BolgeXeber.Com » Siyasət » Praqa görüşünün yekunu Ermənistanın həm də diplomatik məğlubiyyətidir

Praqa görüşünün yekunu Ermənistanın həm də diplomatik məğlubiyyətidir

10-10-2022, 15:29
Oxunub: 2 568 Hazırda  postmüharibə dövrünün problemlərinin həlli, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi beynəlxalq ictimaiyyətin də  maraq dairəsindədir. Dövlət başçımızın bütün siyasi fəaliyyəti Ermənistanla sülh müqaviləsinin imzalanmasına yönəlib. İşğalçı ölkə isə bütün vasitələrlə sülh müqavilsini imzalamaqdan yayınır. Bu dövlətin siyasi və hərbi rəhbərliyi hələ də dərk etmir ki, sülh müqaviləsinin imzalanması, yeni kommunikasiya xətlərinin, dəmir və avtomobil yollarının bərpası Ermənistanın da iqtisadi inkişafına müsbət təsir göstərəcək. Görünür, revanşistlər və ermənipərəst qüvvələr hələ də Azərbaycanın Ermənistan üzərindəki tarixi Qələbəsini həzm edə bilmirlər. Fakt isə faktlığında qalır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Ermənistanın 30 illik işğalına son qoydu.
İndi Ermənistanın bir yolu qalıb. Sülh müqaviləsini imzalamaq və Cənubi Qafqazda yaradılmış yeni reallığı qəbul etmək. Bu işdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə  aparılan danışıqlardan sonra  müsbət nəticələr  müşahidə olunur.  Yeri gəlmişkən,  Avropa İttifaqı  Azərbaycan arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Son illər bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır. İlk növbədə, enerji sahəsində əməkdaşlığı qeyd etmək istərdim. Cari ilin iyul ayında Avropa Komissiyasının prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumunu bu sahədə irəliyə atılmış daha bir addımdır. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var.
 Ötən həftə Çexiyanın paytaxtı Praqada Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti  İlham Əliyev və Ermənsitanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş, əslində, Brüssel  danışıqlarının davamı kimi dəyərləndirilməlidir. Möhtərəm Prezidentimiz  Praqada Azərbaycan televiziyalarına verdiyi müsahibəsində də bu fikri səsləndirdi. İki ölkə arasında münasibətlərin tənzimlənməsində və sülh müqaviləsinin imzalanmasında Şarl Mişelin fəaliyyətini yüksək qiymətləndirən dövlət başçımız  onun vasitəsilə aparılan danışıqlarda irəliyə doğru addımlar atıldığını və  nəticədə  sülh müqaviləsinin imzalanmasına  yaxınlaşıldığını diqqətə çatdırdı. Danışıqlar gərgin keçsə də, bu dəfə də Azərbaycanın diplomatik qələbəsi ilə nəticələndi.
Danışıqların məntiqi nəticəsi olaraq, dördtərəfli bəyanat imzalandı. Bu sənəddə  olduqca mühüm məsələlər öz  əksini tapdı. Ən başlıcası,  Ermənistan baş nazirnin də imzaladığı bəyanatda Azərbaycanın ərazi bütövlüyü tanınır.  Deməli, Ermənistan “Qarabağ Azərbaycandır!” reallığını rəsmən qəbul edir.  Bəyanatda qeyd olunub ki, Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıyarkən, BMT Nizamnaməsinə, 1991-ci il Alma-Ata bəyannaməsinə istinad edirlər. Bunun çox böyük əhəmiyyəti var. Çünki bu, iki dövlət arasında sərhədlərin delimitasiyası üçün unikal imkanlar yaradan bir razılaşmadır. Artıq bu istiqamətdə konkret addımların atılacağı istisna deyil.
Praqa görüşünün  mühüm məqamlarından biri də Ermənistanın Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verməsidir. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcəkdir.
Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları, həmçinin mövqeyi   prinsipial olaraq təmin olundu. Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısı alındı.
Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru