BolgeXeber.Com » Siyasət » Erməni vandalizminin təzahürləri

Erməni vandalizminin təzahürləri

4-05-2022, 15:30
Oxunub: 4 336 Hər kəsə məlumdur ki, ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır;
Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli — 6 memarlıq və 7 arxeoloji, 292 ölkə əhəmiyyətli — 119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli — 270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi tarix və mədəniyyət abidələri qalıb. Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində mədəni irsi məhv etməyə yönələn siyasətinin bir hissəsi də bu ərazilərdə qalan muzeylərdə saxlanılan misilsiz tarixi eksponatları, qiymətli incəsənət və mədəniyyət nümunələrini talan etməsidir. İşğal olunmuş ərazilərdə 40 mindən çox eksponata malik olan 22 muzey qalıb. Bu muzeylərdən azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli eksponatlar talan edilib. Qədim sikkələr, qızıl və gümüş məmulatlar, nadir və bahalı daşlar, xalçalar və digər əl işləri ilə zəngin olan Kəlbəcər rayonunun Tarix muzeyi, Şuşa rayonunun Tarix muzeyləri, Ağdam rayonunun dünyada nadir olan Çörək Muzeyi, Qubadlı tarix-diyarşünaslıq muzeyi (3 mindən çox əşya), Zəngilan rayonunun tarix-diyarşünaslıq muzeyi (6 minədək əşya), daş abidələr muzeyi çərçivəsində və bir çox başqa muzeylər bura daxildir. Bu muzeylərin demək olar ki, heç birini xilas etmək, köçürmək mümkün olmayıb. İndi isə bu sadalananların izi-tozu belə qalmayıb. Keçmiş müharibələrdə “Yandırılmış torpaq” adlandırılan bir taktika vardı. İşğalçı ordu geri çəkilmək zorunda qalanda hər şeyi dağıdır, yaxud talayıb aparır, apara bilmədiyinə od vurub yandırırdı. Bu, həm də ona görə edilirdi ki, yerli əhali, torpağın əsl sahibi bir daha o yerlərdə məskunlaşa bilməsin. Ermənilər XXI əsrdə sivil dünyanın gözü qarşısında ibtidai icma dövrünə xas olan bu taktikanı işlədirlər. Prezidentimizin dediyi kimi, elə bil bu yerlərdən vəhşi qəbilə keçib. İşğaldan azad edilmiş şəhər və kəndlərimizin videogörüntüləri ürək ağrıdır. Vəhşi düşmən daş üstə daş qoymayıb, hər yeri xarabazara çevirib. Ağaclar kəsilib, meşələr qırılıb və yandırılıb, torpaqlar yararsız hala salınıb, minlərlə ev, yaşayış binası, infrastruktur obyekti dağıdıldı.. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı səhranı xatırladır. 
Ermənilərin faşist simasını bütün dünyanın görməsi vacibdir. Qoy, hamı görsün və bilsin ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. 
Düşmən bu illər ərzində insanlığa sığmayan hərəkətləri ilə Qarabağımızı xalqımızın qəlbindən söküb ata bilmək üçün dayanmadan çalışdı, işğal etdiyi bütün yurdlarımızı viran etdi, daşı daş üstündə qoymadı, təbiətimizə qənim kəsildi, yeraltı-yerüstü sərvətlərimizi taladı, tarixi, maddi-mədəni abidələrimizə, musiqimizə göz tikdi. Azərbaycanın tarixi torpaqlarından əsl sahibindən heç bir nişanə qalmaması üçün min cür fırıldaqlara əl atdılar. Elə bildilər ki, Azərbaycan xalqı bir daha öz ata-baba yurdlarına dönməyəcək. Düşmən anlaya bilməmişdir ki, 30 illik uzun bir ayrılıq belə Azərbaycan xalqının qəlbindən, könlündən Qarabağ sevdasını çıxarıb, ata bilməz. Cənab Prezidentimizin də dediyi kimi biz Böyük Qayıdış astanasındayıq!
Qarabağ təkcə Azərbaycanın ayrılmaz hissəsi deyil, həm də hər bir azərbaycanlının ayrılmaz hissəsidir!
 
 Şəmsiyyə Abbaszadə-YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvü, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin direktoru