BolgeXeber.Com » Siyasət » Milli Şuranın 28 sentyabr mitinqi izdihamlı olacaq

Milli Şuranın 28 sentyabr mitinqi izdihamlı olacaq

27-09-2013, 10:55
Oxunub: 4 902 Milli Şuranın sentyabrın 29-na təyin etdiyi mitinqə icazə verilmədiyi üçün, görüş-mitinq sentyabrın 28-nə təyin edilib. Beləliklə, Cəmil Həsənlinin seçicilərlə növbəti görüş-mitinqi sentyabrın 28-i saat 16-da Bakıda Yasamal Rayon Idman-Sağlamlıq Kompleksinin stadionunda (M.Seyidov küçəsi, 3155-ci məhəllə) keçiriləcək.

Artıq mitinqlə bağlı işlərin görülməsinə start verilib. Sosial şəbəkələrdə mitinqin “event”i yaradılıb və 30 mindən çox insan bu günə qədər mitinqə dəvət edilib. Mitinqlə bağlı əhval-ruhiyyə yüksək səviyyədədir. Budəfəki mitinqdə də öndə gənclərin olacağı və mitinqin daha da izdihamlı keçəcəyi bildirilir.

Gənclər 28 sentyabr mitinqində daha kütləvi iştirak edəcək



AXCP Gənclər Komitəsinin koordinatoru Nihad Hüseyn qəzetimizə açıqlamasında bildirdi ki, mitinqlə bağlı ötən gün rayon şöbə gəncləri ilə birlikdə geniş iclas keçirilib və görüləcək işlər müzkirə edilib: “Hər zaman olduğu kimi cəbhəçi gənclər bu mitinqdə də kütləvi şəkildə iştirak edəcək. Artıq plakatların yazılmasına, şüarların müəyyənləşdirilməsinə start verilib. Biz hesab edirik ki, bu mitinqlərdə iştirak etmək ölkənin taleyi üçün önəmli addımdı və hər bir gənci bu mitinqdə iştirak etməyə çağırırıq”.

Hakimiyyət çaşqınlıq yaratmaq istəsə də, biz növbəti mitinqi də uğurla başa vuracağıq



Miilli Şuranın mitinq komitəsinin sədri Asəf Quliyev qəzətimizə açıqlamasında bildirdi ki, mitinqlə bağlı bütün hazırlıqlar görülür və daha izdihamlı mitinqin olacağı proqnozlaşdırılır: “Mitinq ayın 29-na təyin olunsa da hakimiyyət çaşqınlıq yaratmaq üçün, həmin gün mitinqə icazə vermədi. Bunu Hafiz Hacıyevin mitinq edəcəyi ilə əsaslandırsalar da, hamıya məlumdur ki, əsl səbəb Milli Şuranın mitinqini təxirə salmaq idi. Ancaq buna baxmayaraq biz mitinq hazırlıqlarını sürətlə davam etdiririk. Həm sosial şəbəkələrdə, həm də müxtəlif çağırış vərəqələrinin paylanmasıyla təbliğatımızı aparırıq. Namizədlərin televiziya və radio çıxışları zamanı da bu mitinq haqqında vətəndaşlara məlumat verilir. Eyni zamanda rayonlarda da, açıq və qapalı görüşlər keçiriləcək və bununla bağlı işlər yekunlaşmaq üzrədir. Sentyabrın 28-də keçirəcəyimiz mitinq daha kütləvi olacaq və ölkədə dəyişiklik istəyən, haqqa dəstək olmaq istəyən hər kəsi bu mitinqə dəvət edirik”.

Əsgər valideynləri sona qədər Milli Şuranı dəstəkləyəcək

Sentyabrın 22-də keçirilən mitinqdə ön sıralarda övladları şəhid olmuş əsgər valideyinləri nəzərə çarpırdı. Qeyd edək ki, bundan əvvəlki icazəli və icazəsiz aksiyalarda polisin şəhid ailələrini yerlə sürüməsinə, onların təhqir olunmasına şahidlik etmişik. “Atəşkəs Qurbanları Ictimai Birliyi”nin sədri Əli Kərimbəyli bildirdi ki, biz şəhid valideyinləri hər zaman demokratik qüvvələrin mitinqində iştirak etmişik, növbəti mitinqdə də iştirak edəcəyik: “Biz mitinqlərdə şəhid olmuş övladlarımızın şəkilləri ilə iştirak edib, göstərmək istəyirik ki, əsgər valideynləri də Milli Şuranın və onun namizədinin yanındadır. Döyülsək də, söyülsək də sona qədər bu mitinqlərdə iştirak edəcək və öz dəstəyimizi bildirəcəyik. Biz təhqir olunaraq, övladlarımızın qanının batdığını görərək yaşamaq istəmirik. Bizim mitinqdə iştirak etməyimizə müxtəlif maneələr yaradılsa da, biz bu maneələri dəf edib, Cəmil Həsənlinin seçki kampaniyasında iştirak edəcəyik”.

Ilham Hüseyn