BolgeXeber.Com » Siyasət » Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir

Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir

21-06-2022, 09:57
Oxunub: 5 144 Dövlət qurmaq, dövlətçilik ideyalarını həyata keçirmək, nicatı qorumaq və bu prosesin dönməzliyini təmin etmək bir xalqa göstərilə biləcək ən böyük xidmətdir. Optimal dövlət modeli yaratmağın ən əsas yolu onun gələcək maraqlarının da nəzərə alınaraq ideoloji, siyasi və iqtisadi əsaslarının formalaşdırılmasından keçir. Müstəqil bir dövlət o zaman yaranır, möhkəmlənir və davamlı inkişaf yoluna qədəm qoyur ki, tarixi-siyasi səbəblərdən əlavə olaraq xalqın həmin dövlət ətrafında birləşəcək güclü bir ideyası olsun.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüşdür və ölkənin o dövr olan rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur. Heydər Əliyev 1993-cü il iyunun 15-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. Ulu Öndər oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər ölkənin və xalqın ən ağır vaxtında hakimiyyətə gəlişi ilə tarixi bir missiyanı, Azərbaycanı, dövlətçiliyi, müstəqilliyi, milli ideologiyanı daxili və xarici düşmənlərin caynağından özünün fitri istedadı, dərin zəkası, qətiyyəti, uzaqgörənliyi ilə qurtardı. Konkret olaraq, kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, son damla qanına qədər onunla mübarizə aparacağını qətiyyətlə bəyan etdi. O, xalqı qardaş qırğınından, vətəndaş müharibəsindən, ölkəni separatçılıqdan və real parçalanma təhlükəsindən, xalq təsərrüfatını dağılmaqdan xilas etdi və müharibədə atəşkəsə nail oldu. Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratdı. Azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətidir.
Müstəqilliyin və suverenliyin göz bəbəyi kimi qorunmasını öz siyasətinin ana xətti olduğunu bəyan edən və onu praktik fəaliyyətində reallaşdıran Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qüdrətli təminatı missiyasını uğurla həyata keçirdi. Milli Ordunun formalaşması, nizamlı silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiəsi ilə bağlı ciddi addımlar atdı. Ölkəmizdə müstəqil dövlət təsisatları yaradıldı, demokratik prinsiplər bərqərar oldu, Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı.
Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olmasını şərtləndirən bütün amilləri - çox uzun bir dövr üçün Azərbaycan dövlətinin siyasi platformasını, iqtisadi əsaslarını, mənəvi və əxlaqi konsepsiyalarını yaratdı.
Onun uğurlu siyasəti nəticəsində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yaranmış və uğurlar əldə olunmuşdur. “Qanunun aliliyi” prinsipinin təmin olunması həmin dövrün prioriteti olmuşdu, çünki hərc-mərclik və ölkədə gedən özbaşınalıq bunu tələb edirdi. Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etmişdir. Respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir. Ulu öndər ilk gündən hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, məqsədyönlü və konkret strategiyaya əsaslanan islahatları həyata keçirməyə başladı. Böyük şəxsiyyət olaraq ilk günlərdən cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görən Heydər Əliyev həyata keçirməyi nəzərdə tutduğu islahatlar strategiyasına uyğun olaraq ilk növbədə dövlətin təməlini möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanaraq qəbulunu vacib bildi. 
Dövləti xalqa, xalqı dövlətə bağlayan qarşılıqlı inam və etibardır. Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimiz bu gün ulu öndərimizin Azərbaycan xalqına ən böyük töhfəsidir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaq, onun ideyalarını uğurla həyata keçirməkdir.
 
Hikmət Bağırlı,
Sabirabad rayon Gənclər və idman idarəsinin məsləhətçisi