BolgeXeber.Com » Siyasət » Fransa Prezidentinin təxribatçı açıqlamaları riyakarlıqdan başqa bir şey deyil

Fransa Prezidentinin təxribatçı açıqlamaları riyakarlıqdan başqa bir şey deyil

17-10-2022, 09:55
Oxunub: 2 848 Azərbaycan xalqının 44 günlük müharibədə Ermənistana qalib gəlməsi bir çox ölkələrin ölkəmizə qarşı əsl simalarının üzə çıxmasına səbəb olub. Azərbaycandan min kilometrlərlə məsafədə yerləşən bəzi ölkələrin, xüsusən Fransanın mövqeyini ümumiyyətlə başa düşmək mümkün deyil. Bu ölkə istər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılmış təxminən 30 illik danışıqlar dövründə, istərsə də Azərbaycanın əks-hücum əməliyyatları zamanı sonadək işğalçı və terrorçu Ermənistanı dəstəkləyib. Bu dəstək indinin özündə də və daha eybəcər şəkildə davam edir. 
Bir sıra dövlətlər sözlə əməl birliyini nümayiş etdirərək  bölgədə sülhün və təhlükəsizliyin yaradılması prosesinə dəstəklərini göstərməyə çalışır, digər qisim isə, xüsusilə Fransa kimi ermənipərəst mövqeli, hər zaman erməni sevgisini ortaya qoymaqdan çəkinməyən bəzi güclər sözdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlı olduqlarını bildirsələr də real addım atmaq zamanı gəldikdə tamamilə fərqli yanaşma ortaya qoyurlar.
Bu günlərdə dünyanın diqqəti yönələn Praqa görüşlərində istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycana qarşı qərəzli mövqeyi ilə diqqətdən kənarda qalmayan Fransa Prezidenti Emmanuel Makronun da tərəf kimi qatılması müxtəlif sualların yaranmasına səbəb oldu. Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidentinin ölkəmizə qarşı təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etməsi gündəm oldu. Fransa Prezidentinin “France2” telekanalına müsahibəsində səsləndirdiyi fikirlər əslində rəsmi Parisin hansı mövqedə olduğunu bir daha ortaya qoydu. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Sözügedən müsahibədə heç bir konkret fakta əsaslanmayan absurd fikirləri ilə həqiqəti inkar etməyə, hazırda bütün dünyanın gözü qarşısında baş verən reallıqları yalanları ilə ört-basdır etməyə çalışan Fransa Prezidenti bir daha etiraf etdi ki, ölkəsi beynəlxalq hüququn, haqqın-ədalətin deyil, terror dövləti olan Ermənistanın tərəfindədir. Təəssüf doğuran budur ki, işğalçı Ermənistana dəstək verən bir qayda olaraq kiçik dövlətlərə “ədalət və beynəlxalq hüquq” dərsi keçən Fransadır. Belə yanaşma ortaya qoyan Fransa heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz.
Fransa Prezidenti Makron sözügedən müsahibəsində riyakarcasına iki il əvvəl beynəlxalq səviyyədə tanınmayan Dağlıq Qarabağda müharibə baş verdiyini iddia edib. Bu fikrin reallıqdan uzaq olduğunu elə Fransanın da iştirakı ilə hazırlanan və qəbul olunan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi təsdiqləyir. Erməni silahlı birləşmələrinin bu torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasının vacibliyi 28 il kağız üzərində qalıb saralan BMT qətnamələrində öz əksini tapmışdır. Bu baxımdan Fransa Prezidentinin ölkəmizə qarşı qərəzdən, Ermənistana isə sevgidən qaynaqlanan açıqlaması beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyünə qarşı hörmətsizlikdir.
Bu gün Azərbaycan ictimaiyyəti ermənipərəst siyasət yürüdən Fransanın danışıqlar prosesində iştirakının qəti əleyhinədir. Xalqımız yaxşı bilir ki, 30 il ərzində keçmiş münaqişənin həll olunmamasının əsas səbəblərindən biri Fransanın açıq ermənipərəst mövqe tutması olub. İndi bunu açıq şəkildə etiraf edən Fransa bilməli və qəbul etməlidir ki, Azərbaycan bu dövlətin vasitəçi olduğu formata yol verməyəcək. Xalqımız  Fransanın hər zaman anti-Azərbaycan mövqeyində dayanmasının, həm də bu dövlətin tarixən Asiya və Afrika ölkələrinə münasibətdə istismarçı, riyakar siyasət yürütməsinin şahidi olub. Fransanın bir sıra ölkələrdə həyata keçirdiyi soyqırımı siyasəti, İslam ölkələrinə qarşı qərəzli mövqeyi, müsəlmanlara münasibətdə dini və irqi ayrı-seçkiliyi hər kəsə məlum həqiqətlərdir.
 
 
Cavid Ağayev, 
Salyan rayon Peyk kənd tam orta məktəbin müəllimi, YAP fəalı