BolgeXeber.Com » Siyasət » Ərdoğan S-400 məsələsinə nöqtə qoydu: “Xalqın donmasına imkan verə bilmərəm”

Ərdoğan S-400 məsələsinə nöqtə qoydu: “Xalqın donmasına imkan verə bilmərəm”

25-03-2022, 14:58
Oxunub: 3 048 Türkiyə daha əvvəl Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini Ukraynaya ötürməyəcək.

Qaynarinfo xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bu gün NATO sammitindən sonra Brüsseldən qayıdarkən təyyarədə jurnalistlərə deyib.

Daha əvvəl Reuters mənbələrə istinadla bildirmişdi ki, ABŞ Türkiyəyə Rusiya Federasiyasında aldığı S-400 hava hücumundan müdafiə sistemlərini Ukrayna qoşunlarına təhvil verməyi təklif edir.

"Bu gün biz əvvəllər qeyd etdiyimiz nöqtədəyik. Bu S-400 mövzusu bağlıdır. Bu məsələ bizim üçün qapalıdır. Bu, müdafiə nöqtəsində bizim mülkümüzdür”, - RİA Novosti Ərdoğandan sitat gətirib.

O, həmçinin açıq şəkildə bildirib ki, Türkiyə sanksiyalarla bağlı BMT-nin müəyyən xəttlərini yüksək qiymətləndirir, lakin Rusiya ilə münasibətləri kənara qoya bilməz.

Ərdoğanın qeyd etdiyi kimi, Türkiyə hakimiyyəti Rusiyaya qarşı sanksiyalara qoşula bilməyəcək, çünki onlar öz vətəndaşlarının Rusiya qazı olmadan donmasına imkan verə bilməzlər, - TASS qeyd edib.

Bundan əlavə, Ərdoğan deyib ki, Türkiyə və Rusiya turizm sektorunda milli valyutalarla ödənişlərin artırılması üçün danışıqlar aparır.

Eyni zamanda, o, NATO sammitinin nəticələrini müzakirə etmək üçün həftənin sonunda və ya gələn həftənin əvvəlində Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmağa ümid edir.

Bundan əvvəl, martın 7-də Rusiya Federasiyası hökuməti dövlət başçısının tapşırığına əsasən, Rusiyaya "dost olmayan ölkələr” və Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin və ərazilərin siyahısını təsdiq edib. Türkiyə bu siyahıya daxil deyil.