından birinə, onun az tanınan mədəni isə böyük müəssisəyə çevrilir. Sonrakı illərdə H. Z. Tağıyevin kiçik neftçıxarma müəssisəsi qazma, hasilat, emal və nəqletməni özündə birləşdirən iri istehsalat kompleksinə çevrilir.
H.Z.Tağıyev özünəməxsus səxavətlə ehtiyacı olan şagirdlərə maddi yardım göstərir, ali tədris müəssisələrində təhsil alan onlarla tələbəyə təqaüd verirdi. Həmin tələbələr arasında sonralar görkəmli ictimai və dövlət xadimləri, alimlər, həkimlər, mühəndislər - Həsən bəy Ağayev, Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əziz Əliyev, Ağa Axundov, Qara Axundov, Qarabəy Qarabəyov, Xudadad bəy Məlik-Aslanov, Şahbaz Rüstəmbəyov və bir çox başqaları var idi. İlk dəfə olaraq Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirən məhz Hacı Zeynalabdin Tağıyev olmuşdur.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra H.Z.Tağıyevə məxsus bütün yaşayış və ictimai binalar, sənaye müəssisələri müsadirə olundu. İlk vaxtlarda hökumət ona ailəsi ilə birgə Mərdəkan bağ mülkündə yaşamağa icazə vermişdi. Xalq Komissarları Sovetinin sədri N. Nərimanov Azərbaycanda fəaliyyəti dövründə onu bütün təzyiqlərdən qoruyurdu. H.Z.Tağıyev 1924-cü il sentyabrın 1-də vəfat etmişdir. O, böyük hörmət bəslədiyi Axund Mirzə Abuturabın qəbri yaxınlığında dəfn edilib. N. Nərimanov Moskvaya getdikdən sonra H.Z.Tağıyevin başsız qalmış ailəsi İçəri şəhərdə özünün kiçik evlərinin birində yaşamağa məcbur oldu. Sonrakı illərdə H.Z.Tağıyevin adı uzun müddət unudulmağa məhkum edildi. Ailə üzvləri təqiblərə, bir qismi repressiyalara məruz qaldı. H.Z.Tağıyevin fəaliyyəti öz layiqli qiymətini yalnız 1980-ci illərin sonunda aldı. Onun adı küçələrə, təhsil, sənaye müəssisələrinə verildi, şərəfinə abidələr ucaldıldı.
H.Z.Tağıyev özünün əməlləri, müdrikliyi, xalqının gələcəyinə qayğısı, heyranedici səxavəti, alicənablığı, zamanla ayaqlaşmaq bacarığı ilə nəsillərin yaddaşında silinməz iz qoydu. Onun çoxşaxəli sahibkarlıq, ictimai-siyasi fəaliyyəti Azərbaycanın iqtisadi və mədəni inkişafına yönəlmişdi.
2020-ci ildə Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanmışdır. Abidənin quraşdırıldığı yer Bakının tarixi yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almışdır. Müharibədən sonra yaradılmış Qarabağ Dirçəliş Fondu və “YAŞAT” Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrin inkişafına xidmət edir. Xeyriyyəçilik ənənələri davam edir və cəmiyyətdə çox yüksək qiymətləndirilir. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm “YAŞAT” Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir.
YAP Bərdə rayon təşkilatının məsləhətçisi Elmir Məmmədo