BolgeXeber.Com » Siyasət » İlham Əliyev Masallıda boks mərkəzi açdı

İlham Əliyev Masallıda boks mərkəzi açdı

5-09-2013, 14:35
Oxunub: 5 616 Prezident İlham Əliyev sentyabrın 4-də Masallı Regional Boks Mərkəzinin açılışında iştirak edib.
Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, boks mərkəzinin təməli 2012-ci ilin əvvəlində qoyulub.
Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və İlham Əliyevin Azərbaycan idmanının inkişafına və idmançılara göstərildikləri qayğını əks etdirən fotostend yaradılıb. Dövlət başçısı boks zalı ilə tanış oldu. Məlumat verildi ki, burada trenajor və ağır atletika zalları, həmçinin gənclərin idmanın digər növləri ilə məşğul olmaları üçün bütün imkanlar var. Mərkəzdə müxtəlif treninqlər və digər tədbirlər keçiriləcək.
Daha sonra İlham Əliyev Masallı rayonunda yeni inşa olunan Regional Taekvondo Mərkəzinin açılışında iştirak etdi. Dövlətimizin başçısına məlumat verildi ki, son illərdə Masallıda idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir. Bu cür mərkəzlərin istifadəyə verilməsi isə gənclərin idmana olan maraq və həvəsini daha da artırır. Ərazisi 5613 kvadratmetr olan idman mərkəzinin tikintisinə 2012-ci ildə başlanılmışdır. İnşaat işləri yüksək səviyyədə aparılıb. Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış oldu. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, eyni zamanda, Prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi qayğıdan bəhs edən fotoguşələr yaradılıb. Dövlətimizin başçısı sonra taekvondo zalı ilə tanış oldu. Burada 120 nəfərlik trenajor zalındakı avadanlıq da müasirliyi ilə diqqəti cəlb edir. İndi ölkəmizdə ənənəvi olmayan idman növlərinin inkişafı da xüsusi diqqət mərkəzindədir. Azərbaycanda bədən tərbiyəsi və idmanın hərtərəfli inkişafı üçün 2009-2020-ci illəri əhatə edən Milli Strategiya bu baxımdan geniş imkanlar açır. Prezident İlham Əliyev daha sonra mərkəzin ərazisi ilə tanış oldu. Bildirildi ki, ətrafda böyük həcmdə abadlıq və yaşıllaşdırma işləri görülüb.