BolgeXeber.Com » Siyasət » Laçının işğaldan azad edilməsi dövlətimizin və xalqımızın tarixi uğurudur

Laçının işğaldan azad edilməsi dövlətimizin və xalqımızın tarixi uğurudur

1-12-2022, 12:34
Oxunub: 4 104 Laçın rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Bu yurdun sakinləri ana Həkərinin laylasıyla böyümüş, yalçın qayaların dəyanətindən dərs almışlar. Bir tərəfi Qarabağ silsiləsinin yamyaşıl, atlas geyimli yamaclarına, meşə və ormanlarına, digər tərəfi Zəngəzur dağlarına söykənən bənzərsiz Laçının tayı-bərabəri yoxdu. 
Laçın həmişə müxtəlif sahələrdə qazandığı uğurlarla ölkəmizə töhfələr verib, iqtisadi qüdrəti ilbəil yüksəlib, insanların həyat tərzinin yüksəldilməsinə maksimum səy göstərilib. Bu yurdun dağ vüqarlı, mərd insanları olub. İkinci Dünya müharibəsi illərində 3660 Laçın sakini cəbhəyə yollanmış, onlardan 2426 nəfəri ağır  döyüşlərdə qəhrəmancasına həlak olmuş, Laçının igid övladı, qvardiya  baş  serjantı Əvəz   Verdiyev Polşa torpağında gedən ağır döyüşlərdə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, elə oradaca əbədiyyətə qovuşmuşdur.
Laçın şəhərinin yüksəliş dövrü isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-80-ci illərində xüsusi olaraq Laçın şəhərinin inkişafının sürətləndirilməsi üçün respublika rəhbərliyi səviyyəsində çoxsaylı göstərişlər verilib, sənədlər imzalanıb. Məhz həmin dövrdə Laçının sosial-iqtisadi inkişafı sürətlənib, şəhərə və yüzdən artıq kəndə avtomobil yolu, su kəməri, işıq çəkilmişdir. Ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dövründə Şuşa ilə Laçını birləşdirən yollar əsaslı təmir edilmiş və demək olar ki, hər bir yaşayış məntəqəsində sosial obyektlər tikilərək istifadəyə verilmişdir. 1971-ci il 16 noyabr tarixində Azərbaycan KP MK və Nazirlər Soveti "Dağ rayonlarının iqtisadiyyatını daha da yüksəltmək tədbirləri haqqında" qərar qəbul etmişdi. Elə həmin tarixdə respublika rəhbərliyinin "Laçın rayon zəhmətkeşlərinə mədəni məişət xidmətini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" qərar qüvvəyə minir. 1974-cü il avqustun 6-da isə Azərbaycan KP MK Bürosu "Laçın şəhərinin 50 illiyi haqqında" qərar qəbul edir. Məhz həmin tədbirlərin həyata keçirilməsi nəticəsində Laçın rayonu sıçrayışlı inkişaf yoluna qədəm qoymuşdur.
Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başlayanda hakimiyyətdə ulu öndər Heydər Əliyev olsaydı, bir qarış torpağımız belə, işğala məruz qalmazdı. Çünki ulu öndər erməni məkrinin qarşısını ala biləcək yeganə şəxsiyyət idi. Heydər Əliyev 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə xalqımız böyük bəlalardan xilas oldu. Dünya şöhrətli siyasətçinin hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı, işğal olunmuş ərazilərimizin azad edilməsi ümidini yaratdı. Həmçinin, laçınlıların qəlbində ümid  çırağı parladı, belə qənaətə gəldilər ki, heç vaxt Laçın tək incini itirməyəcək, günlərin bir günündə  Laçın tək bir cənnət guşə işğaldan azad olunacaq, o yerlərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanacaqdır.
Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində xalqımız Laçına dönəcəyimiz günün yaxınlaşdığını yaxşı başa düşürdü. 2020-ci ildə müzəffər Azərbaycan ordusu  Prezident, Ali Baş Komandan cənab  İlham Əliyevin qətiyyəti  sayəsində 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımız 44 gün ərzində  işğaldan azad olundu. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.     
 

Xalidə Hüseynova, 
Salyan rayon Yenikənd kənd Uşaq musiqi məktəbinin direktoru, YAP fəalı