BolgeXeber.Com » Siyasət » Toivo Klaar Bakıda “Tərəkəmə”yə, İrəvanda erməni mahnısına oynayır

Toivo Klaar Bakıda “Tərəkəmə”yə, İrəvanda erməni mahnısına oynayır

18-03-2022, 15:27
Oxunub: 4 024 Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanda səfərdədir. Aİ rəsmisi bir sıra görüşlər keçirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Toivo Klaarla görüşüb. Görüşdə tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, sərhəddə təhlükəsizlik və sabitliyin səviyyəsinin artırılması istiqamətində görülən tədbirləri müzakirə edib. Bu kontekstdə Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası prosesinə başlanmasının zəruriliyi vurğulanıb. Tərəflər eyni zamanda Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı çərçivəsində hərtərəfli və uzunmüddətli həllinin vacibliyini vurğulayıb.

Görünən odur ki, Aİ rəsmisi Azərbaycanda olanda bir söz, Ermənistanda səfərdə olanda tamam başqa söz deyir. Məsələ ondadır ki, Toivo Klaar fevralın sonlarında Bakıda səfərdə olub. Səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə keçirilən görüşlərdə o, Minsk Qrupu formatının bərpası barədə heç nə demədi. Zatən Aİ rəsmiləri Azərbaycanın MQ ilə bağlı mövqeyini yaxşı bilirlər. Belə olan halda necə olur ki, T.Klaar Bakıda görüşlər keçirərkən MQ-dən bir kəlmə danışmır, amma İrəvanda MQ mandatını qabardır?  Yada salaq ki,  Toyvo Klaar ötən ilin aprelində İrəvanda özünü qondarma qurumun “xarici işlər naziri” adlandıran David Babayanla görüşmüşdü. Bu isə Bakının ciddi narazılığına səbəb olmuşdu,  AB-nin Azərbaycandakı səfiri  Azərbaycan XİN-ə  dəvət edilərək ona rəsmi etiraz bildirilmişdi. Belə görünür ki, AB rəsmisi  İrəvanda  erməni havasına oynamağa öyrəncəlidir.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan zaman-zaman bu cür ikili yanaşmaların şahidi olur: “Yəni bu cür hadisə ilk dəfə deyil. Xüsusilə Avropa təşkilatlarından buraya səfər edənlər Bakıda bir söz deyir, İrəvana gedib tamam əksini deyir. Geri qayıdanda isə tamamilə başqa cür bəyanatla çıxış edirlər. Çox təəssüf ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da eyni davranışı təkrarladı. Xüsusi nümayəndə şübhəsiz dəqiq bilir və məlumatlıdır ki, Azərbaycan ATƏT-in Minsk Qrupunu Qarabağla bağlı fəaliyyəti üçün artıq əsas qalmadığını, Qarabağ məsələsini Azərbaycanın özünün həll etdiyini bəyan eləyib. Təəssüf ki, Toivo Klaar bunu bildiyi halda İrəvanda yenə də ATƏT-in Minsk Qrupunun dirçəldilməsi istiqamətində faktiki olaraq Ermənistanın arzusunu dilə gətirib. Hətta o, Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası prosesində Minsk Qrupunun iştirakının vacibliyini qeyd edib. Halbuki Minsk Qrupunun belə bir mandatı yoxdur. Cənab Toivo Klaar bunu da bilir. Lakin bunu bilə-bilə ermənilərin xoşuna gələn mövqeni ortaya qoyur. Azərbaycanın mövqeyi bəllidir, Minsk Qrupu bu prosesdə iştirak edə bilməz, uzağı sülhə xidmət eləyən humanitar xarakterli hansısa fikirlər irəli sürə bilər. Ancaq prosesdə tərəf kimi və ya vasitəçi kimi iştirak etməsinə heç bir halda imkan vermək olmaz. Məhz Minsk Qrupunun fəaliyyətsizliyi nəticəsində Qarabağ məsələsi 30 ilə yaxın həll edilmədi və 30 ilə yaxın işğal davam elədi. İndi Minsk Qrupunun Azərbaycanla Ermənistan arasında sərhəd məsələsinin həlli prosesinə və sülh sazişinin imzalanmasına hazırlıq prosesinə cəlb olunması bu prosesin də 30 il uzanması demək olar. Minsk Qrupu bütün fəaliyyəti dövründə birtərəfli mövqe nümayiş etdirib və Azərbaycan xalqının ona etimadı qalmayıb. 44 günlük Vətən müharibəsinin nəticələri Minsk Qrupunun mandatına əslində son vermiş oldu. İndi onların mandatı, sadəcə, formaldır. Avropa İttifaqı və onun təmsilçilərinə Azərbaycanın bu mövqeyi dəfələrlə çatdırılıb və yəqin ki, yenə də çatdırılacaq".

Ç.Qənizadə sonda vurğuladı ki, Avropa İttifaqı və bu qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycanla Ermənistan arasında, bölgədə daimi sülh istəyirsə, bunun üçün ilk növbədə Ermənistanın 10 noyabr üçtərəfli bəyanatının bütün tələblərinin İrəvan tərəfindən yerinə yetirilməsinə öz imkanlarını işə salaraq çalışmalıdır. Gedib İrəvanda ermənilərin çaldığı havaya oynamaq yox, Ermənistandan sülh üçün gərəkən addımları atmasını, imzasına hörmət etməsini tələb etməlidir.