BolgeXeber.Com » Siyasət » İlham Əliyev: “Böyük Qayıdış” adlanan proqram artıq başlayıb”

İlham Əliyev: “Böyük Qayıdış” adlanan proqram artıq başlayıb”

15-10-2022, 09:43
Oxunub: 3 768 2020-ci ildə, 44 günlük müharibədə Azərbaycanın növbəti qəhrəmanları doğuldular. Məhz onların sayəsində vətən savaşında Qarabağın qara buludlara bürünmüş səmaları aydınlaşdı, bulanıq suları duruldu. Əslində, bu savaş səmalara aydınlıq, sulara duruluq gətirməklə yanaşı, eyni zamanda bir çox mətləblərə də işıq saldı. Bu işığın altında kimliyimiz dünyadan daha aydın göründü və beynəlxalq aləmə Azərbaycan həqiqətləri daha qabarıq şəkildə çatdı.
Bu  gün işğaldan   azad  edilmiş  əzəli   torpaqlarımızda  bərpa işlərinin sürətlə aparması həqiqətən heyrətamizdir. Qarabağ tamamilə yenidən qurulur, sıfırdan ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları, kəndlər, qəsəbələr tikilir. Sözsüz ki, Qarabağda aparılan tikinti-quruculuq işləri Azərbaycan dövlətinin gücünün və potensialının göstəricisidir. 
Aparılan sürətli işlər arasında isə hava limanlarının tikintisi ön planda duran məsələlərdəndir. Ən azı ona görə ki, nəqliyyat-logistika imkanlarının yaradılması işğaldan azad edilmiş ərazilərin sürətli bərpası və gələcək inkişafı üçün vacib əhəmiyyət kəsb edir. Bir sözlə, Qarabağa Böyük qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılmasından keçir. Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxış edən Prezident İlham Əliyev bu mövzuya toxunaraq bildirmişdir ki, “azad olunmuş ərazilərdə minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. "Böyük Qayıdış" adlanan proqram artıq başlayıb. Həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturların yaradılması, sərmayələrin cəlb edilməsi və digər mühüm amillər Böyük Qayıdışın - layiqli və dayanıqlı məskunlaşmanın vaxtında, yüksək səviyyədə təmin olunması üçün çox əhəmiyyətlidir. Yol infrastrukturunun yaradılması - avtomobil və dəmir yollarının çəkilməsi, yeni hava limanlarının tikilməsi, bütün şəhərlərin baş planlarının hazırlanması və digər addımlar görülən işlərin sistemli xarakter daşıdığını göstərir.”
Lakin düşmən ölkənin hərbi quldur dəstələrinin 30 il müddətində Qarabağı mina və partlamamış sursat məzarlığına çevirməsi məcburi köçkünlərin öz yurdlarına dönüşünü ciddi surətdə əngəlləyir, irimiqyaslı layihələrin sürətlə gerçəkləşdirilməsinə mane olur. Hazırda bütün ərazilərdə minalardan təmizlənmə prosesi xəritə olmadan aparılır. Yuxarıda nümunə gətirdiyimiz göstərici bir rayona aiddir. Ağdamdan dəfələrlə böyük və coğrafi mövqeyinə görə çətin ərazidə yerləşən Kəlbəcərdə nə qədər mina olduğu isə məlum deyil.
Bu il iyunun 4-də Kəlbəcərdə çəkiliş zamanı jurnalistlərin minaya düşməsi  mina xəritələrinin verilməsi məsələsini daha da ciddi bir rakursa gətirdi. Jurnalistlərin şəhid olmasından sonra hadisə dünya ölkələri tərəfindən daha ciddi qiymətləndirilməyə başladı. Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı hadisə ilə bağlı bəyanat da yaymışdı. Mina xəritələri və minalardan təmizlənmə prosesi bu gün Azərbaycan üçün öz aktuallığını qorumaqdadır. Xidməti vəzifəsini yerinə yetirərkən minaya düşərək şəhid olan hərbçilərin sayı da az deyil.
Bu gün Azərbaycanın həyata keçirdiyi hər bir layihə dünyada xüsusi maraqla qarşılanır. Çünki son illər dünyada baş verən iqtisadi geriləmələr fonunda Azərbaycan heç bir layihəni təxirə salmır, nəzərdə tutulan bütün planlar icra olunur. Tikinti-quruculuq işləri, infrastruktur layihələri təkcə Qarabağda deyil, paralel olaraq bütün ölkə boyu həyata keçirilir. Azərbaycanı fərqləndirən, dünyada önə çıxaran da bu amillərdir. 
Prezident cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə, o cümlədən mədəniyyət paytaxtımıza gerçəkləşən mütəmadi səfərləri  hazırda bölgədə gedən böyük quruculuq-bərpa işlərinin gedişi ilə bilavasitə tanış olmaq məqsədi daşımaqla yanaşı, həm də bütün dost və düşmənlərimizə yeni mesajların verilməsi fürsəti kimi dəyərləndirilə bilər. Prezident bu səfərləri və açıqlamaları ilə gördüyümüz və görəcəyimiz işlərin “yol xəritəsi”ni hər kəsə nümayiş etdirir, mühüm mesajlar verir. Dostlarımızın və düşmənlərimizin, eləcə də dünya ictimaiyyətinin bu mesajlara necə reaksiya verməsi, hansı münasibəti sərgiləməsi də göz qabağındadır.
 
 
Aytən Ağalarova,
Salyan rayon Arbatan kənd tam orta məktəbin direktoru, YAP fəalı