BolgeXeber.Com » Siyasət » Prezidentimizin çıxışı auditoriya tərəfindən böyük maraqla qarşılanıb

Prezidentimizin çıxışı auditoriya tərəfindən böyük maraqla qarşılanıb

6-09-2022, 11:30
Oxunub: 3 144 Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumu keçirilib.
Bu mötəbər toplantıda  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə əsas qonaq qismində iştirak edib və bu forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda  çıxış edib.
Dövlətimizin başçısı çıxışı zamanı Azərbaycanın enerji strategiyasının inkişaf mərhələləri, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolundan bəhs edərkən diqqətə çatdırıb ki, ölkəmizin enerji təhlükəsizliyi ilə bağlı strategiyası bir neçə mərhələyə bölünüb. Birinci mərhələdə müstəqilliyimizin bərpasından sonrakı üç il ərzində, yəni, 1994-cü ildə Azərbaycan Xəzər dənizində əməkdaşlıq etmək üçün xarici dövlətlərin aparıcı enerji şirkətlərini dəvət edən ilk dövlət idi. Tezliklə biz Avropa bazarına və əsasən də İtaliyaya neft ixracat edən ölkəyə çevrildik. Azərbaycanın uzun illər boyu İtaliyanın ən böyük neft təchizatçısı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Açıq dənizə çıxışı olmayan ölkə kimi bizim ixrac kəmərlərinə ehtiyacımız var idi. Biz strateji neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə və Gürcüstanın Qara dəniz limanına çəkdik, dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişdirməyi bacardıq.”
Cənab İlham  Əliyev həmçinin qeyd edib ki, dünyada mövcud vəziyyətlə əlaqədar Azərbaycan əlavə qaz həcmlərinin ixracı ilə bağlı çoxsaylı müraciətlər alır və onlara baxmağa hazırdır. Prezident İlham Əliyev çıxışı zamanı deyib ki,  Cənub Qaz Dəhlizinin əsas və son mərhələsi olan TAP layihəsinin istifadəyə verilməsindən bu günədək, yəni, il yarım keçdikdən sonra Azərbaycan Türkiyə və Gürcüstanla yanaşı, üç Avropa ölkəsinin təbii qaz ixracatçısına çevrilib.  Ötən müddət ərzində Avropaya 13,5 milyard kubmetr qaz ixrac olunub, bunun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il Azərbaycan İtaliya bazarına 10 milyard kubmetrə yaxın qaz ixrac etməyi planlaşdırır.
Dövlətimizin başçısı ümumilikdə alternativ enerjinin və xüsusilə işğaldan azad edilmiş ərazilərin inkişafı ilə bağlı da ətraflı məlumat verib. O, Azərbaycanda alternativ enerjiyə sərmayə qoyan dünyanın aparıcı şirkətləri ilə bu sahədə əməkdaşlıqdan danışıb.  Prezident İlham Əliyev vurğulayıb ki, enerji təhlükəsizliyi artıq hər bir dövlət üçün milli təhlükəsizlik məsələsinə çevrilib.
Prezidentin çıxışı auditoriya tərəfindən böyük maraqla qarşılanıb. Forum çərçivəsində cənab Prezident İtaliyanın nüfuzlu KİV nümayəndələrinin suallarını cavablandırıb.  Forumun moderatorunun dünyada və regionda mövcud geosiyasi vəziyyətlə bağlı sualını cavablandıran dövlət başçısı qeyd edib ki , Azərbaycan öz siyasətini milli maraqlar  və beynəlxalq  hüququn prinsipləri əsasında qurur. Bu konktekstdə o  xatırladıb ki, Azərbaycana qarşı  beynəlxalq hüququn prinsipləri uzun illərdir pozulurdu. O, beynəlxalq hüququn qorunmasına cavabdeh olan beynəlxalq institutların fəaliyyətinin cari çağırışlara uyğunlaşdırılmasının vacibliyini qeyd edib.
 
Fatma Hüseynova,
Sabirabad rayonu Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, 1 dərəcə Əmək ordenli