BolgeXeber.Com » Siyasət » İskəndər Həmidov: ”Siyavuşun anası anamdı”

İskəndər Həmidov: ”Siyavuşun anası anamdı”

24-09-2013, 10:35
Oxunub: 5 300 İsgəndər Həmidov YAP funksionerinin təhqirinə bu şəkildə cavab verdi: “Siyavuş Novruzovun anasını öz anam hesab edirəm”

YAP Milli Şuranın namizədi Cəmil Həsənlinin sentyabrın 22-də keçirdiyi təbliğat-təşviqat mitinqində baş verənlərlə bağlı MSK-ya və aidiyyəti qurumlara rəsmi müraciət ünvanlayacaq. Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S. Novruzov qeyd edib ki, mitinqdə çıxış edənlər nəinki Seçki Məcəlləsinin, o cümlədən digər qanunvericiliyin tələblərini pozub, hətta bundan xüsusi zövq aldıqlarını da nümayiş etdiriblər: “Mitinq kifayət qədər aşağı səviyyəli idi. Ora yığışanların sayının çox olması ilə bağlı yalan informasiyalar yayırlar, amma maksimum 1000-1500 nəfər olardılar. Əksəriyyəti özlərinin qohum-əqrəbası, ordan-burdan yığılmış, ayrı-ayrı təşkilatların üzvü olan adamlar idi. Diqqət çəkən isə o idi ki, çıxış edən hər bir kəs Azərbaycan Konstitusiyasının, Seçki Məcəlləsinin, digər normativ hüquqi aktların tələblərini ciddi şəkildə pozmaqdan sanki xüsusi zövq alırdılar.

Aydın görünürdü ki, çıxış edənlərin hər biri seçki ərəfəsində təxribat yaratmaq istəyir. Çıxışlarda söyüşlər, əxlaqa zidd çağırışlar yer alırdı ki, bu da Seçki Məcəlləsi və digər qanunvericiliklə tamamilə qadağandır. Eyni zamanda mitinq üçün razılaşdırılmış vaxt başa çatandan sonra dağılmamaq, yürüş və sair çağırışlarla xüsusi provokasiya hazırlanırdı. İstəyirdilər ki, polis onlara müdaxilə eləsin, təxribat yaransın. Bunu ora toplaşan, gənclərdən ibarət təxminən 50 nəfərlik qrup edirdi. Bütün bunlar bir daha sübut etdi ki, mitinq tamamilə təxribat xarakterli idi”.

YAP funksioneri deyib ki, sadaladıqları faktların hamısı qeydə alınıb: “Xüsusilə də mitinqdə YAP-ın və namizədimizin ünvanına çox ciddi təhqirlər, şər və böhtanlar səsləndirilib. Hər bir fakt üzrə MSK-ya və aidiyyəti qurumlara rəsmi müraciət olunacaq. MSK da buna görə bilavasitə cavabdehlik daşıyır”.

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin isə Cəmil Həsənlinin təbliğat-təşviqat mitinqi barədə yaydığı rəsmi məlumatda ciddi qanun pozuntusunun olmadığı deyilir. Məlumatda həmçinin bildirilir ki, saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, ACP, KXCP, EL hərəkatı, eləcə də bir sıra digər müxalifətyönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2000 (iki min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib...

S.Novruzov onu da deyib ki, mitinqdə çıxış edən sabiq daxili işlər naziri İsgəndər Həmidov onun ünvanına təhqiramiz ifadə işlədib. Həmidov “Burada Siyavuş Novruzovdan danışdılar, amma biz bura insanlar haqda danışmağa gəlmişik, heyvanlar haqda yox...” deməklə onu təhqir edib. S.Novruzov İ.Həmidova son dərəcə təhqiramiz formada cavab verib: “İsgəndər Həmidov ortalığa indi çıxıb. Bu gün mitinqdə bir sırada dayandığı İsa Qəmbəri yəhudi casusu adlandırırdı. Əli Kərimliyə fərari deyirdi, onu tutmaq istəyirdi. İsgəndər Həmidovun atası dana oğrusu idi. Ordan-burdan heyvan oğurlayırdı. Bu da indi hansı tövlədə, hansı heyvanlardan əmələ gəlib yəqin ki, ictimaiyyətə açıqlayacaq”.

İsgəndər Həmidov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, onun hərəkat yoldaşları ilə bir yerdə olması təbiidir. Lakin belə görünür ki, hakimiyyət hərəkat yoldaşlarının meydanda çiyin-çiyinə dayanmasından narahat olub: “Hakimiyyətin narahatlığı bundandır ki, biz bir yerdəyik. Bilsinlər, nə qədər ki, Azərbaycanda xalq həqiqi azadlığa çıxmayıb, demokratiya qurulmayıb, mən mübarizədəyəm və mübarizə yoldaşlarımla bir yerdə olacağam. Siyavuşun şəxsən özünə də demişəm ki, mən ondan fərqli olaraq ölənlər və ana-bacılar haqqında təhqiramiz ifadələr işlədən deyiləm. Siyavuş Novruzovdan fərqli olaraq Siyavuşun anasını öz anam bilirəm, bacısını öz bacım bilirəm. Hərə öz mədəniyyətini, əxlaqını göstərir. Dünyasını dəyişmiş şəxslər barədə təhqiramiz ifadə işlətməyin hansı əxlaq nümunəsi olduğu məlumdur. Siyavuşa xatırlatmaq istəyirəm ki, o, şəhid analarının, ölən əsgərlərin valideynlərinin döyüldüyü meydanda oturub pivə içən və şəhid analarının sürütmə çəkildiyi mənzərəni pivə içə-içə seyr edən birisidir. Ona görə də mən ona geniş cavab vermək istəmirəm, qoy xalqımız onun qiymətini versin”.

İ.Həmidov qardaşı Sərdar Həmidovun mitinqdən sonra Səs TV-yə müsahibəsində onun ünvanına sərt sözlər işlətməsinə heç bir cavab vermədi: “Məndən yaşca böyük qardaşımdır nə deyim? Təəssüf edirəm”.

Qeyd edək ki, Sərdar Həmidov müsahibəsində İ.Həmidova məsləhət görüb ki, müxalifət liderlərinə yaxın durmasın: “Onların heç biri İsgəndər Həmidovu çox istəməyiblər, qəbul etməyiblər və bu gün də bu belədir. İsgəndərin ağlı yoxdur, başını tamam itirib. Mən ona zamanında dedim ki, bu yaramazların dalına düşməsin. Amma mənim sözümə baxmadı, gedib qoşuldu yaramazlara. Onlar İsgəndərdən istifadə edirlər. Bilirlər ki, dəlidir, ağlı çatmır, ona görə də özlərinin deyə bilmədiklərini, cəsarətləri çatmadığı sözləri bu ağılsıza dedirdirlər. Bir də ki, İsgəndər huya gedəndir, böyürdən-başdan qızışdırırlar, özləri də çəkilib durur qıraqda. Axırda başı əzilən də bu olur”.

Maraqlıdır ki, qardaşına qarşı bu şəkildə sərt danışan S.Həmidov atasını və anasını təhqir edən S.Novruzova cavab verməyib.