BolgeXeber.Com » Siyasət » Gürcüstan Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə böyük maraq göstərir

Gürcüstan Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə böyük maraq göstərir

20-10-2022, 12:13
Oxunub: 2 648 Prezident İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri ikitərəfli əməkdaşlığın aktiv fazaya daxil olduğunu təsdiqləməklə bir sıra mühüm nəticələrlə yadda qalmışdır. Belə ki bu səfər iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqlədi. İki ölkə başçısının görüşündə Azərbaycan və Gürcüstan münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, əlaqələrin bundan sonra genişlənəcəyi qeyd olunmuşdur.  Əldə edilən nəticələr deməyə əsas verir ki, Gürcüstan əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə böyük maraq göstərir.
Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Belə ki, Tbilisi ilə Bakı regional təhlükəsizliyin təmin olunması, iqtisadi maraqların uzlaşdırılması, siyasi münasibətlər sisteminin daha da təkmilləşdirilməsi kimi istiqamətlərdə sıx təmaslara malikdirlər. Həmçinin Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi, ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan verib. Gürcüstan ilə qarşılıqlı faydalı əlaqələrin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir. Belə ki, Azərbaycanda 695 Gürcüstan investisiyalı şirkət fəaliyyət göstərir.
Ümumilikdə Gürcüstandan Azərbaycana 259 milyon ABŞ dolları, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb. Ölkə başçısının da vurğuladığı kimi bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. 2022-ci ilin 9 ayı ərzində isə qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara yaxınlaşması, iqtisadi sahədəki əməkdaşlığın getdikcə daha çox sahəni əhatə etməsi qarşılıqlı münasibətlərin dinamik inkişafı üçün geniş perspektivlərin olduğundan xəbər verir.
 
Vüqar Kərimov,
Sabirabad rayonu Gənclər və idman idarəsinin rəis müavini