BolgeXeber.Com » Siyasət » Prezident hansı icra başçılarına xəbərdarlıq edib?

Prezident hansı icra başçılarına xəbərdarlıq edib?

11-09-2013, 13:00
Oxunub: 3 091 Vidadi İsayevdən narazı qalınıb, Ceyhun Cəfərova salam verilməyib, Nizami Sadıqov isə açılış mərasiminə qorxusundan qatılmayıb...

Məlum olduğu kimi, dünən Prezident İlham Əliyev Qarabağ bölgəsində səfərdə olub. Məlumata görə, Bərdəyə səfər edən dövlət başçısı orada bir sıra obyektlərin açılışında iştirak etməliymiş. Lakin üzləşdiyi mənzərədən sonra vəziyyət dəyişib.

Etibarlı mənbələrdən aldığımız məlumata görə, Bərdədəki vəziyyətlə tanış olan Prezident rayonun icra başçısı Vidadi İsayevi sərt şəkildə danlayaraq, onun işindən narazı qaldığını bildirib. İcra başçısı özünə haqq qazandırmaq istəsə də, bir nəticə hasil olmayıb. Və dövlət başçısının obeyktlərin açılışında iştirak etməyəcəyini vurğulayaraq, rayonu tərk edib.

Bir başqa maraqlı hadisə isə yenə Bərdədə qeydə alınıb. Çünki rayonda Ağdam qaçqınları üçün inşa edilən şəhərciyin açılışında iştirak edən dövlət başçısı bölgə rayonlarının da icra başçıları da iştirak etməliymiş.

Mənbənin verdiyi məlumatda vurğulanır ki, bu açılışda Ağdamın icra başçısı Nizami Sadıqov da iştirak etməli olduğu halda, tədbirə qatılmayıb. İddialara görə, o vəziyyətin nə yerdə olduğunu bilirmiş və qorxusundan açılış mərasiminə qatılmayıb.

Ən acınacaqlı durum isə Tərtərin icra başçısının başına gəlib. Məlumatlara görə, həmin tədbirə qatılan Ceyhun Cəfərova ümumiyyətlə, salam verilməyib. Bundan bərk narahat olan icra başçısı nə edəcəyini bilmədən, geriyə qayıtmalı olub.

Bu əsnada Prezident İlham Əliyev dövlət məmurlarını da sərt bir şəkildə tənqid edib. O bəyan edib ki, bəzi vəzifəli şəxslər əvvəllər özləri üçün təmtəraqlı yubileylər, bir neçə gün ad günləri keçirirdilər. «Xaricdən müğənnilər dəvət edirdilər. Bunlar yolverilməz şeylərdir, bu, qudurğanlıqdır. Buna başqa ad vermək olmaz. Dözülməzdir. Ona görə onlara kəskin sözümü dedim ki, vəzifədən azad edəcəyəm”.

Onun sözlərinə görə, bu xəbərdarlığı məmurlara dərs olub: “Cəmiyyətdə normal davranış qaydaları olmalıdır. Qanun öz yerində. Qanunun aliliyi hər şeydən üstündür. Ancaq cəmiyyətimizin əsasları,ənənələri, milli dəyərləri vardır. Böyük-kiçik, davranış qaydaları var. Biz bunu poza bilmərik. Bizi əsrlər boyu bir millət kimi saxlayan milli dəyərlərimiz olub. Böyük-kiçik münasibətləri, normal davranış qaydaları - bizim milli xüsusiyyətlərimizi təsdiqləyən və göstərən amillər bunlardır. Ona görə də yersiz hərəkətlər, təmtəraqlı tədbirlər olmamalıdır. Vəzifəli şəxslər təvazökar, xalqa xidmət edən, dövlətə, dövlətçiliyə sədaqət göstərən şəxslər olmalıdırlar”.