BolgeXeber.Com » Siyasət » Milli Şuranın növbəti mitinqində daha çox adam olacaq

Milli Şuranın növbəti mitinqində daha çox adam olacaq

2-09-2013, 14:25
Oxunub: 4 164 İmzatoplama kampaniyası mitinq təbliğatına şərait yaradıb
Milli Şura yenidən ümumrespublika mitinqinə hazırlaşır. Bu barədə “Yeni Müsavat”a açıqlamasında qurumun mitinq komitəsinin üzvü, AXCP sədrinin müavini Asəf Quliyev məlumat verib. Onun sözlərinə görə, Milli Şura növbəti mitinqini sentyabrın 15-də keçirə bilər.
A.Quliyev qeyd etdi ki, mitinqin bir qədər gecikməsinin səbəbi sentyabrın 9-dək Milli Şuranın vahid namizədi üçün imza toplanması ilə bağlıdır: “Milli Şurada təmsil olunan bütün qurumlar hazırda Cəmil Həsənlinin imzalarının toplanması üçün səfərbər olunub. Biz ən qısa müddətdə imzaları toplayıb, təhvil verməyi qarşımıza məqsəd qoymuşuq. Ancaq mitinqə hazırlıq işlərini də tam kənara qoymamışıq. İmzatoplama kampaniyası əhali ilə birbaşa təmas imkanı yaradır. Onu da deyim ki, imzatoplama kampaniyasının özü mitinqin kütləviliyinə təsir edən amillərdən biridir. Artıq bir neçə gündür əhali ilə bütün ölkə boyunca nümayəndələrimiz birbaşa ünsiyyətdədir. Növbəti mitinqin kütləviliyinə bu ünsiyyət zamanı aparılan təbliğat da təsir edəcək. Sentyabrın 9-dan sonra isə mitinq hazırlıqlarına xüsusi önəm veriləcək. Milli Şuranın növbəti mitinqinin sentyabrın 15-dən tez baş tutması gözlənilmir. Milli Şura Cəmil Həsənlinin imza vərəqlərini MSK-ya təhvil verdikdən sonra sentyabrın 15-də mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək. Mitinqin bir qədər gecikməsinin yeganə səbəbi hazırda imzatoplama kampaniyasının həyata keçirilməsidir”.
A.Quliyev onu da dedi ki, Milli Şura paytaxtda mitinq keçirməklə yanaşı, ölkənin digər bir sıra rayonlarında da seçicilərlə açıq və qapalı görüşlər keçirməyi nəzərdə tutub: “Biz indi partiyaların rayon təşkilatlarının sədrləri ilə məsləhətləşirik ki, harada açıq havada, harada qapalı görüşlər keçirmək mümkündür. Vahid namizədimizin hansı rayona gedib, seçicilərlə görüşməsi mümkün olsa, həmin rayonlarda açıq mitinqlər də keçirəcəyik. İmzatoplama kampaniyasında Milli Şuraya, onun vahid namizədi Cəmil Həsənliyə böyük rəğbətin, ümidin olduğunu müşahidə edirik. Bu da onu deməyə əsas verir ki, keçiriləcək aksiyalar və görüşlər izdihamlı alınacaq”.
Qeyd edək ki, Milli Şura indiyədək cəmi bir dəfə avqustun 18-də “20-ci sahə”də sanksiyalaşdırılmış mitinq keçirib.