BolgeXeber.Com » Siyasət » Cəmil Həsənlinin təbliğat kampaniyası üçün xüsusi plan hazırlanıb

Cəmil Həsənlinin təbliğat kampaniyası üçün xüsusi plan hazırlanıb

15-09-2013, 10:50
Oxunub: 3 969 Təşviqat üçün ən müxtəlif vasitələrdən istifadə olunacaq
Sabahdan Azərbaycanda prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyalarına rəsmən start veriləcək. Seçki Məcəlləsinin tələbinə müvafiq olaraq namizədlər sentyabrın 16-dan ödənişli və ödənişsiz əsaslarla kütləvi informasiya vasitələrində öz piar kampaniyalarını təşkil edə, seçicilərlə görüşlər keçirib seçki platformalarını açıqlaya biləcəklər.
Namizədlər üçün düzgün PR kampaniyasının təşkili əsas məsələlərdən biridir. İndi dünya praktikasında seçki marafonuna qoşulan namizədlərin tanıtımı təkcə mitinqlərdə, KİV-lərdə deyil, eləcə də sosial şəbəkələr vasitəsilə aparılır. Xüsusən də milyonlara istifadəçisi olan Facebook və Twitter sosial şəbəkələri bu işdə böyük əhəmiyyətə malikdir.
Avropa ölkələrində, eləcə də Amerikanın özündə prezidentliyə namizədlər Facebook və Twitter səhifələrində PR kampaniyalarını qurur, tərəfdarlarına lazımi mesajlarını çatdıraraq internetin imkanlarından lazımınca yararlanmağa çalışırlar.
Hakimiyyətin əsas alternativi olan Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənlinin seçki qərargahından bildirildi ki, təbliğat-təşviqat kampaniyasında sosial şəbəkənin imkanlarından maksimum istifadə etmək planlaşdırılıb. Seçki qərargahının həmsədri Həsən Kərimovun dediyinə görə, sosial şəbəkələrdə Cəmil Həsənlinin kampaniyasını aparmaqla bağlı xüsusi plan var. Artıq bəzi işlər görülür. Rəsmi kampaniya başlanandan sonra sosial şəbəkələrlə daha ciddi şəkildə iş aparılacaq: “Çünki Azərbaycanda təkcə Facebooka üzv olanların sayı 1 milyon 200 min nəfərdən çoxdur. Bu təbəqə ilə aktiv işin qurulması planlarımıza daxildir. Eyni zamanda Cəmil Həsənlinin seçki qərargahında müxtəlif üslublu təşviqat materialları hazırlanır. Onların bir çoxu internet vasitəsilə video şəklində yayılacaq. Cəmil Həsənlinin təşviqat kampaniyasında ən müxtəlif vasitələrdən istifadə olunacaq. Cəmil Həsənlini tanıtma materialları hazırlanır. Onlar kampaniya başlanana qədər hazır olacaq. Bu materiallar vasitəsilə seçicilərə Cəmil Həsənlinin platformasından çıxarışlar paylanacaq, onun əsas mesajları çatdırılacaq. Cəmil müəllimin özü, tərcümeyi-halı haqqında ən mühüm materiallar veriləcək. İmkanlarımız məhdud olsa da, hesablamışıq ki, zəruri materialları hazırlaya biləcəyik. Cəmil Həsənli haqqında materiallar hər bir evə, hər ailəyə çatdırılacaq”.

E.SEYİDAĞA