BolgeXeber.Com » Siyasət » Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır

8-11-2022, 14:30
Oxunub: 3 360 Müasir dünyamızda ümumən bəşəriyyəti qayğılandıran bir çox qlobal problemlərə birgə həllərin tapılması, sülhə, təhlükəsizliyə, davamlı inkişafa dəstək üçün ölkələr arasında əməkdaşlığın qurulması çox vacibdir. Belə bir əməkdaşlığın öz məqsədlərinə çata bilməsindən ötrü isə onun hər hansı hərbi blokun maraqlarından kənarda qurulması, beynəlxalq hüquqa hörmət prinsipləri əsasında fəaliyyəti çox əhəmiyyətlidir. Yalnız belə olduqda dövlətlər müasir dünyamızın çağırışlarına cavab verə, mövcud problemlərə ortaq həllər tapa bilərlər. Bu baxımdan Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı son illər ölkələr arasında çox uğurlu əməkdaşlıq platformasına çevrilmişdir.
Bu, bir həqiqətdir ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövrü bir çox beynəlxalq ekspertlərin doğurduğu fəlakətlərin miqyası baxımından “üçüncü dünya müharibəsi” adlandırdıqları COVID-19 pandemiyasının tüğyan etdiyi dövrə təsadüf edir. Bu, olduqca mürəkkəb vəziyyət QH sədri olaraq, Azərbaycanın qarşısında ölçüyəgəlməz çətin vəzifələr qoydu. Qlobal siyasi baxışa malik, çətinlikləri stimula çevirməyi bacaran Prezident İlham Əliyevin formalaşmış mürəkkəb situasiya reallığında atdığı çevik və unikal addımlar pandemiyaya qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi mənafeyinə xidmət göstərməklə planetar əhəmiyyət kəsb etmişdir.
Hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirən Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra dünyada ikinci ən böyük beynəlxalq qurumdur. Müxtəlif qlobal məsələlərlə bağlı hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Son illər bu təşkilatın fəaliyyətinin güclənməsində Azərbaycanın müstəsna xidmətləri var. Məhz ölkəmizin təşkilata sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzu daha da yüksəlmiş, beynəlxalq proseslərə təsir imkanları genişlənmiş, qarşıya qoyduğu vəzifələr aydınlaşmışdır.
Cari ilin noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına dəvət alan Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə həm də Qoşulmama Hərəkatının sədri kimi iştirak edib. Cənab Prezident çıxışında günümüz üçün vacib hesab olunan məsələlərə toxunaraq, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın beynəlxalq arenada mühüm rol oynadığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev sammitdəki çıxışında Qoşulmama Hərəkatının Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə çox yaxşı münasibətlərin olduğunu və yaxın gələcəkdə bu əməkdaşlığın daha da genişlənəcəyini, yeni xarakter və yeni dinamika alacağını bildirmişdir. 2023-cü ilin martında Bakıda Qoşulmama Hərəkatının növbəti zirvə toplantısının nəzərdə tutulduğunu deyən cənab İlham Əliyev Ərəb Dövlətləri Liqası üzvlərinin dövlət və hökumət başçılarını da bu sammitə dəvət edib.
Məlumat bildirək ki, Azərbaycan 2011-ci ildən bu mötəbər təşkilatın üzvüdür və 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir. Bütün bu illər ərzində ölkəmiz təşkilat daxilində yüksək fəallıq nümayiş etdirib, bütün üzv dövlətlərin maraqlarına cavab verən bir çox önəmli təşəbbüslərlə çıxış edib. Bütün bunlar Azərbaycanın həm Qoşulmama Hərəkatı daxilində, həm də beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə, nüfuzunun daha artmasına təkan verib. Azərbaycan təşkilata bütün üzv dövlətlərin yekdil səsi ilə sədr seçilib. Bu da ölkəmizin mövqeyinə və dövlətimizin siyasətinə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Həmçinin, Azərbaycanın sədrliyinin bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılması da ölkəmizə olan etimad və rəğbətin bariz göstəricisidir.
 
 
Məhəmməd Ağayev,
Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbin direktor əvəzi