BolgeXeber.Com » Siyasət » "Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi"

"Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi"

17-10-2022, 11:52
Oxunub: 4 200

İlham Əliyev: “Bundan sonra Fransa hökumətinin bu cür münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”

 
Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası keçirilib. Bu mötəbər tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib. Öz çıxışında bir sıra məqamlara toxunan ölkə başçısı 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan vəziyyət, bu ilin sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar və onların səbəbləri, bir sıra dövlətlərin ölkəmizin haqq işinə biganəliyi, işğalçı dövləti açıq-aşkar müdafiə etmələrindən danışmışdır. Bildirilmişdir ki, 28 il ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyəti sıfıra bərabər olub. Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Belə münasibətlə razılaşmayan Azərbaycan münaqişəni özü həll edib.
Bəli, 44 günlük Vətən müharibəsində Azərbaycan Minsk qrupunun edə bilmədiyini, yaxud etmək istəmədiyini güc yolu ilə gerçəkləşdirdi. 30 ilə yaxın kağız üzərində qalan qətnamələrin tələbləri "dəmir yumruq"la, Ermənistanın döyüş meydanında cəzalandırılması ilə icra olundu. Bu müharibənin, Azərbaycanın öz milli haqqını güc yolu ilə təmin etməsinin ortaya qoyduğu başqa bir reallıq isə ATƏT-in Minsk qrupu kimi Fransanın maskasının tam cırılması oldu. Bu ölkənin ermənipərəst siyasət yürütməsi əvvəldən də məlum idi. Lakin müharibə günlərində başda Prezident Makron olmaqla Fransanın siyasi dairələri açıq şəkildə Ermənistanın müdafiəsinə qalxdılar. 44 günlük müharibə dövründə Fransa Prezidenti və bu ölkənin dövlət və hakimiyyət orqanları Azərbaycana qarşı müxtəlif təzyiqlərə əl atsalar da, baş tutmamışdı. Prezident İlham Əliyev sübut etdi ki, heç bir siyasi təzyiq onu yolundan döndərə, torpaqlarımızın işğaldan azad edilməsinin qarşısını ala bilməz. Həm Makronun, həm də digər fransız siyasət dairələrinin niyyətləri gözlərində qaldı və Azərbaycan işğal altındakı torpaqlarını azad edərək Ermənistanın kapitulyasiyasına nail oldu. 
Müharibədən sonra da Fransanın siyasi dairələri Azərbaycan torpaqlarının işğaldan azad olunması faktı ilə barışa bilmədilər. Bunu Fransanın siyasi dairələrinin açıqlamaları, üçtərəfli Bəyanata qarşı çıxmaları təsdiq edirdi. 2020-ci il noyabrın 25-də Fransa senatında Dağlıq Qarabağdakı separatçı rejimin tanınması ilə bağlı qətnamənin qəbulu bir daha bu ölkənin Ermənistanın işğal siyasətinə dəstək verməsinin aydın sübutu oldu. Bütövlükdə Fransanın aşkar ermənipərəst mövqeyi Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların nə üçün nəticəsiz qaldığını göstərdi. Müharibə günlərində və sonrakı dövrdə baş verənlər təsdiq edir ki, Fransa münaqişənin dondurulmuş vəziyyətdə qalmasına səy göstərməklə, Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistana birləşdirilməsində maraqlı olub.
Oktyabrın 6-da keçirilən Praqa görüşləri, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ölkəmizin Vətən müharibəsindən sonra növbəti diplomatik qələbəsi oldu. Onu da qeyd edək ki, Praqa görüşü həm də E.Makronun vasitəçiliyi ilə baş tutmuşdu. Lakin görünən odur ki, Fransa rəhbərliyi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə razılaşmaq istəmir, yaxud bu prosesdə Azərbaycanın uğurlarını həzm edə bilmir. Çünki Fransa Prezidentinin Praqa görüşündən 6 gün sonra verdiyi müsahibəni başqa cür şərh etmək mümkün deyil. Praqada vacib razılaşmaların əldə edilməsindən sonra E.Makronun Azərbaycana qarşı yönələn açıqlamaları tamamilə qəbuledilməz, eyni zamanda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə qeyri-adekvatdır. Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında bu barədə danışan Prezident İlham Əliyev Fransa Prezidentinin faktları manipulyasiya edərək dünya ictimaiyyətini çaşdırmağa səy göstərdiyini bildirib: "Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən, demək olar, bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib".
Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçilik səylərinin yenidən nəzərdən keçirilməsini labüd edir. "Böyük ölkənin prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük" - deyə Prezident İlham Əliyev bildirib.
Prezident İlham Əliyevin dediyi kimi, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. Bu ölkənin mövqeyinin, rəhbərliyinin nə deməsinin  isə Azərbaycan üçün əhəmiyyəti yoxdur. Torpaqlarını işğaldan güc yolu ilə azad edən Azərbaycan yaranmış yeni reallıqlar fonunda da öz milli maraqlarını qətiyyətlə təmin edəcək.
 
 
İlkin Kərimov,
Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin direktor müavini, YAP fəalı