BolgeXeber.Com » Siyasət » “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı Azərbaycan-Türkiyə qardaşlığının simvoludu

“TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı Azərbaycan-Türkiyə qardaşlığının simvoludu

2-06-2022, 14:00
Oxunub: 3 992 Dövlətin öz ərazi bütövlüyünü qoruyub saxlaması üçün yüksək texnologiyaya sahib olması vacib amildir. Ölkəmiz bu sahədə inkişafına görə fərqlənən dünya dövlətlərindən biridir. 44 günlük Vətən müharibəsi bütün dünyaya Azərbaycanın müasir texnologiyaya sahib olması və bununla da öz ərazi bütövlüyünü təmin etmə iqtidarında olduğunu sübut etdi. 
Müharibədə əldə etdiyimiz qalibiyyətdən sonra ölkəmiz texnologiyalar sahəsində yeni mərhələyə qədəm qoyub. Dövlətimizin "TEKNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalının Bakıda keçirilməsinə göstərdiyi dəstək sayəsində bir daha bunun şahidi oluruq. Əslində bu festivalın ölkəmizdə təşkil edilməsi texnologiya sahəsində də qardaş Türkiyə ilə sıx əməkdaşlığımızın bir nümunəsidir. Bu festival həm regiona, həm də bütün dünyaya Türkiyə və Azərbaycan qardaşlığının qırılmaz tellərlə bağlanmasından xəbər verir.  Ali Baş Komandan İlham Əliyevin təcavüzkar Ermənistana qarşı həyata keçirdiyi "Dəmir yumruq" əməliyyatında qardaş Türkiyənin siyasi və mənəvi dəstəyini ilk günlərdən hiss edirdik. Əməliyyatın uğurla başa vurulmasında Türkiyə istehsalı olan texnologiyalardan istifadə edilməsi mühüm rol oynadı. Bu səbəbdən də “TEKNOFEST Azərbaycan” festivalının Bakıda keçirilməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu festivalın təşkil edilməsinə dəstəyi təsadüfi deyildir. 
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 28-də - Müstəqillik Günündə ölkəmizə səfəri və Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalının keçirilməsinə göstərdiyi diqqət müttəfiqliyimizin simvoluna çevrildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizlə bağlı olan hər çıxışında bu müttəfiqliyin nə qədər əhəmiyyətli olduğunu vurğulayıb. Rəcəb Tayyib Ərdoğanın “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” ifadəsi artıq iki ölkə arasındakı münasibətlərin şüarına çevrilmişdir.
Festivalda iştirak edən mühüm şəxslər sırasında dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”-in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktar da yer aldı. Bu isə festivalın əhəmiyyətini daha da artırır, gənclərimiz üçün örnək rolunu oynayır. 
Ümumilikdə "TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalının ölkəmizdə təşkil edilməsi həm region, həm də bütün dünya qarşısında vacib bir məsələni işıqlandırdı. Hər iki ölkə başçısı bəyan etdi ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlər sülh və ədalət prinsiplərinə söykənir və bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də dediyi kimi: “Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır”. 

YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Tamam Hüsüzadə