BolgeXeber.Com » Siyasət » Yüksək etimad və Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik

Yüksək etimad və Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik

21-02-2022, 11:47
Oxunub: 2 616 “Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Ulu Öndərimiz Heydər Əliyevə məxsus olan bu dəyərli fikri müstəqil Azərbaycanın həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd edir ki, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bu günkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.“ Bəli, böyük tarixi, mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim yüksək ehtiramla yanaşmışdır. Qadın yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq, hər zaman bəşəriyyətin inkişafına mühüm töhfələr veriblər. Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçərək bütün mərhələlərdə ilklərə imza atmağa müvəffəq olmuşdur.
Sovet hakimiyyəti dövründə bir sıra çətinliklərə baxmayaraq, Azərbaycan qadını inamla özünü ifadə edir, həyatın bütün sahələrində aktiv fəaliyyət göstərirdi. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, istər sovet hakimiyyəti, isərsə də müstəqillik dövründə milli qadın hərakatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görmüşdür. Müsqəilliyimizin ən ağır zamanında belə “Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Xüsusilə, qeyd etmək lazımdır ki, MDB ölkələri içərisində yeganə bizim ölkəmizdə belə bir dövlət qurumu var. Zaman keçdikcə, ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb etməyə başladı. Və bu zərurət yeni Komitənin yaranmasına səbəb oldu. Möhtərəm Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.
Bu gün bizim qadınlarımız arasında belə nümunələr var. Cənab Prezident İlham Əliyev tərəfindən Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi də cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisidir. Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərə nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil. O, 2004-cü il mayın 10-da, Heydər Əliyev Fondunu yaratmaqla, Ulu Öndər Heydər Əliyevin vətənimiz və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir.
2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə görə ölkədə Birinci vitse-prezidentlik institutu yaradılmışdır. Dövlət idarəçilik sistemində yeni təsisatın yaradılması Prezident İlham Əliyevin islahatlar kursunun təzahürüdür. Dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi əlamətidir.
Mehriban Əliyeva Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Həmin gün Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edən prezident İlham Əliyev onun ictimai-siyasi fəaliyyətindən bəhs edərək keçdiyi həyat yoluna qısa nəzər salmış, həyatının ictimai əhəmiyyət kəsb edən məqamlarına toxunmuşdur.
Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayan Mehriban xanım ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Onun fikrincə, “ Ailəyə olan hörmət - Azərbaycan xalqına məxsus ən gözəl xüsusiyyətlərdən biridir. Bu gün Azərbaycan qadını ana olmaqla öz ölkəsinin sosial həyatında fəal iştirak edir”. Mehriban xanımın təşəbbüsü ilə ailələrin rifahına yönəlmiş maraqlı layihələr reallaşır. Qadın hüquqların müdafiəsi, onlar üçün bərabər imkanların yaradılması istiqamətlərində etdiyi çağırışlar qadın hərəkatının yeni mərhələsinin əasını qoydu.
Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial-mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək – bütün bunlar Mehriban Əliyevanın daim diqqət mərkəzində olmuşdur. Mehriban Əliyeva Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005-ci ildən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olan Mehriban xanım sözün əsl mənasında xalqın elçisidir.
Ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğı, böyük dəstək vaxtaşırı olaraq idmançılarımızın dünyada keçirilən yarışlarda vətənə uğurlar qazandırmasına səbəb olmuşdur. Onun “Bakı-2015” Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri olaraq əlahiddə bir bacarıq nümayiş etdirməsi ölkəmizə başqa dövlətlərin də inamının, böyük marağının yaranmasına səbəb olmuşdur. 2017-ci ildə ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsində də bu oyunların Təşkilat Komitəsinin sədri kimi onun zəhməti təqdirəlayiqdir.
1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun prezidenti, 2002-ci ildə isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi üzərinə böyük məsuliyyət götürərək, problemlərin dərinlyini dərk edərək, yaddan çıxmış sahələri ətalətdən çıxararaq onlara kütləvilik elementləri ilə zəngin olan ictimai məzmun verdi. O, 2004-cü il mayın 10-da, Heydər Əliyev Fondunu yaratmaqla, Ulu Öndər Heydər Əliyevin vətənimiz və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir.
Mehriban Əliyeva bu illərdə çox titullara, təltiflərə, mükafatlara layiq görülüb. Birinci xanımın, Azərbaycanın füsunkar Ledisinin beynəlxalq aləmdəki nüfuzu, aldığı mükafatlar təbii ki, ölkəmizin, xalqımızın adına başucalığı gətirir. Amma onların içərisində bir mükafatın yeri əlahiddə olduğundan burda onu xatırlatmağı vacib sayırıq. Bu, Azərbaycanda keçirilmiş I Avropa Oyunlarının uğurla, böyük qələbə ilə başa çatmasında əsl fədakarlıq nümayiş etdirən “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri
Mehriban Əliyevanın 29 iyun 2015-ci il tarixində “Heydər Əliyev” ordeni ilə təltif olunması idi.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amil də qeyd etdiyimiz kimi, Onun hər zaman dövlətçiliyimizə, xalqımıza xidmət etmək istəyi, arzusudur.
Heydər Əliyev Mərkəzinin mühəndisi Nəcəfova Lamiyə